Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4922/2024 13.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4325,59 AZN məbləğində əsas borc və 115 AZN məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında malların alqı-satqısına dair xx.xx.2023-cü il tarixli №4603/23M nömrəli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh MMC isə alıcı qismində çıxış etmişdir. Mallar qəbul edilərkən alıcı tərəfindən yoxlanılmış, keyfiyyət, miqdar,çeşid fərqi və ya hər hansı bir çatışmazlıq aşkar edilməmişdir. Beləliklə, iddiaçı bağlamış olduğu müqavilənin bütün tələbləri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş və malları tam şəkildə alıcıya təhvil vermişdir. Müqavilə şərtləriəsasında mallar alındıqdan sonra Alıcı müqavilə ilə şərtləşdirilmiş şəkildə malların dəyərini ödəməli idi. Elektron qaimə və “Malların təhvil qəbul” aktından aydın olur ki, xx.xx.2023-cü il tarixində Satıcı tərəfindən ümumilikdə 11.806,79 AZN (ƏDV daxil) məbləğində mallar Alıcıya satılmışdır. Alıcının Satıcıya etdiyi ödənişləri təsdiq edən çıxarışlardan görünür ki, 3.941,20 AZN (ƏDV daxil) təşkiledən məbləğ, həqiqətən də,İddiaçı MMC-yə köçürülmüşdür. Lakin, Alıcı müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi qismən yerinə yetirmişdir. Belə ki, malların dəyərini təşkiledən 11.806,79 AZN (ƏDV daxil) məbləğindən Cavabdeh MMC 3.941,20 AZN (ƏDV daxil) təşkil edən məbləğ köçürülmüş, qalan məbləğ olan 7.865,59 AZN isə bu günki günə qədər cavabdeh tərəfindən ödənilməyib. Cavabdehin iddiaçıya olan əsas borcundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli №4603/23M nömrəli müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında(lakin Malın dəyərinin 20 %- dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Beləliklə, ödənilməmiş malların dəyərini 7.865,59 AZN təşkil edir, həmin məbləğin 20 faizi 1.537,11 AZN təşkil edir və bu məbləği dəbbə pulu kimi əsas borca hesablansa, ümumilikdə 7.865,59 + 1.537,11 = 9.438,70 AZN tələb məbləği yaranmışdır. Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli №001550 saylı müqavilə üzrə borc məbləğinin ödənilməsinə dair pretenziya məktubu ünvanlanmış və həmin məktubda bildirilmişdir ki, borcun 10 (on) iş gün müddətində ödənilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Məktub cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki məktuba bir cavab alınmışdır. xx.xx.2023-cü il tarixli №4603/23M nömrəli müqavilənin 3.1.1-ci bəndi satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsinin alıcıdan tələb etmək hüququnu qeyd edir, 3.4.1-ci bəndi isə alıcının malı qəbul etdikdən sonra müəyyənləşdirilmiş pul məbləğinin müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək öhdəliyini nəzərdə tutur. Lakin bugünədək cavabdeh tərəfindən alınmış malın dəyəri ödənilməmiş və alıcı faktiki olaraq müqavilə üzrə nəzərdə tutulan öhdəliyi icra etməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 442, 445.1, 448.1, 567, 598, 600-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı etiraf edərək qeyd etmişdir ki, iddia tələbində qeyd edilən azalmadan sonra qalıq ümumi məbləğ ƏDV daxil 4325,59 manat məbləğində borcu və 115 manat dövlət rüsumunu qəbul edir, borcun etiraf etmənin hüquqi nəticələri ona aydındır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: 08 sentyabr 2023-ci il tarixli 4603/23M nömrəli alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satır, “Alıcı” isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə Malın dəyərini “Satıcı”ya ödəməyi və malları qəbul etməyi öz öhdəsinə götürür. Malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X2”larında öz əksini tapacaqdır. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, təhvil verilmə müddəti, ödəniş qaydası və ödəniş müddəti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1” ilə müəyyən edilir. Müqavilənin 2.2-ci bəndinə əsasən Qiymətlərin razılaşdırılması barədə protokol Satıcı tərəfindən elektron şəkildə müvafiq QR kodu ilə tərtib edilərək informasiya texnologiyaları resursları vasitəsilə və ya kağız formatında olduqda isə imza və möhürlə təsdiqi formada Alıcıya göndəriləcəkdir. X3nun Alıcıya göndərildikdən sonra Alıcı tərəfindən onun cavablandırılması üçün 3 iş günü müəyyən edilir. Elektron sənəd dövriyyəsi halında Alıcı tərəfindən ya təsdiq, ya da imtina məzmunlu mail daxil olmalıdır. Təsdiq maili daxil olduqda Satıcı tərəfindən mal buraxılışı həyata keçiriləcək, imtina maili daxil olduqda isə Alıcı tərəf protokolda qeyd edilən hallarda dair öz mülahizəsini bildirə bilər. Bu halda tərəflər arasında təsdiq əldə edilənədək malların buraxılışı dayandırılacaqdır. X3 elektron qaydada göndərildiyi halda onun Satıcı və Alıcı tərəfindən əlavə olaraq canlı imza ilə imzalanmasına və möhürlənməsinə zərurət yoxdur. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı malın təhvil verilməsi ilə birlikdə zəruri olan sənədləri Alıcıya təqdim etməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən Alıcı tərəfindən Malın dəyərinin ödənilməsi hesab faktura təqdim olunduqdan sonra 100 faiz öncədən avans şəklində Azərbaycan Respublikası milli valyutası olan manatla həyata keçirilir. O cümlədən, Satıcı tərəfindən təqdim edilmiş malların dəyərinin ödənilməsi üçün elektron qaimə təqdim ediləcəkdir. Qaiməni alan Alıcı tərəfindən təsdiq düyməsi basılıbsa və sonradan elektron vergi sistemində ləğv edilməyibsə bu qaimə üzrə təqdim edilmiş malların alıcı tərəfindən qəbul edilməsi mənasını daşıyacaqdır. Müqavilənin 8.4-ci bəndinə görə Malın məbləğinin vaxtında ödənilməməsi halında Alıcı Satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1 faizi miqdarında (lakin Malın dəyərinin 20 faizindən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Müqavilənin 10.1-ci bəndin əsasən müqavilə tərəflər arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək bağlanılmışdır. xx.xx.2023-ci il tarixli malların təhvil-qəbul aktına əsasən Cavabdeh MMC tərəfindən 11806,79 (ƏDV daxil olmaqla) manat dəyərində mallar təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-xx.xx.2024-cü il tarixinədək qarşılıqlı əməliyyatlar üzrə 01 iyul 2024cü il tarixinə İddiaçı MMC-nin Cavabdeh MMC-yə 7865,59 manat kreditor alacağının olması təsdiq edilmişdir. EBDS seriyalı, 696875 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 11806,79 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 1200 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 345 manat ödəniş edilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixində 295 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 115 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, üzləşmə aktı və s.) öz təsdiqini tapmış, cavabdehin nümayəndəsi ödənilməmiş məbləği qəbul etdiyini bildirmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq cavabdeh tərəfin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehin nümayəndəsi iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin edilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 115 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4325 manat (dörd min üç yüz iyirmi beş) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borc, habelə ödənilmiş 115 (yüz on beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4922/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4922/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver