Məhkəmə qərarları › İş №e-2-2(113)-4925/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4925/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4925/2025 22.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı minik avtomobillərinin satışı və bununla bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan fərdi sahibkardır.

2. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, AS 10/2024 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı (iddiaçı) bu müqavilənin əlavələrində göstərilən malları satmağı və ya xidmətlər göstərməyi, alıcı (cavabdeh) isə bu müqavilənin ayırlmaz tərkib hissəsi olan və müaviləyə edilən əlavələrdə (qiymət razılaşma protokolunda) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları və ya xidmətləri satıcıdan almağı və bunun müqabilində sonuncuya müvafiq qiymət razılaşması protokolunda nəzərdə tutulmuş qiyməti ödəməyi öhdəsinə götürür. Müqaviləyə əsasən qiymət razılaşması protokolunda xüsusi şərtlər də nəzərdə tutula bilər. Müqavilə tərəflərin rəhbər şəxslərinin (iddiaçının özü) imzaları ilə təsdiq edilmiş, iddiaçının möhürü vurulmuş, cavabdeh Cəmiyyətin möhürü vurulmamışdır.

3. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin: 3.1. 2.1-ci bəndinə görə malların və ya xidmətlərin qiyməti tərəflər arasında qarşılıqlı razılaşdırılma əsasında qiymət razılaşdırılma protokollarında (Sifariş) müəyyən olunur; 3.2. 2.2-cü bəndinə görə Sifariş üzrə malların və ya xdmətlərin dəyəri təhvil-təslim aktı imzalandıqdan sonra 10 iş günü ərzində Əlavədə göstərilən malın və ya xidmətin dəyəri təhvil verildikdən sonra alıcı tərəfindən satıcının hesabına köçürmə yolu ilə ödəniləcəkdir; 3.3. 2.3-cü bəndinə görə malların təqdim olunması və xidmətlərin göstərilməsi satıcı tərəfindən alıcıya (iddiaçı tərəfindən cavabdehə) qaimə-fakturanın və aktın təqdim edilməsi anı sayılır. Hər bir sifariş üzrə təqdim edilən fakturada malların və ya görülmüş işlərin ayrı-ayrılıqda qiyməti və ümumi faktura məbləği göstərilməlidir; 3.4. 2.5-ci bəndinə görə ödənişin həyata keçirilməsi üçün hər ayın sonunda üzləşmə aktı təqdim edilməlidir; 3.5. 3.1-ci bəndinə görə mal və ya xidmət satıcı tərəfindən alıcıya müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən qiymət razılaşma protokollarında göstərilən müddətdə təhvil verilir. 3.6. 3.3-cü bəndinə görə mal və ya xidmət təhvil verilərkən təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri), təhvil-təslim aktını imzalayırlar; 3.7. 8.6-cı maddəyə görə bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və xx.xx.2025-ci il tarixinədək qüvvədə qalır.

4. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış 04 nömrəli X2 əsasən bir ədədinin qiyməti 540 manat olan, ümumi 2160 manat dəyərində 4 ədəd malın (DOUBLESTAR 315/70R22. 5 DSR08A) qiyməti və xx.xx.2024-cü tarixdə cavabdehə çatdırılması razılaşdırılmış, xx.xx.2024-cü il tarixdə isə həmin malın təhvili barədə təhvil-təslim Aktı imzalanmışdır. Həm qiymətlərin razılaşdırılması protokolu, həm də təhvil-təslim Aktı tərəflərin səlahiyyətli nümayəndələri (iddiaçının özü) tərəfindən imzalanmış, iddiaçının möhürü ilə təsdiq edilmiş, cavabdeh Cəmiyyətin möhürü isə vurulmamışdır. Həmçinin iddiaçı tərəfindən cavabdehə 2160 manat dəyərində qeyd edilən mala dair MT2410 seriyalı, 10823794 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.

5. Eyni zamanda, Tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmış 05 nömrəli X1 əsasən bir ədədinin qiyməti 570 manat olan, ümumi 2280 manat dəyərində 4 ədəd malın (TRACMAX 385/65R22.5) qiyməti və xx.xx.2024-cü il tarixdə cavbdehə çatdırılması razılaşdırılmış, xx.xx.2024-cü il tarixdə isə həmin malın təhvili barədə təhvil-təslim Aktı imzalanmışdır. Həm qiymətlərin razılaşdırılması protokolu, həm də təhvil-təslim Aktı tərəflərin səlahiyyətli nümayəndələri (iddiaçının özü) tərəfindən imzalanmış, iddiaçının möhürü ilə təsdiq edilmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə 2280 manat dəyərində qeyd edilən mala dair MT2410 seriyalı, 10904906 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaimə göndərilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı 4440 manat əsas borcun və 64,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində göstərmişdir ki, minik avtomobillərinin ehtiyat hissələrinin satışı ilə məşğul olan fərdi sahibkaram. 01 oktyabr 2024-cü il tarixdə Cavabdeh ilə aramızda AS 10/2024 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mən müqavilənin əlavələrində göstərilən malları satır və ya xidmətləri göstərirəm, cavabdeh isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən əlavələrdə (qiymət razılaşma protokolunda) göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları və ya xidmətləri məndən alır və bunların müqabilində müvafiq qiymət razılaşma protokolunda nəzərdə tutulmuş məbləği ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən sifariş üzrə malların və ya xidmətlərin dəyəri təhvil-təslimaktı imzalandıqdan sonra 10 (on) iş günü ərzində Alıcı tərəfindən Satıcının hesabına köçürmə yolu ilə ödəniləcəkdir. 11 oktyabr 2024- cü il tarixli 4 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən 1 ədədinin dəyəri 540,00 manat olmaqla ümumi dəyəri 2160,00 manat olan 4 ədəd DOUBLESTAR 315/70R22. 5DSR08A və 5 nömrəli qiymətlərin razılaşma protokoluna əsasən isə 1 ədədinin dəyəri 570,00 manat olmaqla, ümumi dəyəri 2280,00 manat olan 4 ədəd TRACMAX 385/65R22.5 12 oktyabr 2024-cü il tarixdə cavabdehə göndəriləcəyi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə imzalanan müvafiq təhviltəslim aktlarından da göründüyü kimi sözügedən mallar vaxtında cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh təhvil-təslim aktlarının imzalandığı vaxtdan 7 aydan çox keçməsinə baxmayaraq hələ də hər iki qiymətlərin razılaşma protokolunda qeyd edilən malların ümumi dəyəri olan 4440,00 manat məbləği bank hesabıma köçürməmişdir. Bu müddət ərzində cavabdehin nümayəndəsi ilə dəfələrlə əlaqə saxlasam da, onlar ödəniş etməkdən boyun qaçırırlar. Mən mübahisənin məhkəməyəqədər danışıqlar yolu ilə həll olunması üçün cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərib, müvafiq məbləğin 5 gün ərzində ödənilməsini təklif etmişəm. Lakin cavabdeh pretenziya məktubuna münasibət bildirməmiş və ödənişi həyata keçirməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi

10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

21. Qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

23. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı öhdəliyini yerinə yetirərək cavadehin sifariş etdiyi malları ona təhvil vermişdir. İşin bu halı tərəflərin xx.xx.2024-cü il tarixdə imzaladıqları hər birində 4 ədəd malın (TRACMAX 385/65R22.5) və (TRACMAX 385/65R22.5) təhvil verilməsi barədə Təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Beləliklə, şərh edilənlərdən görünür ki, iddiaçı müavilə öz öhdəliyini tam icra edərək malları təhvil vermişdir.

24. Lakin iş materiallarına əsasən müəyyən edir ki, mallar təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməmiş, aldığı malların dəyərini ödəməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqvailə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 2.2-cü bəndinə əsasən Sifariş üzrə malların və ya xidmətlərin dəyərini təhvil-təslim aktı imzalandıqdan sonra 10 iş günü ərzində satıcının hesabına köçürmə yolu ilə ödəməyə dair öhdəlik götürmüş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır.

25. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 64,4 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. 4440 manat borc və 64,40 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar