Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4928/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas maddi zərər 236339,01 manat, işgüzar nüfuza vurulan zərər 50000 manat, uçot faiz dərəcəsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 8.25% bank uçot dərəcəsi hesablanaraq 4964,83 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 7.75% bank uçot dərəcəsi hesablanaraq 4663,95 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 272924 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 462153 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 088156 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 saylı qaimə və xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 248745 saylı qaimələr üzrə 18902,7 manat, gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında cərimə 91738,7 manat, dəbbə pulu (penya) 100000 manat, ödənilmiş dövlət rüsumu 810 manat olmaqla, ümumilikdə 507419,19 manatın (beş yüz yeddi min dörd yüz on doqquz manat on doqquz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 fevral 2022-ci il tarixində satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********, direktor Qanuni nümayəndə2) ilə alıcı Cavabdeh (VÖEN **********, direktor X1) arasında 04/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti satıcının istehsal etdiyi və ya satış məqsədi ilə standartlara uyğun satışa çıxardığı balıq və balıq məhsullarını alıcının mülkiyyətinə verilməsindən, alıcının isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyindən ibarət olmuşdur. Qeyd olunan müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən malın satış qiyməti ümumi razılaşdırma əsasında müəyyənləşdirilir. Malın qiymətinə bütün xərclər (daşıma və s.) daxildir. Alıcı tərəfindən malın dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin satıcının hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur. 01 noyabr 2023-cü il tarixində tərəflər arasında eyni predmetə dair AP-28/2022 saylı yeni alqı-satqı müqaviləsi bağlanmışdır. Hər iki müqavilənin müddəti 1 (bir) il müəyyən edilmişdir. Satıcı tərəfindən müqavilələrin şərtlərinə uyğun olaraq alıcıya elektron qaimə əsasında bütün tələblərə və standartlara cavab verən mallar göndərilmiş, mallar alıcı tərəfindən qəbul edilmiş və göndərilmiş mallarla bağlı satıcıya heç bir irad bildirilməmişdir. Cavabdeh 20 noyabr 2024-cü il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 266339,01 manat (iki yüz altmış altımin üç yüz otuz doqquz manat bir qəpik) əlavə dəyərlə birlikdə borcu yaranmışdır. Bundan sonra cavabdeh tərəfindən 15000 (on beş min) manat ödənilmişdir. Cavabdeh 01 yanvar 2025-ci il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 251339,01 manat (iki yüz əlli bir min üç yüz otuz doqquz manat bir qəpik) əlavə dəyərlə birlikdə borcu yaranmışdır. Bildirilir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu qaldığından cavabdehə pretenziya göndərilərək, borcun ödənilməsi tələb olunmuşdur. Bundan sonra cavabdeh tərəfindən 15000 (on beş min) manat ödənilmişdir. Bu borcun mövcudluğunu cavabdehin məsul işçiləri də etiraf və təsdiq etmişlər. Dəfələrlə cavabdehə müxtəlif vasitələrlə (şəxsən cavabdehin ofisinə getmək, telefon, elektron daşıyıcı, məktub, pretenziya göndərmək) bildirilmişdir ki, yaranmış borcu qaytarmaq lazımdır. Cavabdeh hər dəfə borcu ödəyəcəyini bildirməsinə baxmayaraq, bu pulu ödəməkdən yayınmışdır. Cavabdehin hərəkətləri nəticəsində Cəmiyyətə xüsusi ilə külli miqdarda maddi və işgüzar nüfuzlarına əhəmiyyətli və təsirli zərər yetirilmiş, eynizamanda da qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh maddi hüquq normalarının (MM-nin 21,425-ci maddələri) tələblərini kobud surətdə pozaraq vicdanlılığın tələb etdiyi tərzdə yox, bu meyarlara uyğun olmayan tərzdə hərəkət etmiş, müqavilənin yerinə yetirlməsi üçün zəmin yaratmamış, əksinə, ona maneçilik etmiş, müqavilənin icrasını təhlükəyə qoymuşdur. Beləliklə, sübuta yetirilir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilmir, qanunsuz olaraq "xxxx" MMC-nin pulu cavabdeh tərəfindən saxlanılır və bununla da, Cəmiyyətə külli miqdarda maddi, əhəmiyyətli dərəcədə mənəvi zərər yetirilir, işgüzar nüfuzuna xələl gətirilir. Cavabdehin vaxtında malın dəyərini ödəməməsi onların da digər əlaqəli hüquqi şəxslər qarşısında götürdüyü öhdəliklərin pozulması ilə nəticələnir ki, buna görə uzun müddət böyük çətinliklərlə qurduqları işgüzar əlaqələri pozulur və nəhayətində fəaliyyətlərində çətinliklər yaranır ki, bu da maddi itkilər və etibarın itirilməsi ilə yekunlaşır. Müqavilənin şərtlərinə əsasən malların təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1% miqdarında cərimə ödəməlidir. Bu cür yanaşma alıcının malın dəyərini vaxtında ödənilmədiyi hallara da şamil edilməlidir, yəni belə hallarda alıcı alınmış malların ödənilmədiyi məbləğinin hər gecikdirilən gün üçün satıcıya 0.1% miqdarında cərimə ödəməlidir. Gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında cərimə 91738,7 manat təşkil edir. (251339,01 x 0.1 = 25133,90 x 2024-cü ilin 365 gününə = 91738,7 manat) 01 noyabr 2023-cü il tarixli, AP-28/2022 saylı alqı-satqı müqavilənin 9.2-ci bəndinə əsasən müqavilənin icrasından irəli gələn və ya ona aid mübahisələr 30 (otuz) təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilmədiyi təqdirdə, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 425.2, 430.1, 441.1, 441.2, 443.1, 448.1, 448.2, 449.1, 449.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər əvvəlki pretenziyalarındakı dəlillərlərdən başqa bir şey deyildir. Tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil edilmiş, onunla pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların təhvil verilmədiyi, həmin malları almadıqlarını, əgər doğrudan da həmin malları təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsini, malların müqavilə şərtlərinə uyğun, yəni təhvil-təslim aktları ilə təhvil verilməsini təsdiq edən sənədlərin təqdim edilməsi müzakirə edilsə də, təəssüf ki, iddiaçı tərəf hazıradək belə sübutları təqdim etməmişdir. Bağlanmış müqavilənin 2.4-cü maddəsinə görə satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür. Həmin müqavilənin 2.5-ci maddəsinə görə, satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinin 1-ci cümləsinə görə, malların alıcıya təhvil verilməsi tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladığı, tərəflərin hər birində bir nüsxə saxlanılmaqla satıcı tərəfindən 2 nüsxədə tərtib edilən təhvil-təslim aktı ilə rəsmiləşdirilir. İddiaçı təqdim etdiyi iddia ərizəsində tələb etdiyi məbləğ üzrə malların alıcı olaraq cavabdehə çatdırılmasını və ya təhvil verilməsini yalnız elektron qaimələrlə təsdiq olunduğunu bildirir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi elektron qaimələr sistem üzərindən təsdiq edildiyindən və onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzaları olmadığından və ya malın alıcı olaraq cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən təhvil-təslim aktı olmadığından və ümumiyyətlə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bununla bağlı hər hansı sənəd əlavə edilmədiyindən, o cümlədən belə sənədlər nə görüş zamanı, nə də ki, sonradan cavabdehə təqdim edilmədiyindən iddia tələbi əsassız hesab edilir. Göndərilmiş elektron qaimələr isə müqavilənin 2.4-cü maddəsinə görə yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilməli olduğundan, vaxtında bu xüsusatlara zəruri diqqət yetirilməmişdir. Lakin istənilən halda bağlanmış müqavilə üzrə elektron qaimələr yalnız dəyəri ödənilmiş mallara görə təqdim edilə, malların alıcıya təhvil verilməsi isə yalnız tərəflərin səlahiyyətli nümayəndələrinin imzaladıqları təhvil-təslim aktı əsasında müəyyən edilə bilərdi. Göründüyü kimi, iddia tələbində göstərilən məbləğdə malların alıcı olaraq cavabdehə təqdim edilməsini təsdiq edən heç bir mötəbər dəlil yoxdur. Ona görə də iddia tələbinin rədd edilməsi xahiş edilir. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 04/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı istehsal etdiyi və ya satış məqsədi ilə standartlara uyğun satışa çıxardığı balıq və balıq məhsullarını alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, malın haqqını müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada ödəməyi öhdəsinə götürür; 1.3-cü bəndinə əsasən satıcı malı müqaviləyə uyğun olaraq alıcının müəyyən etdiyi yerdə alıcıya təhvil verməyi öhdəsinə götürür, 2.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır; 2.4-cü bəndinə əsasən alıcının malı qəbul edib əvəzində isə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini ödəmək vəzifəsi vardır; 3.1-ci bəndinə əsasən malın satış qiyməti ümumi razılaşma əsasında müəyyənləşdirilir və qiymətlərin razılaşdırılması protokolunda qeyd olunur. Malın qiymətinə bütün xərclər daxildir; 3.2-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi köçürmə yolu ilə həyata keçirilir və pul vəsaitinin satıcının hesablaşma hesabına köçürüldüyü an ödəniş öhdəliyinin icra edilməsi anı hesab olunur; 3.5-ci bəndinə əsasən müqavilənin şərtləri pozulduğu halda vurulan zərər və ya hesablanmış cərimə bu müqavilənin 2.2.4-ci bəndində göstərilmiş qaydada “Satıcı” tərəfindən ödənilmədikdə həmin məbləğ “Alıcı”ya təhvil verilmiş malın satılan hissəsindən mədaxil olunmuş vəsaitdən tutulacaqdır; 4.4-cü bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Bu müddət bitdiyi zaman tərəflər 30 gün ərzində bir-birini müqavilənin ləğvi haqqında yazılı şəkildə məlumatlandırmadıqda hazırkı müqavilə avtomatik surətdə növbəti bir il müddətinə uzadılır. Bu müqavilənin qüvvədə olma müddəti başa çatanda tərəflərin əlaqədar hesablaşma apardığı mala görə ödənişlərə, o cümlədən müvafiq zərərlərə aid şərtləri öz qüvvəsini itirmir. Tərəflərdən hər biri digər tərəfi 30 gün qabaqcadan yazılı formada xəbərdar etməklə müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. Satıcı İddiaçı MMC ilə satıcı Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, AP- 28/2022 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə qaydası və təhvil verilmə müddəti hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr razılaşma protokollar ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması, alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir; 2.3-cü bəndinə əsasən malların dəyərinin ödənilməsi tarixi ödəniş məbləğinin satıcının hesablaşma hesabına köçürülməsi üçün sərəncamın verildiyi an hesab olunur; 2.4-cü bəndinə əsasən satıcı dəyəri ödənilmiş malların elektron qaiməsıni alıcıya təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür; 2.5-ci bəndinə əsasən satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir; 2.6-cı bəndinə əsasən malların dəyərinin ödəniş qaydası protokolda göstərilir; 5.2-ci bəndinə əsasən malları təhvil aldığı tarixdə yoxlayıb, təhvıl-təslim aktını iki nüsxədə imzalamaqla və bır nüsxəsini satıcıya təqdim etməklə qəbul etmək və ya malların kəmiyyət və ya keyfiyyətində hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə təhvil-təslım aktında müvafiq qeyd apararaq, malları təhvil almaq və yaxud onları təhvil almaqdan imtina etmək (5.2.1); təhvıl-təslim anından sonra mallarda hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə, bu barədə satıcıya xəbərdarlıq etmək (5.2.2); təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə odəmək alıcının öhdəliklərinə aid edilmişdir; 6.2-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən, müqavilədən və alqı-satqının mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar 6.3-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiıliyinə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 67613,31 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 272924 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 43654,2 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 462153 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9048,04 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.
12. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 64900 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.
13. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 088156 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 146000 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2022-ci il tarixli, 04/22 nömrəli müqavilə qeyd edilmişdir.
14. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 248745 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29757 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, DQ-0590 nömrəli müqavilə qeyd edilmişdir.
15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 6299,42 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBCL seriyalı, 820619 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 40000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDV seriyalı, 681937 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 10000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
21. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 15000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən ödəniş qeyd edilmişdir.
22. İş materiallarına "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1592 nömrəli arayış (kredir götürülməsi ilə bağlı) və balıq məhsullarının iddiaçının adına ölkəyə idxalına dair gömrük bəyannamələri əlavə edilmişdir.
23. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 04/22 saylı alqı-satqı müqaviləsinə əsasən aparılmış qarşılıqlı əməliyyatların hesabatı haqqında arayışa əsasən elektron qaimələr üzrə göndərilmiş malların ümumi dəyəri 360972,56 manat, bank hesablarına qaimələr üzrə ödənilən vəsait 124633,55 manat, xx.xx.2025-ci il tarixə Cavabdeh MMC-nin "xxxx" MMC-yə ödənilməmiş borcu 236339,01 manat təşkil edir.
24. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışda qeyd olunur ki, malların göndərilməsi və ödənilməsi ilə əlaqədar göstərilmiş elektron qaimə fakturalar (EQF) Vergi Məcəlləsinin 16-1.11-6 maddəsinə əsasən Cavabdeh MMC-yə onlayn elektron sistem ilə göndərilmişdir. EQF-nin əhatə etdiyi dövr 2022-2023-cü illəri əhatə edir. Göndərilmiş EQF-də malların qəbulu haqqında Cavabdeh MMC tərəfindən bu illər ərzində (düzəlişə göndərmək, tam qaytar, ləğvini tələb et və qismən qaytar) kimi qeydlər aparılmamışdır. Bunun da nəticəsində göndərilmiş EQF-lar üzrə bu günkü günə 236339.01 AZN debitor borcu yaranmışdır. Yaranmış debitor borclar üzrə məbləğlər aylıq ƏDV və illik mənfəət vergisi bəyannamələrində artan yekunla (2022-ci il üzrə-154682,36 AZN, 2023-ci il üzrə- 236339.01 AZN) hesablanaraq vergi orqanına təqdim edilmişdir. Hal hazırda yaranmış debitor borcu üzrə vergiyə ƏDV-18%-32792 AZN, mənfəət vergisi-20%- 9100 AZN, Cəmi-41892 AZN vergi borcu yaranmışdır.
25. İddiaçının cavabdehə elektron qaimələrin göndərilməsi ilə bağlı təqdim etdiyi çıxarışlardan görünür ki, həmin qaimələrdən 4-ü - EBCL820619 saylı, EBDB272924 saylı, EBDB462153 saylı, EBDV681937 saylı elektron qaimələr cavabdehin özü tərəfindən, 2-si isə - EBDW088156 saylı, EBDW248745 saylı elektron qaimələr isə sistem tərəfindən təsdiqlənmişdir. Sistem tərəfindən təsdiqlənmiş EBDW088156 saylı elektron qaimə (məbləğ 146000 manat) üzrə qismən – 70000 manat ödəniş edilmiş, EBDW248745 saylı elektron qaimə üzrə isə heç bir ödəniş edilməmişdir.
26. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 251339,01 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
27. Cavabdeh tərəfindən mübahisə ilə bağlı olmayan, ödənişi edilən, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, etirazın əsası kimi istinad etdiyi halların sübutu qismində 3 elektron qaimə - xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 315262 nömrəli (məbləğ 6500,03 manat), xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 545053 nömrəli (məbləğ 61176,5 manat), xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 033905 nömrəli (məbləğ 14469 manat) elektron qaimə təqdim olunmuşdur. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş borcun ödənilməsi məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiya). 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən sonrakı redaksiya). 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 466.2-ci maddəsinə əsasən qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
30. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqavisindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqısatqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilələr üzrə müəyyən vaxtlarda, hazırkı mübahisə ilə bağlı olmayan malların Cavabdeh MMC-yə təhvil verilməsi və Cavabdeh MMC tərəfindən müəyyən ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı Cavabdeh MMC-nin müqavilə üzrə qalıq borcunun qaldığını bildirmiş, cavabdeh isə iddiaçı tərəfindən tələb edilən məbləğin əvəzi olan malların müqavilə şərtlərinə uyğun olaraq təhvil verilmədiyini və cavabdehə borcunun qalmadığını bildirərək iddiaya etiraz etmişdir.
31. İddia tələbinin bir hissəsini cavabdehdən 236339,01 manat pul vəsaitinin tutulması təşkil edir.
32. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam şəkildə ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının qalıq məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 236339,01 manat (iki yüz otuz altı min üç yüz otuz doqquz manat bir qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır.
33. Belə ki, hazırkı mübahisə üzrə cavabdehə göndərilmiş 6 elektron qaimə üzrə göndərilmiş malların ümumi dəyəri 360972,55 manat (67613,32+43654,2+9048,04+64900+146000+29757=360972,55), həmin elektron qaimələr üzrə iddiaçının bank hesabına ödənilən vəsait 116299,42 manat (6299,42+40000+15000+10000+15000+15000+15000=116299,42) təşkil etmişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 nömrəli elektron qaimə üzrə ƏDV məbləğindən 7200 manat, xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 nömrəli elektron qaimə üzrə 1134,13 manat məbləğin də ödənildiyini bildirmiş, beləliklə, ümumilikdə 124633,55 manat məbləğində vəsaitin cavabdeh tərəfindən ödənildiyini etiraf etmişdir. Belə olduğu təqdirdə Cavabdeh MMC-nin "xxxx" MMC-yə ödənilməmiş borcu 236339,01 manat (360972,56-124633,55=236339,01) təşkil edəcək. Məhkəmənin qənaətinə əsasən ödənilməmiş qalan həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Eyni zamanda iddiaçının həmin hissəyə münasibətdə etirazı əsassız sayılmalıdır. Belə ki, cavabdeh etirazında qeyd etmişdir ki, tərəflər arasında yaranmış anlaşılmazlığı məhkəməyəqədər formatda həll etmək üçün bir neçə dəfə iddiaçı ilə görüşlər təşkil edilmiş, pretenziyada və iddia ərizəsində göstərilən qaimələrdəki malların təhvil verilmədiyi, həmin malları almadıqlarını, əgər doğrudan da həmin malları təqdim etdikləri halda hansı səbəbdən bu 2-3 il ərzində qeyd olunan malların dəyərinin ödənilməməsi ilə bağlı hər hansı bir xatırlatma və ya bildiriş göndərilməməsi, malların müqavilə şərtlərinə uyğun, yəni təhvil-təslim aktları ilə təhvil verilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi iddiaçıya bildirilmişdir. Cavabdeh müqavilənin 2.5-ci maddəsinə istina etmişdir (satıcı malları alıcıya təhvil verdiyi gün təhvil-təslim aktını alıcıya təqdim etməlidir). Hesab olunur ki, həmin hissədə etiraz əsassızdır. Belə ki, müqavilədə nəzərdə tutulsa da, belə təhvil-təslim aktları ümumiyyətlə tərtib olunmamış, bununla baqlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Ödənişi tam və ya qismən edilmiş qaimələr üzrə də təhvil-təslim aktları tərtib olunmamışdır. Tərəflər arasında yaranmış işgüzar münasibətlərdə bu cür aktlar tərtib olunmamışdırsa, hazırkı mübahisə üzrə də cavabdeh tərəflərin əməl etmədikləri müqavilə şərtinə istinad etməkdə haqlı sayıla bilməz.
35. Bundan əlavə, cavabdeh etirazın əsaslarından biri kimi müqavilənin 2.4-cü bəndinə istinad etmişdir (satıcı dəyəri ödənilmiş malların elektron qaiməsini təqdim edir, lakin malları alıcıya lazım olan vaxta qədər öz anbarında saxlamağı öhdəsinə götürür). Hazırkı mübaisə üzrə həmin şərtə də tərəflər əməl etməmişlər. Belə ki, tədqiq edilən sübutlarla təsdiq olunur ki, elektron qaimə göndərilmiş, sonra ödəniş olunmuşdur. Belə ki, təqdim olunmuş ödəniş sənədlərinin tarixindən görünür ki, həmin ödənişlər qaimələrin göndərilməsindən sonra edilmişdir. Ona görə cavabdehin etirazı həmin hissədə də əsassızdır.
36. Eləcə də, cavabdeh elektron qaimələrin sistem üzərindən təsdiq edildiyini, onların üzərində müqavilədə nəzərdə tutulmuş səlahiyyətli şəxslərin iddia olunan malı qəbul etməsini təsdiq edən imzalarının olmadığını qeyd edərək, iddiaya etiraz etmişdir. Cavabdeh tərəfindən mübahisə ilə bağlı olmayan, ödənişi edilən, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş, etirazın əsası kimi istinad etdiyi halların sübutu qismində 3 elektron qaimə - xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 315262 nömrəli (məbləğ 6500,03 manat), xx.xx.2022-ci il tarixli, EBCK seriyalı, 545053 nömrəli (məbləğ 61176,5 manat), xx.xx.2022-ci il tarixli, EBCM seriyalı, 033905 nömrəli (məbləğ 14469 manat) elektron qaimə təqdim olunmuşdur. Lakin həmin hal, cavabdeh tərəfindən təqdim olunan həmin sübutlar da iddianın qeyd olunan hissədə rədd olunması üçün əsas ola bilməz və etiraz həmin hissədə əsassız hesab olunmalıdır. Belə ki, 6 elektron qaimənin göndərilməsi ilə bağlı təqdim olunan çıxarışlardan görünür ki, həmin qaimələrdən 4-ü - EBCL820619 saylı, EBDB272924 saylı, EBDB462153 saylı, EBDV681937 saylı elektron qaimələr cavabdehin özü tərəfindən təsdiqlənmiş, yalnız 2-si - EBDW088156 saylı, EBDW248745 saylı elektron qaimələr sistem tərəfindən təsdiq olunmuşdur. Sistem tərəfindən təsdiqlənmiş EBDW088156 saylı elektron qaimə (məbləğ 146000 manat) üzrə qismən – 70000 manat ödəniş edilmişdir. Təqdim olunmuş elektron qaimələrin tərəflərin imzası və möhürü ilə təsdiq edilməməsi iddianın qeyd olunan hissəsinin əsassız sayılması üçün əsas ola bilməz. Əvvəla, ona görə ki, həmin elektron qaimələr qəbul olunaraq, 3-ü üzrə qismən ödənşlər edilmişdir. Göndərilmiş qaimələr düzəlişə göndərilməmiş, qaytarılmamış, ləğvi tələb edilməmişdir. Ən sası isə ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 251339,01 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmiş, bununla bağlı iddiaçıya heç bir etiraz bildirilməmiş, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına EBDW seriyalı, 088156 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə qismən, 15000 manat ödəniş edilmişdir. Buna uyğun da iddiaçı cavabdehə qarşı 236339,01 manat məbləğində pul vəsaitinin tutulmasına dair tələb irəli sürmüşdür.
37. Qeyd olunanlara əsasən məhkəmə hazırkı nəticəyə gəlmişdir.
38. İddia tələbinin digər hissəsini işgüzar nüfuza vurulan 50000 manat zərərin cavabdehdən tutulması təşkil edir.
39. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, alqı-satqı müqavilələri üzrə cavabdehin borcunun yarandığı iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh tərəfindən həmin borcun ödənilməməsinin iddiaçının işgüzar nüfuzuna təsir etməsinə, bunun nəticəsində ona zərər vurulmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilən kreditlərin götürülməsinə dair arayışa gəlincə, əvvəla, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və belə kreditlər götürə bilər, digər tərəfdən həmin kreditlərin götürülməsinin hazırkı mübahisə ilə bağlılığına dair sübutıar təqdim olunmamışdır.
40. Bundan əlavə, iddiaçı uçot faiz dərəcəsi üzrə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 8.25% bank uçot dərəcəsi hesablanaraq 4964,83 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 820619 saylı qaimə üzrə 60179,77 manata 7.75% bank uçot dərəcəsi hesablanaraq 4663,95 manat, xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə kimi xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 272924 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDB seriyalı, 462153 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 088156 saylı qaimə, xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 681937 saylı qaimə və xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 248745 saylı qaimələr üzrə 18902,7 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı eyni zamanda cavabdehdən gecikdirilmiş ödənişlərə dair 0.1% miqdarında 91738,7 manat cərimə məbləği, eləcə də, 100000 manat dəbbə pulunun tutulmasını xahiş etmişdir.
41. Əvvəla qeyd olunmalıdır ki, ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə alıcı olan cavabdehin iddiaçıya ödənişin gecikdirməsi hallarına görə dəbbə pulu, cərimə ödəməsi öhdəliyi nəzərdə tutulmamışdır. Ona görə iddia həmin hissələrdə təmin olunmamalıdır.
42. Məhkəmənin qənaətinə əsasən iddia digər hissədə isə qismən təmin olunmalı, MM-nin 449-cu maddəsinə əsasən qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə cavabdehdən iddiaçının xeyrinə 11800 (on bir min səkkiz yüz) manat faiz məbləği tutulmalı, qalan hissə də isə təmin olunmamalıdır. Belə ki, əvvəla, qeyd olunmalıdır ki, yuxarıda da göstərildiyi kimi, tərəflər aralarındakı münasibətlərdə heç də həmişə müqavilə şərtlərinə uyğun hərəkət etməmişlər. 2022-ci ildə bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ vardır; 2.4-cü bəndinə əsasən alıcının malı qəbul edib əvəzində isə müəyyənləşdirilmiş müddət ərzində pul məbləğini ödəmək vəzifəsi vardır; 3.4-cü bəndinə əsasən təhvil verilmiş malın ödənişi müqaviləyə Əlavədə qeyd edilmiş şərtlərlə həyata keçiriləcəkdir (belə Əlavə məhkəməyə təqdim edilməmişdir). 2023cü ildə bağlanan müqavilənin 2.6-cı bəndinə əsasən malların dəyərinin ödəniş qaydası Protokolda göstərilir. Belə bir Protokol isə məhkəməyə təqdim edilməmişdir.
43. İddiaçı tərəfindən cavabdehə 2025-ci ilin fevral ayında pretenziya göndərilərək, yaranmış borcun ödənilməsi tələb edilmişdir.
44. Həmin hallar nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlir ki, həmin vaxtdan sonra qətnamə çıxarılan günə kimi 8 aylıq müddət üçün faiz məbləği hesablanaraq 11800 manat cərimə (236339,01X7:100:12X8ay=11800) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə əsassız olduğundan təmin olunmamalıdır.
45. Eləcə də, məhkəməyə ödənilmiş 810 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
46. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390,20 manat (üç yüz doxsan manat iyirmi qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 236339,01 manat (iki yüz otuz altı min üç yüz otuz doqquz manat bir qəpik) pul vəsaiti, 11800 (on bir min səkkiz yüz) manat cərimə, ödənilmiş dövlət rüsumuna görə 390,20 manat (üç yüz doxsan manat iyirmi qəpik) olmaqla, ümumilikdə 248529,21 manat (iki yüz qırx səkkiz min beş yüz iyirmi doqquz manat iyimi bir qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova