Məhkəmə qərarları › İş №e-2-2(113)-4929/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4929/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4929/2021 10.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 117447,44 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 17617,116 manat ödənişin, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 11744,744 manat məbləğində cərimənin, hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə 10.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflərin səlahiyyətli nümayəndələri məhkəməyə tərəflər arasında imzalanmış barışıq sazişini təqdim edərək, ayrı-ayrılıqda sazişin şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsini və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barışıq sazişinin məzmununa görə:

1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan bank uçot dərəcəsi kimi hesablanmış 17617,116 manat ödənişi, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 11744,744 manat cəriməni tam həcmdə cavabdehə güzəşt edir.

2. Cavabdeh iddiaçının pul tələbinə dair iddia tələbinin həcmini - əsas borc olaraq 117447,44 manat və hüquqi xidmətə görə ödənilmiş 1000 manat pul məbləğində qəbul edir.

3. Cavabdeh əsas borc olaraq 117447,44 manat və hüquqi xidmətə görə iddiaçının ödədiyi 1000 manat, cəmi 118447,44 manat məbləğində pulu 31 dekabr 2021-ci il tarixədək tam həcmdə iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. İddiaçı cavabdehin ona ödəməli olduğu pulun ümumilikdə 118447,44 manat məbləğində olmasını təsdiq edir və cavabdehə qarşı saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür. Məhkəmə barışıq sazişini müzakirə edərək, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokulu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tətəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir, iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. İddiaçı MMC iddia tələbinin tərkib hissəsi olan bank uçot dərəcəsi kimi hesablanmış 17617,11 manat (on yeddi min altı yüz on yeddi manat on bir qəpik) ödənişi, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 11744,744 manat (on bir min yeddi yüz qırx dörd manat yetmiş dörd qəpik) cəriməni tam həcmdə cavabdehə güzəşt edir.

2. Cavabdeh MMC İddiaçı MMC-nin pul tələbinə dair iddia tələbinin həcmini - əsas borc olaraq 117447,44 manat (yüz on yeddi min dörd yüz qırx yeddi manat qırx dörd qəpik) və hüquqi xidmətə görə ödənilmiş 1000 (bir min) manat pul məbləğində qəbul edir.

3. Cavabdeh MMC əsas borc olaraq 117447,44 manat (yüz on yeddi min dörd yüz qırx yeddi manat qırx dörd qəpik) və hüquqi xidmətə görə iddiaçının ödədiyi 1000 (bir min) manat, cəmi 118447,44 manat (yüz on səkkiz min dörd yüz qırx yeddi manat qırx dörd qəpik) məbləğində pulu 31 dekabr 2021-ci il tarixədək tam həcmdə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürür.

4. İddiaçı MMC Cavabdeh MMC-nin ona ödəməli olduğu pulun ümumilikdə 118447,44 manat (yüz on səkkiz min dörd yüz qırx yeddi manat qırx dörd qəpik) məbləğində olmasını təsdiq edir və Cavabdeh MMC-yə qarşı saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmür. İddiaçı MMC və Cavabdeh MMC-yə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri İddiaçı MMC və Cavabdeh MMC-nin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar