Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4940/2021 17.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı 07.01.2020-ci il tarixli, 13 nömrəli alğı-satqı müqaviləsi üzrə göndərilməyən mallara görə zərərin əvəzi olaraq pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, göndərilməyən mallara görə zərərin əvəzi olaraq 1.053.655,59 manat (ƏDV daxil) pul məbləğinin Cavabdehndən tutularaq İddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında 07.01.2020-ci il tarixində 13 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdehə armatur məmulatlarının alınması üzrə İddiaçı tərəfindən 25.12.2020-ci il tarixində 1.180.004,13 manat (ƏDV daxil olmaqla) məbləğində ödəniş edilmiş, lakin Cavabdeh tərəfindən bu günə qədər təqdim edilmiş malmaterialının dəyəri 129.314,43 manat (ƏDV daxil olmaqla) təşkil etmişdir. Beləliklə, cavabdehin iddiaçıya 1.053.655,59 manat (ƏDV daxil olmaqla) kreditor borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə 20 aprel 2021-ci il tarixində və 20 sentyabr tarixində qalıq malların təhvil verilməsi və ya pulun geri qaytarılmasının təmin edilməsi ilə bağlı məktub və pretenziya göndərilməsinə və aparılmış danışıqlara baxmayaraq, məsələnin həlli ilə bağlı heç bir nəticə əldə olunmamışdır. Beləliklə, iddiaçı müqavilə öhdəliklərini tam və qüsursuz yerinə yetirmişdir. Lakin cavabdeh müqavilə üzrə ödənişi həyata keçirməmiş və beləliklə, müqavilə öhdəliyini kobud şəkildə pozmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etmiş və ərizəsində göndərilməyən mallara görə zərərin əvəzi olaraq əsas borc üzrə 1.053.655,59 manat (ƏDV daxil olmaqla) pul məbləğinin və gecikdirmə faizi üzrə 43.902,30 manat pul məbləğinin Cavabdehndən tutularaq iddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (satıcı) ilə Cavabdeh (alıcı) arasında 07.01.2020-ci il tarixli mallar üzrə alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən alıcı aşağıda göstərilən şərtlərə uyğun olaraq Satıcıdan armatur yayması, (bundan sonra mal) almağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən satılan malın bir tonunun qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. 3.1-ci bəndinə əsasən satıcı tərəfindən göndərilən malın keyfiyyəti mövcud keyfiyyət standartlarına (DÜST 10-884-94. DÜST 57-81-82 və TU U 14-4-49 200) uyğun olmalıdır. 3.2-ci bəndinə əsasən malın göndərilməsi zamanı qaimə-laktura tərtib edilir və orada aşağıdakılar göstərilir: Malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında tərtib edilmiş təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən ƏDV daxil cəmi 51161,85 manat dəyərində 48.175 ədəd “Armatur F12” və “Armatur F14“ “X1 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyə təhvil verilmişdir. “X1 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında tərtib edilmiş təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən ƏDV daxil cəmi 26040,24 manat dəyərində 24.520 ədəd “Armatur F14 “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyə təhvil verilmişdir. “X1 Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında tərtib edilmiş təhvil-təslim aktına əsasən Cavabdeh MMC tərəfindən ƏDV daxil cəmi 52112,34 manat dəyərində 49.070 ədəd “Armatur F12” və “Armatur F14” “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 25 dekabr 2020-ci il tarixli 4046 saylı ödəniş tapşırığı ilə 07.01.2020-ci il tarixli müqaviləsi üzrə “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 1.000.003,50 manat məbləğində pul vəsaitləri Cavabdeh bank hesabına köçürülmüşdür. 25 dekabr 2020-ci il tarixli **********931096 saylı köçürmənin aparılması haqqında bildirişə əsasən 24.12.2020-ci il tarixli 323 saylı hesab-faktura üzrə “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 180.000,63 manat məbləğində pul vəsaiti Cavabdeh ƏDV subhesabına köçürülmüşdür. “X1 Sanayi və Ticarət Anonim Şirkəti”in Azərbaycan Respublikasındakı nümayəndəliyi pretenziya qaydasında məktubla Cavabdehnə müraciət edərək, 1.053.655,59 manat məbləğində borcun 5 gün müddətində müqavilədə göstərilən bank hesabına ödənilməsini xahiş etmiş, əks təqdirdə borcun, eləcə də bununla bağlı çəkiləcək xərclərin tutulması ilə əlaqədar tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə Cavabdeh arasında 07.01.2020-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı təqdim ediləcək malın dəyərini həmin müqavilənin 2.2-ci bəndinə əsasən qabaqcadan ödəməklə həmin müqavilə üzrə öhdəliklərini icra etmişdir. Cavabdeh isə ödənilmiş məbləğin müqabilində təqdim etməli olduğu malların yalnız bir hissəsini təqdim etmiş, bununlla müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Hazırda iddiaçı “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi qabaqcadan ödədiyi və qarşılığında mal təqdim edilmədiyi pul məbləğini və həmin məbləğə 445.7-ci maddəsinə əsasən hesablanmış faizləri öhdəliyin icra edilməməsi nəticəsində dəymiş maddi zərər olaraq Cavabdeh MMC-dən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 450.2-ci maddəsinə görə öhdəliyin icra edilmədiyi halda zərərin əvəzinin ödənilməsi və onun icra edilməməsi üçün dəbbə pulunun ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad edir. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə olan halda məhkəmə iddiaçının mübahisəli alğı-satqı müqaviləsinə əsasən təqdim ediləcək mallara görə cavabdehə qabaqcadan ödəniş etdiyi ƏDV daxil 1.053.655,59 manat məbləğində pul vəsaitinin müqabilində öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddət ərzində cavab icrasını almadığını nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş real zərərin əvəzi qismində 1.053.655,59 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində yuxarıda göstərilən məbləğə öhdəliyinin icra edilməsi üçün müqavilədə müəyyən edilmiş müddətin başa çatdığı tarixdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verildiyi tarixədək olan müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5% hesabı ilə 43,902.30 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələbə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddənin məzmunundan göründüyü kimi borclunun həmin maddədə nəzərdə tutulmuş qaydada faizlərin ödənilməsi öhdəliyi borclu tərəfindən pul məbləğinin ödənilməsi öhdəliyinin icrası gecikdirildiyi hallarda yaranır. Hazırkı halda isə cavabdehin alğı-satqı müqaviləsi üzrə icrasını gecikdirdiyi öhdəlik pul öhdəliyi deyil, əşyanın verilməsi öhdəliyidir. Bu baxımdan həmin öhdəliyinin icrasının gecikdirildiyi müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin hesablanması üçün əsasların mövcudluğu müəyyən edilmir. Müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsinə dair cavabdehin öhdəliyinə gəldikdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi müqavilə üzrə öhdəlik icra edilmədiyi halda kreditor borcludan öz seçimi ilə öhdəliyin icrasını və ya öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş zərərin (və dəbbə pulunun) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, borclunun müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində dəymiş zərərin ödəmək öhdəliyi icra müddəti kreditorun tələb etmə anı ilə şərtləndirilmiş öhdəlikdir. Mülki Məcəllənin: 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. İş materiallarından isə göründüyü kimi iddiaçı cavabdehə 1.053.655,59 manat məbləğində pul vəsaitinin ödənilməsi tələbini ilk dəfə 20.09.2021-ci il tarixdə (pretenziya məktubunu göndərməklə) irəli sürmüşdür. Odur ki, Mülki Məcəllənin 427.4-cü maddəsinə əsasən həmin öhdəlik tələb irəli sürüldüyü gündən yeddi gün müddətində, yəni 28.09.2021-ci il tarixədək icra edilməli olduğundan cavabdehin öhdəliyin icrasını gecikdirməsi müddəti məhz həmin tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, faizlərin tutulması hissəsində iddia qismən təmin edilməli, zərərin ödənilməsi öhdəliyinin icrasını gecikdirdiyinə görə cavabdehdən iddiaçının xeyrinə bir aylıq müddət üçün (28.09.2021-29.10.2021) illik 5 % olmaqla hesablanmış 4.390,23 (1.053.655,59 manat x5% /12 ay) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 30 manat məbləğində dövlət rüsumu da ödənilmişdir. Halbuki “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı halda iddiaçının çəkdiyi mediasiya xərci dövlət rüsumundan mbləğindən artıq olduğundan iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. MPM-in 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçının iddia verilərkən ödədiyi 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəymiş zərərin əvəzi olaraq əsas məbləğ üzrə (ƏDV daxil) 1.053.655,59 manat (bir milyon əlli üç min altı yüz əlli beş manat əlli doqquz qəpik) və gecikdirmə faizi üzrə 4.390,23 manat (dörd min üç yüz doxsan manat iyirmi üç qəpik) olmaqla, cəmi 1.058.045,82 manat (bir milyon əlli səkkiz min qırx beş manat səksən iki qəpik) məbləğində pul vəsaiti tutularaq “X1 Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. İddia verilərkən **********21 saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4940/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4940/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver