Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4941/2021 18.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Technology Engineering Services" MMMC-dən 2803 (iki min səkkiz yüz üç manat) manat məbləğində pul vəsaitinin, mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 60 manat məbləğindəki pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin (pulun) tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və “Technology Engineering Services" MMC arasındakı qarşılıqlı razılaşmaya əsasən tikinti materiallarının satışı ilə bağlı mütəmadi işgüzar əməkdaşlıq etmişlər. Sifariş üzrə iddiaçı tərəfindən göndərilmiş tikinti materiallarının dəyərinin bir qismi iddiaçıya ödənilməmişdir. Hazırda “Technology Engineering Services" MMC-nin iddiaçıya 2803 (iki min səkkiz yüz üç manat) manat məbləğində borcu olsa da, hələ də ödəniş edilməmişdir. Belə olan halda hesab edirlər ki, 2803 (iki min səkkiz yüz üç manat) manat məbləğində pul vəsaiti, 30 manat məbləğindəki ödənilmiş dövlət rüsumu və mediasiya xidmətləri üçün nəzərdə tutulmuş və ödənilmiş 60 manat məbləğindəki pul vəsaiti iddiaçının hesabına ödənilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında 25.04.2019-cu il tarixdə 28/19 saylı Alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı tərəfindən BASF markalı inşaat kimyəvi məhsullarının müqavilə müddəti dövründə Alıcıya satılması və Alıcı tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə və qiymət razılaşdırma protokolunda nəzərdə tutulmuş müddətdə və qaydada Satıcıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən malın razılaşdırılmış qiyməti qaimə-faktııralarda və ya bu müqaviləyə əlavə edilmiş tərəflər arasındakı qiymətlərin razılaşdırılması protokolunda öz əksini tapır. Bu qiymət razılaşdırma protokolunda göstərilən qiymətlər müəyyən edilmiş miqdarlar üçün keçərlidir. Miqdarlarda dəyişiklik olursa və bundan dolayı qiymətlərdə hər hansı bir dəyişiklik zəruri olarsa, “satıcı” minimum 3 iş günü əvvəlcədən "alıcı”nı yazılı şəkildə məlumatlandırmalıdır. Bu məlumatlandırma üçün bu müqavilədə yazılı olan faks nömrələrinə göndəriləcək fakslar, ya da yenə bu müqavilədə bildirilən yazışma ünvanlarına göndərilən yazılı bildirişlər “alıcı” tərəfindən qəbul edildikdə yetərlidir. Qiymət dəyişiklikləri olursa, bu dəyişiklik üçün yeni qiymət razılaşdırma protokolu tərtib olunur və tərəflər arasında imzalandıqdan sonra qüvvəyə minir və bu qiymətlər əsas götürülür. Müqavilənin 3.2-ci bəndinə əsasən bu müqaviləyə əlavə edilmiş qiymət razılaşdırma protokolunda və ya qaimə fakturalarda öz əksini tapmış malların dəyəri “alıcı” tərəfindən mallar təhvil alındıqdan, qaimə-fakturanın bir nüxsəsi "alıcı”ya təhvil verildikdən, ƏDV-si üzrə vergi hesab fakturası “alıcı”nın onlayn kargüzarlıq ünvanına göndərildikdən sonra 5 iş günü müddətində köçürmə şəklində ödəniləcəkdir. - 25.09.2019-cu il tarixli, EBAA seriyalı, 353584 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2802,50 manat təşkil edir. - 08.05.2019-cu il tarixli, EAAU seriyalı, 151203 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 84,37 manat təşkil edir. - 16.05.2019-ci il tarixli, EAAU seriyalı, 499311 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 129,80 manat təşkil edir. - 24.05.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına təyinatı EAAU seriyalı, 151203 nömrəli elektron qaimə üzrə 12,87 manat məbləğində ödəniş edilmişdir. - 24.05.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına təyinatı EAAU seriyalı, 499311 nömrəli elektron qaimə üzrə 19,80 manat məbləğində ödəniş edilmişdir. - 24.05.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC (VÖEN: **********) tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) hesabına 181,50 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 2803 manat borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimələr ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 2803 (iki min səkkiz yüz üç) manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat dövlət rüsumu və iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş 60 manat məbləğindəki pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 2803 (iki min səkkiz yüz üç) manat məbləğində pul vəsaiti, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 2893 (iki min səkkiz yüz doxsan üç) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4941/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4941/2021
18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver