Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-495/2020 28.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh firmasına qarşı cavabdehdən 3775.88 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh firmasından 3775.88 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh firması arasında xx.xx.2018-ci il tarixdə HM-C02-180202-000053 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən ticarət mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 1285 kv.m. olan qeyri-yaşayış sahələrinin (Outlet mağazası), qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən xidmətləri göstərməyi iddiaçı öhdəsinə götürmüş, cavabdeh isə göstərilən xidmətlərə görə xidmət haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı və cavabdeh arasında imzalanmış xx.xx.2019-cu il tarixli sazişlə xx.xx.2018-ci il tarixli HM-C02-180202-000053 saylı xidmət müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Həmin sazişlə cavabdeh xidmət müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə ƏDV xaric 3775.88 manat borcu olduğunu etiraf etmişdir. Xidmət müqaviləsinin ləğvinə dair xx.xx.2019-cu il tarixli sazişin 2 b) bəndində qeyd edilmişdir ki, sazişin 2 a) maddəsinin şərtləri istisna olmaqla tərəflər arasında müqavilə üzrə yaranmış hüquq və vəzifələrə xitam verilir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd olunan məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Sonuncu dəfə müraciət xx.xx.2019-cu il tarixdə edilmiş, lakin halhazıradək xidmət haqqı üzrə borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh firmasına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: Xidmət göstərən qismində İddiaçı MMC ilə müştəri qismində Cavabdeh firması arasında xx xxxxxx 2018-ci il tarixdə HM-C02-180202-000053 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən xidmət göstərən Bakı şəhəri Nobel prospekti 15 ünvanında yerləşən ticarət mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 1285 kv.m. olan qeyri-yaşayış sahələrinin (Outlet mağazası), qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən xidmətləri göstərməyi, müştəri isə göstərilən xidmətlərə görə xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli xidmət müqaviləsinin ləğvinə dair sazişə əsasən qarşılıqlı razılıq əsasında xx xxxxxx 2018-ci il tarixli xidmət müqaviləsi ləğv edilmiş və Cavabdeh firmasının xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə 3775.88 manat borcunun olduğu müəyyən edilmişdir. Saziş hər iki tərəfin imzası və möhürü ilə təsdiq edillmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixdə HM-M-191025-212 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh firmasına müraciət edilərək xx.xx.2019-cu il tarixli sazişə əsasən Cavabdeh firması tərəfindən təsdiq edilmiş 3775.88 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh firması arasında xx xxxxxx 2018-ci il tarixli, HM-C02-180202-000053 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş borcu 3775.88 manat təşkil edir.Həmin borcun mövcudluğu tərəflərin imzaladığı xx xxxxxx 2019-cu il tarixli xidmət müqaviləsinin ləğvinə dair sazişlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 3775,88 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh firmasından 3775.88 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 3805.88 (üç min səkkiz yüz beş manat səksən səkkiz qəpik) məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-495/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-495/2020
28.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver