Məhkəmə qərarları › İş №e-2-2(113)-4961/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4961/2025

25.06.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4961/2025 25.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizə (açar sözlər:) (ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. Fiziki şəxs haqqında məlumat əsasında müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsas fəaliyyət istiqaməti restoranlar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə bağlıdır. Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Hüquqi şəxs haqqında məlumat əsasında müəyyən edilir ki, “X1” MMC xx.xx.2014-cü il tarixdə tarixdə vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmaqla (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Əsas fəaliyyət istiqaməti yaşayış və qeyri yaşayış binalarının tikintisi fəaliyyəti ilə bağlıdır.

3. Maraqlı şəxsə aid olan şəxsi hesab vərəqinə görə onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 2396,30 manat təşkil edir.

4. “X1” MMC-yə aid olan şəxsi hesab vərəqəsinə görə onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 100,02 manat təşkil edir

5. Ərizəçi tərəfindən “X1” MMC-yə ünvanlanmış - xx.xx.2021-ci il tarixli **********7 nömrəli bildirişlə vergi borcuna dair maliyyə sanksiyaları üzrə 140 manat, faizlər üzrə 0,02 manat məbləğində borcun və xx.xx.2019-cu il tarixli **********7 nömrəli bildirişlə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 808 manat, faizlər üzrə 342,37 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

6. Həmçinin, ərizəçi tərəfindən maraqlı şəxsə ünvanlanmış - xx.xx.2024-cü il tarixli **********2 nömrəli bildirişlə vergilər üzrə 1262,83 manat, faizlər üzrə 47,98 manat, maliyyə sanksiyaları üzrə 848,06 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli **********6 nömrəli bildirişlə icbari tibbi sığorta haqqları üzrə 135,72 manat, faizlər üzrə 8,56 manat məbləğində borcun, xx.xx.2024-cü il tarixli **********5 nömrəli bildirişlə muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1250,05 manat, faizlər üzrə 94,33 manat məbləğində borcun və xx.xx.2024-cü il tarixli **********0 nömrəli bildirişlə işsizlikdən sığorta haqqı üzrə 29,65 manat, faizlər üzrə 2,65 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) Ərizəçinin tələbi və tələbinin dəlilləri

7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baki Şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxs “X1” MMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2335,91 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2494,75 manat, İşsizlikdən sığorta fonduna olan 32,3 manat, İcbari Tibbi Sığorta Fonduna olan 144,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 144,28 manat, İşsizlikdən sığorta fonduna 32,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 1344,38 manat, dövlət büdcəsinə 2235,91 manat məbləğində (o cümlədən, vergilər üzrə 1262,83 manat, faizlər üzrə 125,02 manat, maliyyə sanksiyası üzrə 848,06 manat) “X1” MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 100 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 100 manat) , Dövlət Sosial Müdafiə Fonduna 1150,37 manat olmaqla, ümumilikdə 5007,24 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********075400, xx.xx.2024-cü il tarixli **********077800, xx.xx.2024-cü il tarixli **********076100, xx.xx.2024-cü il tarixli ******************.06.2021-ci il tarixli **********121000, xx.xx.2019-cu il tarixli **********005900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır.

b) Ərizəyə qarşı etirazın dəlilləri

9. Ərizəyə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

10. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır (MPM-in 305.1.12-ci maddəsi).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi:

14. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.

15. Maddə 23.1.15-3. Vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

17. Maddə 355-7.4. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

18. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

“Dövlət rüsumu haqqında” AR Qanununun:

19. 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur.

MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxs “X1” MMC vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və büdcədənkənar fondlara borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Maraqlı şəxsə aid olan şəxsi hesab vərəqinə görə onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 2396,30 manat təşkil edir. “X1” MMC-yə aid olan şəxsi hesab vərəqəsinə görə onun xx.xx.2025-ci il tarixə cəmi ödənilməli borcu 100,02 manat təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, maraqlı şəxsin xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu (VÖEN: **********) 2421,56 manat, “X1” MMC-nin xx.xx.2025-ci il tarixə ödənilməli vergi borcu (VÖEN: **********) 100,02 manat təşkil edir.

22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs və hüquqi şəxs “X1” MMC öz öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə və büdcədənkənar fondlara borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qanunla müəyyən edilmiş tədbir görmüş, maraqlı şəxsə vergi borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borclular tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borcluların dövlət büdcəsinə və büdcədənkənar fondlara olan vergi borcunun ödənilməsini təmin etmək, eyni zamanda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Odur ki, ərizə təmin edilməli və maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

23. Məhkəmə xərclərinə gəldikdə hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2335,91 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2494,75 manat, İşsizlikdən sığorta fonduba 32,3 manat, İcbari Tibbi Sığorta Fonduna olan 144,28 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar