Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4977/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, qanuni faiz və dəbbə pulunun nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 46 316,23 manat ƏDV məbləği daxil olmaqla 303 628,61 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 38 596,8 manat, 25000 manat cərimə borcu və ödənilmiş 657,23 manat dövlət rüsumu, hüquqi xidmət üçün ödənilmiş 3000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında UNİT 08/2022 nömrəli 21 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehi sement növləri ilə təchiz etməyi, cavabdeh isə öz növbəsində malı qəbul edib dəyərinin “razılaşdırma protokolu”nda (Əlavə 1) göstərilən qiymətlərə əsasən vaxtında ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndinə görə “satıcı” hazırkı müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “mal” adlanacaq sement növünü “alıcı”ya satır, “alıcı” isə malı alır və dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti “alıcı” və “satıcı” ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur. Həmin müqavilənin 6.1.3-cü bəndinə əsasən, “alıcı” bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, satıcı gecikdirilmiş hər gün üçün ödənilməyən borc məbləğin 0,1%-i həcmində cərimə və satıcı bundan yarana biləcək administrativ xərcləri tələb edə bilər. Həmin müqavilənin 10.1-ci bəndinə görə, tərəflər arasında bu müqavilənin icrası ilə bağlı yaranmış fikir ayrılıqları qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edilir. Həmin müqavilənin 10.2-ci bəndinə görə, tərəflər hər hansı bir səbəbə görə müəyyən razılığa gəlmədiyi halda bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll olunur. Həmin müqavilənin 11-ci bəndinə görə, hazırkı müqavilə xx.xx.2022-ci il tarixində qüvvəyə minir və xx.xx.2022-ci il tarixinədək qüvvədədir. Sözügedən alqı-satqı müqaviləsi və müqaviləyə 01 saylı əlavə tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, möhürlənmiş, beləliklə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq bağlanaraq tərəflərin müvafiq öhdəlikləri yaranmışdır. 2.2. Müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. İddiaçı ilə cavabdeh arasında 21 yanvar 2022-ci il tarixli bağlanmış UNİT 08/2022 saylı alqı-satqı müqaviləsi əsasında satılmış malın ümumi dəyəri 355 729,41 manat ƏDV ilə birlikdə olmuşdur. Göstərilən məbləğ xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək göndərilmiş elektron qaimələr əsasında formalaşmışdır. Cavabdeh tərəfindən ödənilmiş ümumi 52 100,80 manat məbləğ "xxxx" ASC-nin hesabından xx.xx.2022 – xx.xx.2022-ci il tarixlərdəki çıxarışda öz əksini tapmışdır. Eyni zamanda ƏDV sub-uçot hesabından çıxarışda cavabdehin ƏDV olaraq ödədiyi məbləğlər öz əksini tapmışdır. Göründüyü kimi, cavabdeh 355 729,41 (ƏDV daxil) manat dəyərində mal almış, aldığı mallarla bağlı cəmi 52 100,80 manat ödəniş etmiş, 303 628,61 manat məbləğində borcu qalmışdır. 2.3. Cavabdehin iddiaçıya ƏDV ilə birlikdə 303 628,61 manat (əsas 257 312,38 manat, ƏDV 46 316,23 manat) ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, iddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri üzrə müqaviləyə uyğun olaraq elektron qaimə-fakturalar təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən satılmış malların pulu hələ də ödənilməmiş qalmışdır. Həmin məbləğ elektron qaimənin vurulduğu gündən 30 gün müddətində ödənilməli olsa da, bu günədək ödənilməmişdir. Odur ki tərəflər arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən, hər gecikdirilən gün üçün ödənilməyən məbəğin 0,1%-i cərimə məbləği ödənilməlidir. Cavavbdehə müqavilə üzrə, yəni 21 yanvar 2022-ci il tarixli UNİT 08/2022 saylı alqı-satqı müqaviləsinin 7.2.4-cü bəndinə əsasən 299 893,19 manat cərimə hesablansa da, humanistlik göstərilərək cavabdehdən 25000 manat cərimə tələb edilir. Bundan başqa, pul vəsaitini özündə saxlayıb vaxtında ödəmədiyinə görə cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən illik 5% ilə hesablanan cəmi 38596,8 manat (257 312 x 5 % = 12865,6 x 3 il = 38596,8) faiz də tələb edilir. 2.4. İddiaçı ilə "xxxx" MMC arasında hüquqi xidmətin göstərilməsi ilə bağlı 3000 manat dəyərində müqavilə imzalanmışdır. "xxxx" MMC tərəfindən hazırkı iş üzrə sənədlərin hazırlanması (iddia ərizəsi, pretenziya, sənədlərin sistemə yüklənməsi və sair) hüquqi xidmət göstərilmişdir. Həmin pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehə elektron kargüzarlıqla pretenziya məktubu göndərilmiş və sözügedən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziyaya bu günədək cavab verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki məhkəməyə müraciət edərək borc məbləğinin cavabdehdən məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 445.7, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı hüquqla bağlı xidmətlər göstərən şirkətlə müqavilə bağlamış, sonuncu iddiaçıya iddia ərizələrinin, pretenziyaların yazılması ilə bağlı xidmət göstərmişdir. Hazırda tələb edilən məbləğ də həmin şirkətə ödənilən 3000 manatdır.
6. Cavabdehin nümayəndəsi X3 məhkəmənin sonuncu hazırlıq iclasında iştirak edərək bildirdi ki, iddiaçıdan 355 729,42 manat dəyərində mal alınmış, 52100,8 manat məbləğində ödəniş edilmiş, cəmi 303 628,61 manat borc qalmışdır. Cavabdehin bank hesablarında məcburi dövlət sosial sığorta haqqı borcu üzrə sərəncam olduğundan ödənişlər icra edilə bilmir. Hazırda cavabdehin 656 000 manat alacağı mövcuddur və borc məbləği qismən ödəniləcəkdir.
7. Cavabdehə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin baxış iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli UNİT 08/2022 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sement növünü cavabdehə satmağı, cavabdeh isə malları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtlərində ödənişin qaimə-faktura təqdim edildikdən sonra 10 gün müddətində edilməsi əks edilmişdir. Həmin müqaviləyə 01 nömrəli əlavə ilə sement növünün adı, qablaşdırma növü, ölçü vahidi, qiyməti, çatdırılma məntəqəsi razılaşdırılmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə ƏDV daxil olmaqla 355 729,42 manat dəyərində malın verilməsi ilə bağlı elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən həmin elektron qaimələrə istinad edilməklə xx.xx.2022-ci il tarixdə 5380 manat, xx.xx.2022-ci il tarixdə 7380 manat, xx.xx.2022-ci il tarixdə 15800 manat, xx.xx.2022-ci il tarixdə 18400 manat əsas məbləğ üzrə, xx.xx.2022-ci il tarixdə 968,4 manat, xx.xx.2022-ci il tarixdə 1328,4 manat, xx.xx.2022-ci il tarixdə 2844 manat ƏDV məbləği üzrə olmaqla cəmi ƏDV daxil olmaqla 52100,8 manat ödəniş edilmişdir.
12. İddiaçı xx.xx.2022-ci il tarixli UNİT 08/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan ƏDV daxil 303 628,61 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.
13. Cavabdeh xx.xx.2022-ci il tarixli UNİT 08/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə 303 628,61 manat borcu qaldığını qəbul edir, lakin bank hesablarında olan sərəncamlarla bağlı ödənişləri icra edə bilmədiyini bildirir.
14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
20. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsin təmin olunmalı, xx.xx.2022-ci il tarixli UNİT 08/2022 nömrəli alqısatqı müqaviləsi üzrə 303 628,61 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı
28. İddia ərizəsində iddiaçı həmçinin 25000 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş edir.
29. xx.xx.2022-ci il tarixli UNİT 08/2022 nömrəli alqı-satqı müqaviləsinin 6.1.3-cü bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş ödəniş şərtlərinə əməl olunmadığı halda, hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 0,1 faizi qədər cərimə və bundan yarana biləcək administrativ xərcləri tətbiq və tələb etmək satıcının hüququdur.
30. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
33. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı da xx.xx.2022-ci il tarixli UNİT 08/2022 nömrəli alqı-satqı müqaviləsi üzrə malların dəyəri 10 gün ərzində ödənilməli olduğu halda, uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.
34. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 15000 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
35. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 15000 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
36. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsas borca illik 5 faizlə hesablanmış 38596,8 manat məbləğində pulun da tutulmasını tələb edir.
37. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
39. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
40. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
41. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.
42. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
43. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2-ci bəndi ilə ödənişin qaimə-faktura təqdim edildikdən sonra 10 gün müddətində edilməsi əks edilmişdir. Lakin işgüzar münasibət bu yöndə olmamış, adıçəkilən müqavilənin 3.2-ci bəndi faktiki olaraq tətbiq edilməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək mallar satılmış, cavabdehin isə şərtləşdirilmiş qaydada deyil, ayrı-ayrı tarixlərdə həmin müddəti pozmaqla ödənişləri həyata keçirməsinə baxmayaraq, iddiaçı malları satmağa davam etmiş, ötən müddət ərzində pulun ödənilməsini tələb etməmişdir. Bu isə iddiaçı tərəfindən borcun ödənilməsinə faktiki olaraq möhlət verildiyini göstərir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
44. İddiaçının xx.xx.2025-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2025-cü il tarixə qədər 10 gün üçün həyata keçirilməlidir. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 415,93 manat təşkil edir.
45. Lakin məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 6.1.3-cü bəndinə istinad etməklə daha böyük pul məbləğini tələb etmiş, məhkəmə tərəfindən isə 15000 manat məbləğində cərimə əsaslı hesab edilmişdir.
46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni faizin tutulması hissəsində iddia rədd edilməlidir.
d) Məhkəmə xərcləri ilə bağlı
47. İddiaçı ödənilmiş 657,23 manat dövlət rüsumunun, 3000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
48. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 661 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
51. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
52. Məhkəmə hüquqi yardım xərcinə münasibətdə göstərir ki, iddiaçı qeyd edilən xərci məsləhət xidmətləri haqqında müqavilə üzrə "xxxx" MMC-yə ödəmişdir. Mülki prosessual qanunvericilikdə isə nümayəndə və ya vəkilə ödənilən xərcin bölüşdürülməsi qaydası təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Göründüyü kimi, bir hüquqi şəxsi digər hüquqi şəxs məhkəmədə nümayəndə qismində təmsil edə bilməz. İşin halından da təsdiq olunur ki, iddiaçını məhkəmədə işçisi təmsil və hüquqlarını müdafiə etmişdir. Bu səbəbdən digər hüquqi şəxsə ödənilən vəsait məhkəmə xərclərinə aid edilə bilməz.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Beləliklə, məhkəmə iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 571 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 46316,23 manat ƏDV daxil olmaqla 303628,61 manat əsas borc, 15000 manat dəbbə pulu olmaqla ümumilikdə 318628,61 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 571 manat pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova