Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-498/2023 27.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018ci il tarixli 497-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7619 (yeddi min altı yüz on doqquz) manat gecikdirilmiş borcun və hesablanmış 4286,18 (dörd min iki yüz səksən atı manat 18 qəpik) manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 4422 (dörd min dörd yüz iyirmi iki) manat gecikdirilmiş borcun və hesablanmış 1843,05 manat cərimə borcunun, hüquqi yardımla bağlı 300 manat, 200 manat mediasiyaya dair xərcin, cəmi 18670,23 (on səkkiz min altı yüz yetmiş manat iyirmi üç qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli və xx.xx.2018-ci il tarixli 893- GL/18 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqavilə üzrə 7619 manat gecikdirilmiş borcu və hesablanmış 4286,18 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə isə 4422 manat gecikdirilmiş borcu və hesablanmış 1843,05 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, maliyyə arayışının tərtib edildiy tarixdən sonrakı dövrdə cavabdeh tərəfindən 500 manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə iclaslasında iştirak edən cavabdeh məhkəməyə izahatında qeyd etmişdir ki, borc məbləğini qəbul edir və mübahisələndirmir. Borcun yaranması səbəbi özünün xəstə olması, daha sonra valideyninin xəstə olmasıdır. Bununla bağlı sənədlərin bir qismi məhkəməyə təqdim edilmişdir. Hazırda bir müddətdir ki, yenidən fəaliyyətə başlamış, möhlət veriləcəyi halda borcu tam olaraq ödəyəcəkdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: “lizinqverən” "xxxx" ASC, “lizinq alan” X1 olmaqla imzalanmış xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 23.960 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqaviləsinə əlavə 1 olan spesifikasiyada “Traktor Belarus-1025” texnikası 10 il ödəmə şərti ilə 23.960 manat güzəşt məbləği olmaqla lizinqə verilmişdir. xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqaviləsinə əlavə 2 olan ödəniş qrafikində xx.xx.2027-ci il üzrə sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır. “lizinqverən” "xxxx" ASC, “lizinq alan” X1 olmaqla imzalanmış xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 18.900 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. “lizinqverən” "xxxx" ASC, “lizinq alan” X1 olmaqla imzalanmış xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqaviləyə əlavə 1 olan ödəniş qrafikində xx.xx.2028-ci il tarixi sonuncu ödəniş tarixi olaraq tərəflər arasında razılaşdırılmışdır. Məhkəmə hüquqi xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə 22 avqust 2022-ci il tarixli müqaviləyə əsasən “icraçı” "xxxx" MMC və “sifarişçi” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi “icraçı” “sifarişçi”nin adından məhkəmə hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün “vəkillərə etdikləri yardım üçün ödənilən xərc” kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. "xxxx" MMC “müraciət edən şəxs, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi “hüuqi yardım göstərilən”, Vəkil olmaqla imzalanmış xx.xx.2022 tarixli 2779 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən 300 manat hüquqi yardım haqqında haqq tərəflər arasında razılaşdırılmışdır. 000İPX********** nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 300 manat "xxxx" MMC tərəfindən 5 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışında xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə 4.422 manat əsas borc, 1.843,05 manat cərimə məbləği qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışında xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqavilə üzrə 7.619 manat əsas borc, 4.286,18 manat cərimə məbləği qeyd edilmişdir. 27 mart 2018-ci il tarixli 2/195 nömrəli təhvil-təslim aktında “Belarus-892” markalı traktor "xxxx" ASC-nin Gəncə TB tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. 19 yanvar 2018-ci il tarixli 2/42 nömrəli təhvil-təslim aktında “Belarus-1025” markalı traktor "xxxx" ASC-nin Gəncə TB tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir. Cavabdeh məxsus hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə hesaba 500 manat məbləğində mədaxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh arasında lizinq müqavilələri imzalanmış və müqavilələr üzrə müvafiq olaraq lizinq predmeti olan kənd təsərrüfatı texnikaları təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir; 747- 1.3-cü maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir; 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir; 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır; 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh hər iki müqavilə üzrə hesablanmış əsas borc məbləğlərini mübahisələndirməmişdir. Bununla belə məhkəmə cavabdehə məxsus hesabdan çıxarışda maliyyə arayışının tərtib edildiyi tarixdən sonrakı dövrə 500 manat məbləğində mədaxil olunduğunu, eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin həmin məbləğin xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə ödənildiyini bildirməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 7.619 (yeddi min altı yüz on doqquz) manat gecikdirilmiş borc, xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə isə 3.722 (üç min yeddi yüz iyirmi iki) manat gecikdirilmiş borc cavabdehdən tutulmalıdır. Eyni zamanda iddiaçı iddia tələbində cərimə məbləğinin ödənilməsini də tələb etmişdir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında imzalanmış lizinq müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri erinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 faizi həcimində cərimə tələb edir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən lizinq ödənişlərinin bir dəfədən artıq gecikdirilməsi öz təsdiqini tapdığından cərimə məbləği cavabdehdən tutulmalıdır. Bununla yanaşı məhkəmə cərimə məbləğinin iddia tələbində qeyd olunan hissəsinin əsas borca nisbətdə tənasübsüz dərəcədə yüksək olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan cərimə məbləği hissəsində qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 228 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 132 manat cərimə borcu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci hüquqi yardımla bağlı ödənilmiş 300 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 497-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə 7.619 (yeddi min altı yüz on doqquz) manat gecikdirilmiş borc və 228 (iki yüz iyirmi səkkiz manat) manat cərimə, xx.xx.2018-ci il tarixli 893-GL/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə hesablanmış 3.722 (üç min yeddi yüz iyirmi iki manat) manat gecikdirilmiş borc, 132 (bir yüz otuz iki manat) manat cərimə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilmiş hüquqi yardımla bağlı 300 (üç yüz manat) manat və 200 (iki yüz manat) manat mediasiyaya xərci Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-498/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-498/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver