Məhkəmə qərarları › İş №e-2-2(113)-4989/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4989/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4989/2023 17.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 52.869,90 manat məbləğində əsas borcun, 147.312 manat dəbbə pulunun və dövlət rüsumu üçün ödədikləri 81 manat məbləğdə vəsaitin, ümumilikdə 200.262,90 manat vəsaitin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, direktor X2 şəxsində təmsil edilən Cavabdeh MMC ilə direktoru X1 şəxsində təmsil olunan İddiaçı MMC arasında 24 okyabr 2022-ci il tarixində alqı-satqı müqaviləsi imzalanmışdır. "xxxx" MMC tərəfindən üzərinə düşən bütün öhdəliklər yüksək səviyyədə icra edilmişdir. Belə ki, təsadüfi deyildir ki, cavabdeh tərəfindən iddiaçı şirkətin fəaliyyəti yüksək qiymətləndirilmiş və 14 fevral 2023-cü ildə onun xidmətlərindən razı qaldıqlarını özündə ehtiva edən tövsiyə məktubu göndərilmişdir. 01- 230214 nömrəli həmin məktubdan bir daha aydın olur ki, iddiaçı tərəfindən bütün xidmətlər qüsursuz şəkildə göstərilmişdir. Tərəflər arasında razılaşdırılmış müqaviləyə əsasən, müqaviləyə əlavə razılaşma №1-də müəyyən edilmiş məhsullar cavabdehə satılmış və məhsulların dəyəri üzrə ödəniləcək məbləğ 52.869,90 manat olaraq müəyyən edilmişdir. Bu razılaşmaya uyğun olaraq alıcıya elektron qaimə yazılmışdır və alıcı tərəfindən elektron qaimə təsdiq edilmişdir. Tərəflər arasında müəyyən edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına (akt) əsasən təhvil verilən və təslim alınan bütün məhsullar qeyd edilmişdir. Əlavə Razılaşma №1-də göstərilən məhsulları almağa görə yuxarıda qeyd edilən məbləğdə ödəniş edilməsi alqı-satqı müqaviləsi əsasında Cavabdeh MMC-nin öhdəliyinə verilmişdir. Qeyd edilməsi zəruridir ki, alıcı qismində çıxış edən Cavabdeh MMC tərəfindən müqavilə üzrə müəyyən edilmiş öhdəlik icra edilməmiş və sözügedən tərəfin müvafiq borcu yaranmışdır. 24 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 3.4-cü bəndində qeyd olunduğu kimi alıcı malı təhvil aldığı tarixdən etibarən 10 təqvim günü ərzində malların hesablanmış məbləğinin 100%-ni satıcıya ödəməlidir və həmin müqavilənin 3.3-cü bəndində qeyd olunduğu kimi alıcının malı təslim aldığı tarix, təhvil verilmə tarixi hesab edilir. Malın alıcı tərəfindən imzalanmış və möhürlənmiş təhvil-təslim aktını və elektron qaiməsini təqdim edirlər. Həmin müqavilənin 3.5-ci bəndində alıcı ödənişi 10 təqvim günündən gec ödəyərsə gecikdirilmiş hər təqvim gününə 1% dəbbə pulu hesablanması nəzərdə tutulur. Alıcıya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq alıcı tərəfindən heç bir ödəniş olunmamışdır. 52.869,90 manat məbləğində vəsitin ödənilməsi zəruridir. 2023-cü ilin İyun-avqust ayları üzrə ödənilməyən və gecikdirilmiş vəsaitə görə 1 faiz dəbbə pulu tutulduğundan 147.312 manat dəbbə pulunun ödənilməsi zəruridir. Sözügedən mübahisənin məhkəmədənkənar həllini təmin etmək məqsədilə cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh pretenziya məktublarına məhəl qoymayaraq öhdəliyin icrasından boyun qaçırmışdır. Qeyd edilən borcun və dəbbə pulunun ödənilməməsi şirkəti ağır maddi vəziyyətə salmışdır. Bu səbəbdən son müdafiə vasitəsi olaraq məhkəməyə müraciət edilməsi qərarlaşdırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 24 oktyabr 2022-ci il tarixdə, AZ/22/2217 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı alıcıya təhvil verməyi, alıcı isə razılaşdırılmış miqdarda, assortimenttə, keyfiyyətdə malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti qarşılıqlı razılaşdırılan qiymətlər cədvəli ilə razılaşdırılır. 3.4-cü bəndinə əsasən alıcı malı təhvil aldığı tarixdən etibarən 10 təqvim günü ərzində malların hesablanmış məbləğinin 100%-ni “satıcı”ya ödəməlidir. 3.5-ci bəndinə əsasən alıcı ödənişi 10 təqvim günündən gec ödəyərsə gecikdirilmiş hər təqvim gününə 1% dəbbə pulu hesablanır. 8.2-ci bəndinə əsasən bu müqavilə 1 il ərzində qüvvədədir. 8.3-cü bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddətin sonuna 15 (on beş) gün qalanadək tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsinə dair digər tərəfə yazılı məlumat bildirmədiyi təqdirdə müqavilə daha 1 il müddətində uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 24 oktyabr 2022-ci il tarixli AZ/22/2217 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə (ƏDV daxil) 52.869,90 manat olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. (23 adda) malların təhvil-təslim aktı ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən 24 oktyabr 2022-ci il tarixli AZ/22/2217 saylı alqı-satqı müqaviləsinə əsasən müxtəlif adda, miqdarda və ölçülərdə olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Malların təhvil-təslim aktı təhvil verənin və təhvil alanın imzası ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən 24 oktyabr 2022-ci il tarixli AZ/22/2217 saylı müqaviləyə əsasən ümumilikdə (ƏDV daxil) 52.869,90 manat dəyərində malların verilməsinə dair EBCN seriyalı, 677893 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Elektron qaimə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh MMC (direktor Xəlilov Azər) tərəfindən "xxxx" MMC-yə verilmiş xx.xx.2023cü il tarixli tövsiyyə məktubunda qeyd etmişdir ki, onlar Cavabdeh MMC şirkəti olaraq mebel sektorunda "xxxx" MMC şirkəti ilə əməkdaşlıq edirlər, əməkdaşlıqları müddətində işlərin icrasından və peşəkar komanda heyəti ilə çalışmaqdan məmnun olduqlarını bildirmişlər, diqqət çəkən məqamlardan biri də, verilən tələblərin və öhdəliklərin zamanında, məharətlə və yüksək keyfiyyətlə yerinə yetirilməsidir. Qeyd olunan müsbət keyfiyyətləri nəzərə alaraq şirkətin fəaliyyətini yüksək qiymətləndirir, xidmət və keyfiyyətdən çox razıdırlar. Əməkdaşlıqları üçün tövsiyyə edirlər. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borcun 10 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən cəmi 52.869,90 manat (ƏDV daxil) məbləğində malları cavabdehə təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də (Cavabdeh MMC iddiaçı "xxxx" MMC-yə ünvanladığı tövsiyyə məktubunda da iddiaçı ilə etdiyi əməkdaşlığı yüksək qiymətləndirmişdir), cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hazırda cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçı "xxxx" MMC-yə olan borcu ƏDV daxil 52.869,90 manat təşkil edir. Göstərilən hallar elektron qaimə, malların təhvil-təslim aktı ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini– 52.869,90 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməsini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-dən 52.869,90 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 147.312 manat cərimə (dəbbə) məbləğində pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2600 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 81 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 490,18 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 100 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh MMC-dən 9,18 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 52.869,9 manat məbləğində borc, 2600 manat məbləğində dəbbə pulu, cəmi 55.469,9 manat məbləğində pul vəsaiti mediasiya xərclərinin əvəzi olaraq 100 və dövlət rüsumunun əvəzi olaraq 20 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh MMC-dən 9,18 manat məbləğində dövlət rüsumu kəsiri tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar