Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4992/2023 18.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi ” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən yaranmış 52.532,27 manat məbləğində əsas borcun, əsas borca illik 5% hesablanmaqla 5.426 manat və 405 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 267 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2021-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, İddiaçı MMC-yə Cavabdeh 78.121,73 (yetmiş səkkiz min yüz iyirmi bir manat, yetmiş üç qəpik) manat qalıq debitor borcunun olduğu müəyən edilmiş və tərəflərin imzası, möhürü ilə təsdiq edilmişdir. Daha sonra, müştəri tərəfindən müəyyən ödənişlər edildikdən sonra müəssisəyə 52.532,27 (əlli iki min beş otuz iki manat iyirmi yeddi qəpik) manat qalıq borcu qalmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixli, 267 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
13. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının anbarında malların alıcıya təhvil verildiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur: Həmin tarix malların təhvil-təslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə (qaimə-faktura) təsdiqlənir.
14. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.
15. Alqı-satqı müqaviləsi hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının pul ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
17. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
18. İş materiallarından görünür ki, EBAP seriyalı, 093912 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 41637,99 manat olan, EBAP seriyalı, 300617 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 5999,71 manat olan, EBAP seriyalı, 435562 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 9249,15 manat olan, EBAP seriyalı, 902672 nömrəli, xx.xx.2020-ci il tarixli, dəyəri 16.199,22 manat olan, EBAQ seriyalı, 943089 nömrəli,xx.xx.2020-ci il tarixli, dəyəri 49917,59 manat olan, EBAW seriyalı, 613000 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 5755,33 manat olan, EBAW seriyalı, 626516 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 6295,30 manat olan, EBAW seriyalı, 694914 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4044,60 manat olan, EBAW seriyalı, 693555 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4028,21 manat olan, EBAX seriyalı, 106236 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 6207,04 manat olan, EBAX seriyalı, 107820 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4765,58 manat olan, EBAZ seriyalı, 374168 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4514,33 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
19. Sadə riyazi hesablama ilə, elektron qaimələrdəki məbləğlərin cəmi 158.614,05 manat təşkil edir.
20. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə 78.121,73 manat borcunun qaldığını qəbul etmişdir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuş, lakin 52.532,27 manat borcu qalmışdır.
22. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 52.532,27 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 5426 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. İş materiallarından görünür ki, iddiaçı təəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 50 gün sonra yəni, 19.09.23-cü il tarixində verilmişdir.
25. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 359,81 (52.532,27x5/100=2.626,61 (1 il üçün), 2.626,61/365=7,196(1 gün üçün), 7,196x50=359,81 (50 gün üçün) manat məbləğində pul da cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 405 manat məbləğində pul Bakı 14 saylı mediasiya təşkilatına ödənilmişdir.
27. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 405 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI.Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 52.532 (əlli iki min beş yüz otuz iki) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul "Spektr-H” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 359 (üç yüz əlli doqquz) manat 81 (səksən bir) qəpik məbləğində pul "Spektr-H” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 405 (dörd yüz beş) manat məbləğində pul "Spektr- H” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov