Məhkəmə qərarları › İş №e-2-2(113)-4997/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4997/2024

08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4997/2024 08.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, LVC-AZE-S-2254 saylı müqaviləyə əsasən Cavabdeh MMC-dən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə 2.267,06 ABŞ dolları məbləğində borcun və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, LVC-AZE-S-2254 saylı “Xidmətlərin göstərilməsinə dair” müqavilə imzalanmışdır. Müqaviləyə 1.1-ci maddəsinə əsasən, iddiaçı yazılı sifariş əsasında Müqavilədə razılaşdırılan xidmətlərin göstərilməsini, Cavabdeh isə göstərilən xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə üzrə təqdim edilmiş xidmət sifarişinə əsasən daşınma həyata keçirilmiş və iddiaçı tərəfindən göstərilmiş xidmətə müvafiq olaraq xx.xx.2023 il tarixində cavabdehə hesab-faktura təqdim edilmiş və elektron-qaimə kəsilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliklər icra edilməmiş və göstərilmiş xidmətlərə görə ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən, İddiaçı malların yola salındığı tarixdən cavabdehə hesab-faktura təqdim edir. cavabdeh məhsulu təhvil aldıqda dərhal İddiaçının təqdim etdiyi hesab-faktura üzrə onun bank hesabına köçürmə yolu ilə xidmət haqqını ödənilməsini təmin edir. Lakin hazırkı vəziyyətdə cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliklərin icrası müəyyənləşdirilmiş vaxtdan əhəmiyyətli dərəcədə gecikdirilmiş və yerinə yetirilməmişdir. Belə ki, SİNV/010722 nömrəli, xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən,4,620 (dörd min altı yüz iyirmi) ABŞ dolları məbləğində xidmət haqqının müəyyən hissəsi Sifarişçi tərəfindən ödənilmiş, lakin hazırkı tarixə qədər qalıq 2,267.06 (iki min iki yüz altmış yeddi dollar altı sent) ABŞ dolları məbləğində borc üzrə heç bir ödəniş həyata keçirilməmişdir

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, LVC-AZE-S-2254 saylı “Xidmətlərin göstərilməsinə dair” müqavilə bağlanmışdır.

8. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini müqavilənin ayrılmaz tərkib hissəsi sayılan yazılı sifariş əsasında ekspeditor tərəfindən yüklərin ilkin yerindən təyinat yerinə daşınması, çatdırılması xidmətinin göstərilməsi, gömrükləmə, anbarlama, çeşidləmə, yükaşırma və s. xidmətlər sifarişçi tərəfindən isə göstərilən xidmətin qarşılığında razılaşdırılmış xidmət haqqının ödənilməsi təşkil edir.

9. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ekspeditor malların yola salındığı tarixdən sifarişçiyə hesab-faktura təqdim edir. Sifarişçi məhsulu təhvil aldıqda dərhal ekspeditorun təqdim etdiyi bank hesabına köçürmə yolu ilə xidmət haqqının tam şəkildə ödənilməsini təmin edir.

10. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmişdir.

11. Məhkəmə qeyd edir ki, müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf 5 ədəd nəqliyyat vasitəsi ilə, sürücüləri də, iddiaçının özü verməklə işğaldan azad olunmuş rayonlarda qum, şeben kimi malların daşımasını həyata keçirdiklərini bildirmirmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

12. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

13. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

14. İş materiallarına əlavə edilmiş “invoice” (faktura) sənədindən görünür ki, 18.460 kq olan malın daşınması ilə bağlı iddiaçı tərəfindən cavabdehə xidmət göstərilmişdir.

15. İş materiallarına əlavə edilmiş “quotation” adlı sənəddən görünür ki, qeyd edilmiş xidmətlərin dəyəri 4.620 ABŞ dolları təşkil edir.

16. Bundan başqa işdən görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDG 081210 saylı dəyəri 7.854 (4.620x1,7) manat olan elektron qaimə göndərilmişdir.

17. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından da görünür ki, Cavabdeh İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına borcu 2.267,06 ABŞ dolları məbləğində borcu vardır.

18. Hazırda isə iddiaçı tərəf cavabdeh tərəfindən müəyyən qədər ödəniş edildiyini bildirərək 2.267,06 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş edir.

19. Cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, xidmətin dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə hesab edir ki, invoysda qeyd olunmuş dəyərdə xidmət cavabdehə göstərilmişdir.

21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 2.267,06 ABŞ dolları məbləğində borcun tələb edilməsi hissəsində əsaslıdır.

22. Bundan başqa, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

23. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********88 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 59 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, LVC-AZE-S-2254 saylı müqaviləyə əsasən 2.267 (iki min iki yüz altmış yeddi) ABŞ dolları, 06 (altı) sent məbləğində pul ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla Cavabdehndən tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 (əlli doqquz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar