Məhkəmə qərarları › İş №e-2-2(113)-5/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Şirkətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh şirkətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətindən 227295 ABŞ dolları borcun və 7250 ABŞ dolları cərimənin, cəmi 234545 ABŞ dolları məbləğində borcun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 288,73 manat məbləğində pulun və 400 manat məbləğində mediasiya xərclərinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 iyul 2019-cu il tarixli 14/07/19 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış həmin müqaviləyə əsasən İddiaçı MMC 20000 (iyirmi min) baş həcmində xırdabuynuzlu damazlıq mal-qara satınalması üçün Cavabdeh şirkətinə sifariş vermişdir. Müqavilənin şərtlərinə uyğun olaraq hər sifariş üzrə Malların qiyməti hesab-fakturalarda qeyd olunur. Müqavilə bağlandıqdan sonra 30 iyul 2019-cu il tarixdə 337500 (üç yüz otuz yeddi min beş yüz) ABŞ dolları, 02 avqust 2019-cu il tarixdə 246 795 (iki yüz qırx altı min yeddi yüz doxsan beş) ABŞ dolları məbləğində pul cavabdehin hesabına ödənilmişdir. Cavabdeh isə iddiaçıya ümumi dəyəri 357 000 (üç yüz əlli yeddi min) ABŞ dolları dəyərində 4 760 (dörd min yeddi yüz altmış) baş xırda buynuzlu heyvan vermişdir. Lakin, hazırkı günə qədər cavabdeh tərəfindən iddiaçıya 227 295 (iki yüz iyirmi yeddi min iki yüz doxsan beş) ABŞ dolları dəyərində xırda buynuzlu heyvan verilməmişdir. Nəticədə cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməyərək müqavilənin şərtlərini pozmuşdur. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı müraciət və pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında öhdəliyi 227 295 (iki yüz iyirmi yeddi min iki yüz doxsan beş) ABŞ dolları dəyərində təşkil edir. Həmçinin, mövcud borcun ödənişi gecikdirildiyi üçün iddiaçının cavabdehdən müqavilənin 12.1-ci bəndində göstərilənlərə əsasən sifarişin təhvil verilməmiş hissəsinin dəyərinin 0,1 faizi həcmində, yəni 7 250 (yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində cərimə tələb etmək hüququ yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 598.1, 599.3, 385.1, 425.1, 425.2, 427.3, 442 və 449.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, avans məbləği cavabdehin hesabına köçdükdən sonra mallar ölkəyə göndərilməli idi. Lakin malların yalnız bir qismi ölkəyə idxal olunmuş, digər qismi isə pul və ya mal şəklində iddiaçının hesabına köçməmişdir. Cavabdeh Qazaxıstan Respublikasının hüquqi şəxsi olduğu üçün iddia ərizəsinə münasibət bildirməsi, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması üçün aidiyyəti üzrə Qazaxıstan Respublikasına məhkəmə tapşırığı göndərilmiş, məhkəmə tapşırığı icra olunaraq cavabdehə müvafiq sənədlər çatdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-14/2-18610/2025 saylı məktubla məhkəməyə TOO Cavabdeh barəsində Bakı Kommersiya Məhkəməsinin tapşırığının icrası ilə bağlı Qazaxıstan Respublikasının Qərbi- Qazaxıstan Vilayəti üzrə Məhkəmə Administrasiyası Departamentindən daxil olmuş sənədlər göndərilmişdir. Həmin məktuba əlavə olunmuş sənədlərin təqdim edilməsinə dair təsdiq vərəqəsindən görünür ki, məhkəmə tapşırığı və əlavə sənədlər xx.xx.2025-ci il tarixdə Cavabdeh şirkətinin rəhbəri X1 təqdim edilmişdir. Beləliklə, məhkəmə işi ilə bağlı məlumatlı olmasına baxmayaraq, cavabdeh iddiaya heç bir münasibət bildirməmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Cavabdeh (Satıcı) və İddiaçı MMC (Alıcı) arasında imzalanmış 14 iyul 2019-cu il tarixli 14/07/19 nömrəli müqavilədən görünür ki, Satıcı hal-hazırki Müqavilənin ayrılmaz tərkib hissəsi olan spesifikasiyalar əsasında 20000 (iyirmi min) baş həcmində xırdabuynuzlu mal-qaranın Alıcıya təchiz etməyi, Alıcı isə öz növbəsində alınan malların Müqavilənin 4-cü bəndində müəyyən edilmiş qiymətə əsasən (XBM) və (İBM) dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Təchizatın əsas şərtləri İNCOTERMS – 2000-ə uyğun olaraq CİF Bakı şəhəri müəyyən edilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, mallar spesifikasiyanın imzalandığı tarixdən 15 (on beş) təqvim günündən gec olmayaraq Alıcıya təchiz edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, rəsmi təchizat tarixi bildirişin tarixi və ya Azərbaycan Respublikasının müvafiq gömrük orqanlarının yük gömrük bəyannaməsində işarənin qoyulduğu tarixdir. Müqavilənin 5.2 - 5.6-cı bəndlərinə əsasən Alıcı hazırkı Müqavilə üzrə ödənişi aşağıdakı şəkildə həyata keçirir: qabaqcadan ödəmə şərtləri əsasında hər göndərilmiş mal partiyasının qiymətinin 100%-i, habelə hər göndərilmiş mal partiyası üçün 30 (otuz) təqvim günü müddətində ödənişə möhlət verilməklə. Tərəflərin imzaladığı Spesifikasiyalara uyğun olaraq təchiz edilən hər bir mal partiyasının müqavilə dəyəri birbaşa bank köçürməsi yolu ilə Satıcının hesabına göndərilməlidir. Alıcının ərazisində valyutanın alınması və onun köçürülməsi üçün bank xərcləri Alıcının hesabına həyata keçirilir. Alıcının ərazisindən kənarda valyuta köçürmələri üçün bank xərcləri Satıcı tərəfindən ödənilir. Alıcı malın dəyərini ödəyərkən ödəniş sənədi bank tərəfindən qəbul edildikdən sonra 2 gün ərzində bankın qeydi olan ödəniş sənədinin surətini faks və ya e-poçt vasitəsilə Satıcıya göndərir. Cavabdeh MMT tərəfindən verilmiş 7 avqust 2019-cu il tarixli 7/08 saylı hesabfakturadan görünür ki, 2952 baş quzu və 8 baş qoyun, xırda buynuzlu heyvanın ümumi dəyəri 222000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh MMT tərəfindən verilmiş 8 avqust 2019-cu il tarixli 09/08 saylı hesabfakturadan görünür ki, 1440 baş xırda buynuzlu heyvanın ümumi dəyəri 108000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh MMT tərəfindən verilmiş 9 avqust 2019-cu il tarixli 10/08 saylı hesabfakturadan görünür ki, 1810 baş xırda buynuzlu heyvanın ümumi dəyəri 135750 ABŞ dolları müəyyən edilmişdir. Gömrük bəyannamələrindən görünür ki, Cavabdeh şirkəti tərəfindən Azərbaycan Respublikasına cəmi 357000 ABŞ dolları dəyərində 4760 baş xırdabuynuzlu heyvan göndərilmişdir. 30 iyul 2019-cu il tarixli 105OCT********** nömrəli və 02 avqust 2019-cu il tarixli 105OCT********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, müvafiq olaraq 337 500 (üç yüz otuz yeddi min beş yüz) ABŞ dolları və 246 795 (iki yüz qırx altı min yeddi yüz doxsan beş) ABŞ dolları məbləğində pul iddiaçı tərəfindən Cavabdeh şirkətinin hesabına köçürülmüşdür. “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, İddiaçı MMC tərəfindən ********* nömrəli, xx.xx.2021-ci il tarixli qəbz üzrə 789 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh şirkəti ilkin mediasiya sessiyasında iştirak etməmiş, 400 manat mediasiya xərcini İddiaçı MMC ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 28-ci maddəsinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. 36.1-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0.7-ci maddəsinə əsasən iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının: 2.2-ci bəndinə əsasən xarici elementli mübahisələr üzrə Azərbaycan Respublikasının məhkəmələri beynəlxalq müqavilələrlə və ya tərəflərin razılaşması əsasında digər qayda müəyyən edilmədiyi halda (MPM-nin 28-ci maddəsi) beynəlxalq səlahiyyətə malikdir. Ona görə də, xarici elementli kommersiya mübahisələrində məhkəmələrin MPM ilə müəyyən edilmiş beynəlxalq səlahiyyətə malik olub-olmamalarının müəyyən edilməsi üçün ilk növbədə qeyd olunan iki haldan hər hansı birinin mövcudluğu aydınlaşdırılmalıdır. 2.4-ci bəndinə əsasən əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. 2.10-cu bəndinə əsasən məhkəmələrin xarici elementli mübahisə üzrə beynəlxalq səlahiyyətinin olub-olmaması müəyyən edilərkən aşağıdakı ardıcıllığa riayət edilməli və mübahisə üzrə qəbul edilən məhkəmə aktlarında müvafiq prosessual hüquq normalarına istinad edilməklə, lazımi qaydada əsaslandırılmalıdır: - tərəflər arasında Azərbaycan Respublikası məhkəməsinin və ya xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə yazılı şəkildə ifadə olunmuş ayrıca razılıq (müqavilə, saziş və s.) və ya razılaşma şərti mövcuddurmu; - əgər belə razılaşma yoxdursa, müvafiq məsələ barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr mövcuddurmu; - əgər belə beynəlxalq müqavilə də yoxdursa, MPM-də belə beynəlxalq səlahiyyət nəzərdə tutulmuşdurmu. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olması işin mübahisəsiz halıdır. Belə ki, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən alınacaq malların (xırdabuynuzlu heyvanlar) dəyəri qabaqcadan ödənilsə də, cavabdeh tərəfindən mallar iddiaçıya tam həcmdə təhvil verilməmişdir. İddiaçı tərəfindən cəmi 584295 ABŞ dolları məbləğində ödəniş edilməsi, cavabdehin isə 357000 ABŞ dolları dəyində 4760 baş xırdabuynuzlu heyvan verməsi, qalan 227295 ABŞ dolları dəyərində malları verməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (hesab-faktura, ödəniş tapşırığı, bəyannamələr və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, münasibət bildirməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 641.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə ilk növbədə hazırki iş üzrə tərəflərdən birinin xarici hüquqi şəxs olduğunu nəzərə alaraq, işə baxılması ilə əlaqədar məhkəmənin beynəlxalq səlahiyyətə malik olubolmamadığını aydınlaşdırmağı zəruri hesab edir. Məhkəmə “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 15/23 saylı Qərarının 2.10-cu bəndində qeyd olunanlara uyğun olaraq hesab edir ki, tərəflər arasında olan müqavilənin icrasının qismən, malların çatdırılmasının Azərbaycan Respublikasında həyata keçirilməsi şərti müqavilənin 2.1-ci bəndində nəzərdə tutulduğundan Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsinə əsasən hazırkı işə baxmaq üçün Bakı Kommersiya Məhkəməsi beynəlxalq səlahiyyətlidir. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək dəyəri ödənilmiş malları iddiaçıya təhvil vermədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi məbləği geri tələb etmək hüququna malik olmasını, iddiaçının haqlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 227295 ABŞ dolları borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 7250 ABŞ dolları cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədə malların çatdırılmasının gecikdirilməsi və ya tam həcmdə çatdırılmaması halında, çatdırılmamış hissənin dəyərinin hər gecikdirilmiş günü üçün 0.1% məbləğində cərimə məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 7250 ABŞ dolları məbləğində cərimə məbləği tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında malların dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə, iddianın təmin olunduğunu, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyini, iddia tələbinə uyğun olaraq 688,73 manat dövlət rüsumu ödənilməli olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 400 manat mediasiya xərcinin və ödənilməli olan 288,73 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh şirkətindən 227295 ABŞ dolları borc, 7250 ABŞ dolları cərimə məbləği olmaqla, ümumilikdə 234545 (iki yüz otuz dörd min beş yüz qırx beş) ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin və 288 (iki yüz səksən səkkiz) manat 73 (yetmiş üç) qəpik dövlət rusumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar