Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-50/2021 12.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi, Vəkil və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Birliyi) “sığorta ödənişlərinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 12005 manat sığorta ödənişi məbləğinin, 10000 manat əldən çıxmış fayda (əlavə zərər) məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 576 manat məbləğində dəbbə pulunun, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 23581 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı1 ilə “xxxx” ASC arasında bağlanmış BA seriyalı, 909988 nömrəli icbari sığorta müqaviləsinə əsasən, İddiaçı1 sahibkarlıq fəaliyyəti üçün istifadə etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 6 saylı binanın qarşısında yerləşən “EV BURGER” dönər evinə 21645 manat məbləğində sığorta təminatı verilmiş, xx.xx.2019-cu il tarixində sözügedən mağazada yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı fiziki şəxsə 12005 manat məbləğində zərər dəymiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini ödəməmişdir. Ticarət obyektinin hadisə ilə bağlı fəaliyyətin dayanması və “xxxx”ASC-nin üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi, vaxtında və tam şəkildə sığorta ödənişini verməməsi nəticəsində sahibkara əlavə olaraq 10000 manat məbləğində zərər dəymişdir. Yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri itirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi, Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 izahatında iddiaçının tələb etdiyi həcmdə iddianı qəbul etməyərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə müstəqil tələb irəli sürməyən 3 üçüncü şəxs X3 Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyət hüquqi ilə (tam paylı) məxsus ünvan 1 qapı 4 ünvanında yerləşən ümumi sahəsi 83,9 m2-dən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. BA seriyalı, 909988 nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən görünür ki, (sığortalı İddiaçı1 məxsus ünvan 1 qapı 4 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 60 manat, sığorta məbləği 21645 manat, azadolma məbləği 50 manat miqdarında müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli, 514 nömrəli dəymiş zərərin hesabatından görünür ki, Azərbaycan Respublikasının Maliyyə X1 reyestrinə daxil olmuş əmlak üzrə müstəqil ekspert (İlqar Zeynalov) hesabatında İddiaçı1 məxsus daşınmaz əmlaka (“El Burger” dönər evi) dəymiş ziyan cəmi 1990 manat təşkil edir. Dəymiş ziyanla əlaqədar görüləcək təmir-bərpa işləri üçün 1991-ci ilin qiymət və normaları əsasında tərtib edilmiş smetadan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən İddiaçı1 məxsus ictimai-iaşə obyektinə yanğın nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək təmir-bərpa işləri üçün ümumilikdə 12005,40 manat zərər hesablanmışdır. Azərbaycan Respublikası FHN-nin Əməliyyat-İstintaq İdarəsinin (baş təhqiqatçı V.Süleymanov) cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 01:09-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Y/S “Q”, 6 saylı binanın qarşısında yerləşən İddiaçı1 məxsus “El Burger” dönər evində baş vermiş yangında cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. (1568 saylı material) xx xxxxxx 2020-ci il tarixli 10/927-9/1455 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən İddiaçı1 məxsus ictimai-iaşə obyektində baş vermiş yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 8250 manat məbləğində müəyyən olmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Ekspert rəyinin smeta cədvəlinin daxili divarların və tavan səthindən suvaq qatının sökülməsi qrafası və döşəmədən köhnə metlaxın sökülməsi və yenisinin vurulması (material ilə birlikdə) qrafasında isə müvafiq olaraq 90 m2 və 50 m2 qeyd edilmişdir. xx xxxxxx 2020-ci il tarixli 10/927-9/1455 nömrəli məhkəmə ekspertiza rəyinə izah verilməsi üçün məhkəmə iclasına dəvət edilmiş ekspert Teymur Məmmədov izahatında bildirmişdir ki, iki hissədən ibarət olan obyektdə hər iki hissədə yanğın olduğundan 18.36 m2 olan 1-ci hissə ilə 41.65 m2 olan 2-ci hissə toplanmışdır. Ekspert, rəyin smeta cədvəlinin daxili divarların və tavan səthindən suvaq qatının sökülməsi qrafası və döşəmədən köhnə metlaxın sökülməsi və yenisinin vurulması (material ilə birlikdə) qrafasında müvafiq olaraq 90 m2 və 50 m2 göstərilmişdir. Belə ki, divar, tavan və kafelmetlaxlar bir hissəsi yararsız vəziyyətə düşdüyü halda bütün sahələr eyni qaydada təmir olunur rənglənir və sair, həmçinin bütün kafel-metlax dəyişdirilir, çünki zərərçəkən şəxs bazardan eyni kafel-metlaxı tapmaya bilər və bu səbəbdən bütün sahənin kafel-metlaxı dəyişir. Hesablama mexanizminə gəlincə isə ekspert qeyd etmişdir ki, müəyyən olunmuş metodikaya görə sahənin uzunluğu ilə eni toplanaraq 2-yə (perimetrinə) vurulur və alınan cavab da hündürlüyə vurulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1.8-ci maddəsinə görə təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-ci maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Məhkəmədə baxışında müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixində baş vermiş yanğın nəticəsində “xxxx” ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış ünvan 1 qapı 4 ünvanında yerləşən sığortalı İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinə (“El Burger” dönər evi) zərər dəymişdir. Məhkəmə dəymiş zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən smetaya görə dəymiş ziyan 12005,40 manat, cavabdeh tərəfindən təqdim edilən hesabata görə dəymiş ziyan 1990 manat müəyyən olunsa da, məhkəmə ekspertizasının rəyində isə dəymiş ziyan 8250 manat göstərildiyindən, məhkəmə xx xxxxxx 2020-ci il tarixli 10/927- 9/1455 nömrəli məhkəmə ekspertizasının rəyini əsas götürərək, dəymiş ziyanı 8250 manat məbləğində müəyyən etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən müəyyən edilmiş 8250 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Yuxarıdakı normaya əsasən, məhkəmə, sığortaçı sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəmədiyindən öhdəliyin gecikdirilməsinə görə tələb olunan məbləğlə bağlı qeyd edir ki, iddiaçı, 12005 manat məbləğində sığorta ödənişinin 48 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% dəbbə hesablamaqla 576 manat (12005*48*0,1%=576) məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləği 8250 manat müəyyən edildiyindən və sığorta ödənişinin 48 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% dəbbə hesablanmaqla 396 manat (8250*48*0,1%=396) olduğundan iddia həmin hissədə qismən təmin edilərək 396 manat həçmində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı 10000 manat əldən çıxmış fayda və 1000 manat vəkil xərclərini tələb etsə də, bununla bağlı heç bir sübut təqdim edilmədiyinə görə iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, sığorta ödənişi olan 8250 manat və sığorta ödənişinin 48 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% dəbbə hesablanmaqla 396 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olan 8250 manat və sığorta ödənişinin 48 gün gecikdirilməsinə görə hər gün üçün 0,1% dəbbə hesablanmaqla 396 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-50/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-50/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver