Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-500/2021 29.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı müqavilədən irəli gələn öhdəliyi icra etməməsi ilə bağlı yaranmış borc tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC X3 qarşı müqavilədən irəli gələn öhdəliyi icra etməməsi ilə bağlı yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6731 manat məbləğində pul vəsaitinin, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X5 arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx xxxxxx 2020-ci il tarixli, 007/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 6731 (altı min yeddi yüz otuz bir) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2-ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş müddətinin bitməsinə baxmayaraq, cavabdeh X5 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini bu günədək İddiaçı MMC-yə ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır”. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, “Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Öhdəlik bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etmək, məsələn, pul ödəmək, əmlak vermək, iş görmək, xidmətlər göstərmək və s. və ya müəyyən hərəkətdən çəkinmək vəzifəsini, kreditorun isə həmin vəzifələrin icrasını tələb etmək hüququnu ehtiva edən mülki hüquq münasibətidir. Cavabdeh İddiaçı MMC-yə xx xxxxxx 2020-ci il tarixli ərizə təqdim edərək, İddiaçı MMC-yə olan 6731 manat borcunu xx.xx.2020-ci il tarixinədək tam şəkildə ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh bu günədək həmin məbləği İddiaçı MMC-yə ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq edərək, müqavilə üzrə öhdəliklərini icra etməsini və İddiaçı MMC-yə olan borcunu ödəməsini xahiş etsə də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışıdır. Cavabdehlə bağlanmış müqavilənin 8-ci bəndində qeyd edilib: “Tərəflər qəbul ediblər ki, bu müqavilə üzrə öhdəliklərin icra yeri Bakı şəhəri Binəqədi rayon ərazisidir. Tərəflər arasında bu müqavilə ilə gələcəkdə mübahisə yaranarsa, mübahisənin həllinə Satıcının qeydiyyatda olduğu ünvan üzrə həmin məhkəmə tərəfindən baxılacaq”. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh aralarında xx xxxxxx 2020-ci tarixdə bağlanmış 007/2020 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC sifarişlər əsasında razılaşdırımış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi, habelə digər hüquqi formada ticarət predmeti olan malları alıcıya satır, alıcı isə malı satıcıdan alır və müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. İş materiallarında olan satıcı olan xx xxxxxx 2020-ci tarixdə bağlanmış 007/2020 saylı alqı-satqı müqaviləsi üzrə təhvil–təslim aktından görünür ki, 6731 manat məbləğində mallar İddiaçı MMC-nin təhvil verdiyi alıcı X6 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan ərizədən görünür ki, X6 xx xxxxxx 2020-ci il tarixli 007/2020 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 6731 manat borcu olduğunu və xx.xx.2020-ci il tarixədək borcu tam şəkildə ödəyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə 6731 manat məbləğində borc ödənilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, X2 6731 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X2 6731 ( altı min yeddi yüz otuz bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-500/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-500/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver