Məhkəmə qərarları › İş №e-2-2(113)-5000/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5000/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5000/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat əsas borc, 4.250 manat gecikmə faizi və dövlət rüsumuna görə ödənən 133 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə İddiaçı MMC (Satıcı) ilə Cavabdeh MMC (Alıcı) arasında 18/2023 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən Cavabdeh MMC aldığı malların dəyərini İddiaçı MMC-yə 30 gün ərzində ödəməli idi. Cavabdeh MMC tərəfindən sonuncu mal xx.xx.2023-ci il tarixində alınmışdır. Beləliklə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixinə qədər ödənilməli olduğu halda, cavabdeh tərəfindən hal-hazırki dövrə qədər pul ödənilməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu ƏDV xaric 10.000 manat təşkil edir. Həmçinin Alıcı müqavilənin 8.2.-ci bəndinə əsasən, aldığı malın dəyərini 30 gün müddətində ödəmədiyi təqdirdə güçikdirilmiş hər gün üçün aldığı malın dəyərinin 0.1% miqdarında gecikmə faizi ödəməlidir. Alıcı aldığı malın dəyərini 425 gün gecikdirmişdir. Odur ki, dəbbə pulunun miqdarı 4.250 manat təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə dəfələrlə borcun ödənməsi və alqı-satqı müqaviləsinin şərtlərini kobud şəkildə pozduğuna görə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin, edilən xəbərdarlıqlar heç bir nəticə verməmişdir.

II. Tərəflərin mövqeləri: 3.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri: 5.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" Sika MMC və "xxxx" Bashak Supply MMC arasında bağlanan 27 fevral 2023-cü il tarixli 18/2023 saylı Alqı-Satqı müqaviləsinin: 2.1-ci bəndinə əsasən, Satıcı malı Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin malı qəbul edib əvəzində Malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Alıcıya ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən, satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1 ilə müəyyən edilir. 5.1.1-ci bəndinə əsasən, malın alınması ilə bağlı Alıcıya elektron qaimə-faktura Satıcı tərəfindən Alıcıya göndərildikdən sonra Alıcı 5 təqvim günü ərzində ona göndərilən qaimə-fakturanın ləğv və ya düzəliş edilməsi ilə bağlı müraciət edə bilər. Əks təqdirdə həmin mal Alıcı tərəfindən qəbul edilmiş sayılır. 8.2-ci bəndinə əsasən, Alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0.1 faizi məbləğində dəbbə pulu ödəyir.

7. Sika MMC tərəfindən Bashak Supply MMC-yə göndərilən EBDB seriyalı 752119 nömrəli elektron qaimədən görünür ki, yekun məbləğ 43129.90 manat (36550.76 + 6579.14 manat ƏDV) təşkil etmişdir.

8. 07 mart 2023-cü il tarixli 000İPX********** nömrəli ödəniş qəbzindən görünür ki, ödəyici Bashak Supply MMC tərəfindən vəsaiti alan Sika MMC-nin hesabına 18000 manat ödəniş həyata keçirilmişdir.

9. 16 may 2023-cü il tarixli 000İPX123136175F nömrəli ödəniş qəbzindən görünür ki, ödəyici Bashak Supply MMC tərəfindən vəsaiti alan Sika MMC-nin hesabına 8550.76 manat ödəniş həyata keçirilmişdir.

10. ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 133 manat ödəniş həyata keçirilmişdir.

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçı qarşısında satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqısatqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, 18/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək cavabdehə ümumi dəyəri 43129.90 manat təşkil edən malları təhvil verilmiş, lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək mallarının dəyərinin böyük bir qismi üzrə ödənişini həyata keçirməmişdir. Sözügedən Müqavilənin 5.1.1-ci bəndinə əsasən, tərəflər elektron qaiməfaktura Satıcı tərəfindən Alıcıya göndərildikdən sonra 5 təqvim günü ərzində onun ləğv və ya düzəliş edilməsi ilə bağlı müraciət edilmədiyi təqdirdə həmin malın Alıcı tərəfindən qəbul edilmiş sayılması barədə razılığa gəlmişlər. Belə ki, iş materiallarından aydın olur ki, Cavabdeh tərəfindən sözügedən müqaviləyə əsasən əsas borc üzrə 26550.76 manat, ƏDV borcu üzrə 6579.14 manat ödəniş həyata keçirilmiş, 10000 manat əsas borc ödənilməmiş qalmışdır.

14. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsininKommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

15. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, müqavilənin icrası zamanı tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, o cümlədən cavabdeh tərəfindən ödənişlərin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10000 manat məbləğində borc məbləği tutularaq İddiaçıya ödənilməlidir.

16. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 4250 manat məbləğində cərimə borcunun ödənilməsini də irəli sürür.

17. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

18. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində dəbbə pulu tutulmasını məqsədəuyğun hesab edir. İddia qalan hissədə təmin edilməməlidir.

19. İddiaçı eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 133 manat pul məbləğinin ödənilməsini tələb edir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. İddiaçı rüsum ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədləri məhkəməyə təqdim etdiyindən məhkəmə bu hissədə də tələbi əsaslı hesab edir.

IV. Nəticə:

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10.000 (on min) manat əsas borc, 500 (beş yüz) manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 133 (yüz otuz üç) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar