Məhkəmə qərarları › İş №e-2-2(113)-5001/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5001/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5001/2025 10.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqavilə və xx.xx.2025-ci il tarixli, 01/25 nömrəli Üzləşmə Aktına uyğun olaraq əsas 7319.80 AZN və ona əlavə edilmiş 1317.56 AZN ƏDVilə birgə 8637.36 AZN dəyərində malların dəyərinin və dövlət rüsumu qismində ödənilmiş 106.37 AZN olmaqla, ümumilikdə 8743.73 AZN dəyərində vəsaitin cavabdehdən tutularaq xeyrimizə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (Müqavilə üzrə “Alıcı”) ilə İddiaçı MMC (Müqavilə üzrə “Satıcı”) arasında 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqaviləyə əsasən, Satıcı öz öhdəliklərini tam və lazımi qaydada yerinə yetirmişdir. Belə ki, Müqavilə şərtlərinə uyğun olaraq, Satıcı tərəfindən çeşidi, qiyməti və sayıAlıcıya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən edilən hovuz materialları tam həcmdə və keyfiyyətdə təhvil verilmişdir. Malların dəyəri 03 sentyabr 2024-cü il tarixli, 01/24 nömrəli X3 əsasən 1266.00 AZN və ona əlavə edilən 227.88AZN ƏDV məbləği ilə birgə 1493.88 AZN (min dörd yüz doxsan üç manat səksən səkkiz qəpik), 05 sentyabr 2024-cü il tarixli, 02/24 nömrəli X3 əsasən1311.40 AZN və ona əlavə edilən 236.05 AZN ƏDV məbləği ilə birgə 1547.45 AZN (min beş yüz qırx yeddi manat qırx beş qəpik),06 sentyabr 2024-cü il tarixli, 03/24 nömrəli X3 əsasən 7942.00 AZNvə ona əlavə edilən 1429.56 AZN ƏDVilə birgə 9371.56 AZN (doqquz min üç yüz yetmiş bir manat əlli altı qəpik), 10 sentyabr 2024-cü il tarixli 04/24 nömrəli X3 əsasən 1842.40 AZNvə ona əlavə edilən 331.63 AZN ƏDVməbləği ilə birgə 2174.03 AZN (iki min yüz yetmiş dörd manat üç qəpik)olmaqla ümumilikdə 12 362.80 AZNvə ona əlavə edilən 2225.12 AZN ƏDVməbləği ilə birgə 14 586.92 AZN (on dörd min beş yüz səksən altı manat doxsan iki qəpik) müəyyən edilmişdir. Satıcı həmin məbləğin yalnız 5042.00 AZNvə ona əlavə edilən 907.56 AZN ƏDVilə birlikdə 5949.56 AZN (beş min doqquz qırx doqquz manat əlli altı qəpik)olan hissəsini ödəmiş, geri qalan 7319.80 AZN və ona əlavə edilən 1317.56 AZN ƏDVilə birlikdə 8637.36 AZN (səkkiz min altı yüz otuz yeddi manat otuz altı qəpik)məbləği ödəməkdən imtina etmişdir. Buna uyğun olaraq hesab edirik ki, Məhkəmə tərəfindən 8637.36AZN (səkkiz min altı yüz otuz yeddi manat otuz altı qəpik)məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. İşin faktiki halları İddiaçı MMC xx.xx.2019-cu il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyata alınaraq təsis edilmişdir. Cavabdeh MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixində qeydiyyata alınaraq təsis edilmişdir. İddiaçı ilə cavabdeh arasında 26 oktyabr 2023-cü il tarixində 69/23 saylı Müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən Satıcı hovuz materiallarının satmağı öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq Satıcı Alıcıdan təklif olunan malları alır. Müqavilənin 2.3-cü bəndinə uyğun olaraq malların çeşidi, qiyməti və sayı Alıcıya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən olunur. Müqavilənin 3.1-ci bəndinə uyğun olaraq Satıcı satılmış malları Alıcıya elektron-qaimə faktura və hesab faktura əsasında təhvil verəcək, Alıcı isə elektron qaimə faktura əsasında təhvil alacaq. Müqavilənin 3.3-cü bəndinə əsasən Alıcı malları qəbul etdikdən sonra elektron qaimə faktura ilə bu malların qəbulunu öz imzası ilə təsdiq edir. Müqavilənin 4.1-ci bəndinə əsasən Satıcı satdığı malları Alıcıya təhvil verdikdən sonra Alıcı elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir. Müqavilənin 5.1.2-ci bəndinə əsasən Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək hüququndadır. Müqavilənin 6.2-ci bəndinə əsasən Tərəflər Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müvafiq məhkəmələrdə həll edilir. xx.xx.2024-cü il tarixli, 1№-li Təhvil təslim aktına uyğun olaraq 10 ədəd kley, 60 ədəd dirsək, 20 ədəd mufta, 30 ədəd dirsək, xx.xx.2024-cü il tarixli, 2№-li Təhvil təslim aktına uyğun olaraq 50 ədəd dirsək, 20 ədəd Tee, 102 ədəd boru, xx.xx.2024-cü il tarixli 3№-li Təhvil təslim aktına uyğun olaraq 10 ədəd Tee, 10 ədəd kley, 30 ədəd dirsək, 10 ədəd keçid, 15 ədəd dirsək, 40 ədəd dirsək, 600 ədəd boru və xx.xx.2024-cü il tarixli 4№-li təhvil təslim aktına uyğun olaraq 10 ədəd dirsək, 5 ədəd kley pimtaş, 15 ədəd dirsək və 132 ədəd boru Satıcı tərəfindən Alıcıya təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli üzləşmə aktına əsasən 12361.80 AZN + 2225.12 AZN (ƏDV 18%)mallar, Cavabdeh MMC-yə təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixində İddiaçı MMC-yə 5042.00 AZN + 907.56 AZN (ƏDV18%) ödənilmişdir. xx.xx.2025-ci il tarixə qədər 7319.80 AZN + 1317.56 AZN (ƏDV18%) ödənilməmiş qalmışdır. Cavabdehə xx.xx.2025-ci il tarixində Müqavilə üzrə öhdəliyin icra edilməsinə dair pretenziya məktubu göndərilmiş, müsbət geri dönüş əldə edilməmişdir. Qarşılıqlı əməkdaşlıq münasibətlərimizin əsasını təşkil edən Müqavilənin icrası zamanı tərəfimizdən bütün öhdəliklər tam, vicdanla və peşəkarlıqla yerinə yetirilmişdir. Müqavilənin icrası çərçivəsində bütün fəaliyyətlər qanunvericiliyin tələblərinə uyğun şəkildə, razılaşdırılmış şərtlər əsasında həyata keçirilmişdir. Cavabdehə təqdim edilən mallar müqavilədə nəzərdə tutulan, növ, miqdar, çeşid və keyfiyyətdə olmuşdur. Bununla belə təqdim edilən məhsulların qüsurları barədə cavabdeh tərəfindən bildiriş təqdim olunmamışdır. Lakin təəssüflə bildirməliyik ki, bütün bunlara baxmayaraq, əməkdaşlığın davamı zamanı qarşı tərəfin fəaliyyəti nəticəsində hüquqlarımız ciddi şəkildə pozulmuşdur. Bu cür davranışlar, bir tərəfin bütün şərtlərə riayət etdiyi halda, qarşı tərəfin hüquqi və etik öhdəliklərdən yayınması kimi qiymətləndirilməli və hüquqi məsuliyyət doğuran hal kimi dəyərləndirilməlidir. Tərəfimizdən yalnız Müqavilənin şərtlərinə deyil, eyni zamanda əməkdaşlıqda şəffaflıq, qarşılıqlı etimad və hüquqi sabitlik prinsiplərinə də tam əməl edilmişdir. Buna baxmayaraq, qarşı tərəfin bu prinsipləri pozması nəticəsində yaranmış vəziyyət bizə maddi zərər yetirmişdir. Bununla yanaşı, diqqətinizə çatdırmaq istəyirik ki, təhvil verilən ümumi dəyəri ümumi dəyəri 12361.80 AZN + 2225.12 AZN (ƏDV 18%) təşkil etmişdir. xx.xx.2025-ci il tarixli, 01/25 №-li Üzləşmə Aktından da görünür ki, cavabdeh xx.xx.2024-cü ildə məhsulların ümumi dəyərinin yalnız bir hissəsini – 5042.00AZN + 907.56AZN (ƏDV 18%)ödəmişdir. Geri qalan məbləğ - 7319.80 AZN + 1317.56 AZN (ƏDV 18%) bu günədək ödənilməmiş qalıb. Ümumilikdə borcun ödənilməsi gecikdirilir və bu müddət ərzində ödənilməni təmin etmək məqsədilə cavabdeh tərəflə müxtəlif kommunikasiya vasitələri vasitəsilə əlaqə saxlanılmış, problemi hüquqi müstəviyə keçirmədən, qarşılıqlı anlaşma və xoşniyyət əsasında mübahisənin həllini təmin etməyə çalışılmışdır. Göndərilən müraciətlərdə yaranmış borcun məbləği, ödənişin gecikmə müddəti və Müqavilə şərtləri aydın şəkildə izah edilmiş, cavabdehə öhdəliyin könüllü şəkildə yerinə yetirilməsi üçün dəfələrlə əlavə vaxt və imkan təqdim olunmuşdur. Lakin bütün bu cəhdlərə, tərəfimizdən göstərilən xoşniyyətli münasibətə və peşəkar yanaşmaya baxmayaraq, cavabdeh tərəfindən borcun tam ödənilməsi istiqamətində qənaətbəxş addımlar atılmamışdır. Beləliklə, Alıcının müqavilə öhdəliklərinə məsuliyyətsiz yanaşması nəticəsində yaranmış bu vəziyyət, müvafiq olaraq, müqavilə hüququnun əsas prinsipləri çərçivəsində dəyərləndirilməli və hüquqlarımızın bərpası üçün zəruri tədbirlər görülməlidir. II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini, həmçinin iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqaviləyə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Hovuz materialların satışı” (bundan sonra mal adlandırılacaq) satır.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” isə “Satıcı”dan təklif olunan həmin malları alır.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən malların çeşidi, qiyməti və sayı “Alıcı”-ya təqdim olunmuş elektron qaimə fakturaya əsasən müəyyən olunur.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən "Satıcı” satılmış malları “Alıcı”ya elektronqaimə faktura və hesab faktura əsasında təhvil verəcək. “Alıcı” isə elektron qaimə faktura əsasında təhvil alır.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən “Satıcı” malların təhvil verilməsi ilə birlikdə hesab-faktura və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən “Alıcı” malları qəbul etdikdən sonra elekton qaimə faktura ilə bu malların qəbulunu öz imzası ilə təsdiq edir.

14. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” satdığı malları “Alıcı”ya təhvil verdikdən sonra “Alıcı” elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir.

15. Müqavilənin 4.2-ci bəndinə əsasən “Alıcı” sifariş etdiyi malların tam dəyərini “Satıcı”nın təqdim etdiyi və müqavilədə qeyd olunan bank hesabına köçürməklə həyata keçirir.

16. Müqavilənin 4.3-cü bəndinə əsasən malların “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” həmin öhdəliyi lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir.

17. Müqavilənin 5.1-ci bəndinə əsasən “Satıcı”nın aşağıdakı hüquq və vəzifələri vardır:

18. Müqavilənin 5.1.1-ci bəndinə əsasən “Satıcı” sifariş edilən malların, xidmət və işlərin keyfiyyətinə görə məsuliyyət daşıyır.

19. Müqavilənin 5.1.2-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı” dan tələb etmək;

20. Müqavilənin 5.1.3-cü bəndinə əsasən “Alıcı”ya tərəflərin razılaşdıqları çeşiddə mallar vermək;

21. Müqavilənin 5.1.4-cü bəndinə əsasən “Alıcı”ya malları onların daşınması və saxlanılması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək;

22. Müqavilənin 5.2-ci bəndinə əsasən “Alıcı”nın aşağıdakı hüquq və vəzifələri vardır:

23. Müqavilənin 5.2.1-ci bəndinə əsasən əgər “Satıcı” satılmış malları “Alıcı”ya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək;

24. Müqavilənin 5.2.2-ci bəndinə əsasən “Satıcı” müqaviləni pozaraq “Alıcı”ya sifarişdən az miqdarda mallar verdikdə, çatışmayan miqdarda malların verilməsini tələb etmək və ya verilmiş mallardan və onun dəyərini ödəməkdən imtina etmək, mallar dəyəri ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək;

25. Müqavilənin 5.2.3-cü bəndinə əsasən bu müqavilədən, yaranan münasibətlər tərəflər arasında razılıq yolu ilə öz həllini tapmazsa, bu fakt Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.

26. Müqavilənin 5.2.4-cü bəndinə əsasən “Alıcı” aldığı malları 14 (on dörd) gün ərzində qaytara və ya dəyişdirə biləcəkdir.

27. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən 1493,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli 02 nömrəli təhvil-təslim aktına əsasən 1547,45 manat məbləğində, xx.xx.2024-cü il tarixli 03 nömrəli təhvil-təslim aktına əsasən 9371,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli 04 nömrəli təhvil-təslim aktına əsasən 2174,03 manat məbləğində mallar təhvil verilmişdir.

28. İddiaçı tərəfindən malların satışına dair cavabdehə xx.xx.2024-cü il tarixli MT**********12 saylı 1493,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********68 saylı 1547,45 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********09 saylı 9371,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT**********40 saylı 2174,03 manat məbləğində e-qaimələr göndərilmişdir.

29. xx.xx.2025-ci il tarixli Üzləşmə Aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMCyə xx.xx.2025ci il tarixinə qədər 7319,80+1317,56 (ƏDV 18%) borcu qalmışdır. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

30. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

32. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

33. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

34. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

35. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

36. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

38. Göründüyü kimi tərəflər arasında 26 oktyabr 2023-cü il tarixində bağlanmış, 69/23 nömrəli Müqavilənin 2.1-ci bəndinə əsasən müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya “Hovuz materialların satışı” satır. Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” isə “Satıcı”dan təklif olunan həmin malları alır. Müqavilənin 4.1-ci bəndinə əsasən “Satıcı” satdığı malları “Alıcı”ya təhvil verdikdən sonra “Alıcı” elektron qaimə fakturada göstərilmiş malların dəyərini tam olaraq ödəyir. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə ƏDV daxil 8637,36 manat ödənilməmiş borcu qalmışdır. Qarşılıqlı üzləşmə aktı ilə borc təsdiqini tapmışdır.

39. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktları, üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 8637,36 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

40. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 8637,36 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8637,36 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

41. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 106,37 manat dövlət rüsumu ödənilmişdir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün, dövlət rüsumunun əvəzi qismində 106,37 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 26 oktyabr 2023-cü il tarixli 69/23 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 8637,36 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 106,37 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar