Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5002/2024 30.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.761,89 manat məbləğində borcun, cavabdeh tərəfindən iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla həmin vəsaitdən faydalandığına görə iddia ərizəsi ilə müraciət edilən tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi ilə 04 iyul 2024-cü il tarixədək hesablanmış 1.413,19 manat məbləğində faiz borcunun, 04 iyul 2024-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən 31.761,89 manat məbləğində borcun iddiaçıya ödənildiyi günədək, qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürməklə hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun, vəkilə ödənilmiş 500 manatın, ödənilmiş 192 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı (VÖEN:**********) ilə alıcı Cavabdeh (VÖEN:**********) arasında 30 mart 2023-cü il tarixli 291 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Bu Müqaviləyə əsasən iddiaçı cavabdehə bu Müqavilənin Əlavəsində təsvir edilən malları satır, cavabdeh isə malları qəbul edir və dəyərini razılaşdırılmış qaydada iddiaçıya ödəyir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra edərək müqavilə çərçivəsində cavabdehə 108.920,25 manat məbləğində malları, yəni ərzaq məhsullarını təhvil vermişdir. Cavabdeh isə müqavilə çərçivəsində aldığı malların dəyərinin bir hissəsini, yəni 77.158,36 manat məbləğini iddiaçıya ödəmiş, qalan hissəsini isə ödəməkdən yayınmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə, iddia, “04 iyul 2024-cü il tarixdən başlayaraq cavabdeh tərəfindən 31.761,89 manat məbləğində borcun iddiaçıya ödənildiyi günədək, qətnamənin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsi əsas götürməklə hər gecikdirilmiş günə görə hesablanmış faiz borcunun ödənilməsi” hissəsində baxılmamış saxlanılmışdır.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında 30 mart 2023-cü il tarixli 291 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya bu müqavilənin əlavəsində təsvir edilən malları satır, alıcı isə malları qəbul edir və dəyərini razılaşdırılmış qaydada satıcıya ödəyir.
13. Müqavilə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı üzərinə düşür.
16. İş materiallarına əlavə olunmuş, hər iki tərəfin direktorunun imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçınə ƏDV daxil 31.761,89 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
17. Göründüyü kimi, Cavabdeh direktoru üzləşmə aktını imza və möhürü ilə təsdiq etməklə qeyd edilmiş dəyərdə malların verildiyini və həmçinin də, verilmiş olan mallara görə qeyd edilmiş məbləğdə borcunun olduğunu qəbul etmişdir.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı da iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən 31.761,89 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.
19. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, tələb olunan borc məbləğinin ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
20. Yekun olaraq, məhkəmə hesab edir ki, müqaviləyə əsasən 31.761,89 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən tələb edilən Mərkəzi Bankının uçot dərəcəsinə uyğun 04 iyul 2024-cü il tarixədək hesablanmış 1.413,19 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İddiaçı tərəf qeyd edilən pulu Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək tələb edir.
23. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.
25. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.
26. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.
27. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 192 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
28. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, **********02 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 193 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
29. Lakin, məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 185,28 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
31. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, 500 manat məbləğində pul iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənmişdir.
32. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 31.761 (otuz bir min yeddi yüz altmış bir) manat, 89 (səksən doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 185 (bir yüz səksən beş) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov