Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5005/2023 13.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, X1, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, fərdi sahibkar Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AAXXXX) dövlət büdcəsinə olan 23191,21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3181,85 manat, İşsizlikdən Sığorta Fonduna olan 17,43 manat və İcbari Tibbi Sığorta Fonduna 432,48 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3181,85 manat, İcbari Tibbi Sığorta Fonduna 432,48 manat, dövlət büdcəsinə 23191,21 manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 23191,21 manat), İşsizlikdən Sığorta Fonduna 17,43 manat olmaqla, ümumilikdə 26822,97 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********686000, xx.xx.2023-cü il tarixli **********403000, xx.xx.2023-cü il tarixli **********347800, xx.xx.2023-cü il tarixli **********474300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclaslarında iştirak edərək ölkədən getmək hüququnun məhdudlaşdırılmasına etiraz etdi və qeyd etdi ki, vergi borcları tam ödənilmiş, ərizədə qeyd olunan Dövlət Sosial Müdafiə Fonduna olan borcun isə bir hissəsi ödənmiş, ümumi qalıq borcun yaxın vaxtlarda ödənilməsi planlaşdırılır. Ödəmələrdə gecikmələr sahibkarlıq fəaliyyətini həyata keçirdiyi restoranın maliyyə vəziyyətindəki çətinliklərlə bağlıdır.
III. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
7. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
8. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olubolmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.
12. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.
13. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2018-ci il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN (**********) verilmişdir və onun sahibkarlıq fəaliyyətinin əsas istiqaməti restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlərdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
15. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlər Maraqlı şəxs elektron kabinetinə yerləşdirilmişdir.
16. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 23196,59 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 8756,05 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 193,56 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 1272,62 manat təşkil edir.
17. Ərizədən görünür ki, ərizəçi vergi ödəyicisi olan maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını dövlət büdcəsinə olan 23191,21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3181,85 manat, İşsizlikdən Sığorta Fonduna olan 17,43 manat və İcbari Tibbi Sığorta Fonduna 432,48 manat borcunun ödənilməsini təmin etmək üçün xahiş edir.
18. Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 0 (sərəncam əsasında xx.xx.2023-cü il tarixdə 25,4 manat, xx.xx.2023-cü il tarixdə 24,3 manat, xx.xx.2023-cü il tarixdə 12,75 manat, xx.xx.2023-cü il tarixdə 12,75 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 729,41 manat və 23191,21 manat ödəniş edilməklə) manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 8327,62 manat (sərəncam əsasında xx.xx.2023-cü il tarixdə 517,5 manat, xx.xx.2023-cü il tarixdə 59,07 manat və xx.xx.2023-cü il tarixdə 203,75 manat ödəniş edilməklə), İşsizlikdən Sığorta Fonduna olan borcu 9,57 manat (sərəncam əsasında xx.xx.2023-cü il tarixdə 67,23 manat, 91,54 manat, 0,04 manat və 34,70 manat ödəniş edilməklə) İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 72,71 manat (sərəncam əsasında xx.xx.2023-cü il tarixdə 664,1 manat, 357,23 manat, 94,8 manat və 156,34 manat ödəniş edilməklə) təşkil edir.
19. Məhkəməyə təqdim edilən 13678 (GPP qəbz nömrəsi **********) nömrəli xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1000 manat məbləğində pul 121112 büdcə səviyyə kodu üzrə fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təyinatı ilə Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir.
20. “Elektron məhkəmə” informasiya sisteminin yekun məhkəmə qərarlarının vahid bazası tətbiqi proqram təminatı vasitəsilə əldə olunmuş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9317/2023 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh Maraqlı şəxs qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1424,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2000 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin qərarla iddia təmin edilmiş, Maraqlı şəxs xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 1424,15 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2000 manat məbləğində siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Maraqlı şəxs qaytarılması qərara alınmışdır.
21. Məhkəmə müəyyən edir ki: - Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9317/2023 nömrəli qərarı ilə Maraqlı şəxs xx.xx.2022-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan 1424,15 manat borcuna görə siyahıya alınmış 2000 manat əmlakının ticarət şəbəkələrində satılması qərara alınmışdır; - vergi orqanı xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək maraqlı şəxsin dövlət büdcəsinə olan 23191,21 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 3181,85 manat, İşsizlikdən Sığorta Fonduna olan 17,43 manat və İcbari Tibbi Sığorta Fonduna 432,48 manat borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir; - maraqlı şəxsin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 23196,59 manat, Dövlət Sosial Müdafiə Fonduna 8756,05 manat, İşsizlikdən Sığorta Fonduna 193,56 manat, İcbari Tibbi Sığorta Fonduna 1272,62 manat borcu olmuşdur; - vergi orqanının sərəncamları əsasında müvafiq ödənişlər (vergi borcu üzrə 24035,82, işsizlikdən sığorta haqqı üzrə 193,51 manat, icbari tibbi sığorta haqqı üzrə 1272,47 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 780,32 manat) həyata keçirildikdən sonra xx.xx.2023-cü il tarixə maraqlı şəxsin dövlət büdcəsinə borcu qalmamış, əksinə 853,08 manat artıq ödəməsi yaranmış, məcburi dövlət sosial sığorta haqqı üzrə 8327,62 manat, işsizlikdən sığorta haqqı üzrə 9,57 manat, icbari tibbi sığorta haqqı üzrə 72,71 manat həcmində öhdəliyi icra edilməmiş qalmışdır; - xx.xx.2023-cü il tarixdə 1000 manat məbləğində pul 121112 büdcə səviyyə kodu üzrə fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təyinatı ilə Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir.
22. Beləliklə, məhkəmə qeyd edir ki, maraqlı şəxs ərizədə qeyd olunan vergi, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə borc məbləğinin ödənilməsi tam təmin etmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə 3181,85 manat borc məbləğinin ödənilməsini isə qismən (1780,32 manat) təmin etmişdir.
23. Məhkəmə ümumi qalıq borcla əlaqədar maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. Avropa Məhkəməsinin “Reiner Bolqarıstana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, Konvensiyaya üzv dövlətlər vergilərin ödənilməsini təmin etmək üçün müvafiq fiskal siyasətin formalaşdırılması və həyata keçirilməsində azadlığa malikdir. Lakin bu azadlıq vergi borcunun olması ilə əlaqədar şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının yalnız müvafiq məqsədə - borcun ödənilməsinin təmin edilməsinə istiqamətləndiyi halda yolverilən hesab edən mütənasiblik prinsipi ilə müşayiət edilməlidir. Belə ki, bu məhdudiyyət vergi borcunu ödəmək qabiliyyəti olmayan şəxsə verilən de fakto cəza xarakterinə malik ola bilməz. Həmçinin hakimiyyət orqanları fiskal orqanların borcun digər vasitələrlə alınması üçün ağlabatan səylər göstəribgöstərmədiyini, borclunun ölkəni tərk etməsinin borcun alınması imkanını azalda biləcəyi ehtimalını vaxtaşırı yenidən qiymətləndirmədən fərdin hərəkət azadlığına məhdudiyyətləri uzun müddət saxlamaq hüququna malik deyildirlər. Fiskal orqanlar aktiv olaraq borcun tutulmasına çalışmamış, xüsusilə də ərizəçinin ölkə daxilində hər hansı aktivinə və ya daşınar əmlakına həbs qoyulması üçün heç bir yeni səy göstərməmişlər. Ərizəçinin xaricdə olan resurslarına dair sorğu etmək imkanı fiskal orqanlar tərəfindən heç vaxt nəzərdə keçirilməyib. Dövlət orqanlarının borcun ən azı bir hissəsinin tutulması üçün aşkar vasitələrdən istifadə etməməsi cavabdeh Hökumətin səfər qadağasının borcun ödənilməsi üçün zəruri olaraq qalması və ya ərizəçinin azadlığına qoyulmuş geniş məhdudiyyətə mütənasib olması barədə mövqeyini sarsıdır (Reiner Bolqarıstana qarşı № 46343/99, 2006-cı il 23 may tarixli qərarı, §§ 119-128).
25. Avropa Məhkəməsinin “Qoçev Bolqarıstana qarşı iş” üzrə qərarında isə göstərilmişdir ki, işin faktları ərizəçinin əvvəldən avtomatik xarakterli tədbirə məruz qaldığını göstərir. Sözügedən tədbir direktor tərəfindən ərizəçinin şəxsi vəziyyəti və hətta borclarının ödənilməməsi ilə bağlı hallar barədə izahat tələb edilmədən və qərarında bu məsələlərə baxılmadan təyin edilib. Qabaqlayıcı tədbirin effektivliyi çox vaxt onun icra sürətindən asılı olduğuna baxmayaraq, bu, müvafiq yerli orqanı tədbir tətbiq edildikdən sonra müvafiq məlumat toplamaq öhdəliyindən azad etmir. Hazırkı işdə direktor öz qərarlarını verməzdən əvvəl ərizəçiyə sadəcə olaraq onun kreditorlarına təminat veribvermədiyini bildirmək təklif etmişdir. Beləliklə, inzibati orqan ərizəçinin hərəkət azadlığının məhdudlaşdırılmasının işin halları baxımından əsaslı və mütənasib olmasını təmin etmək üçün bütün müvafiq məlumatları nəzərə almamışdır (Qoçev Bolqarıstana qarşı, № 34383/03, 2009-cu il 26 noyabr tarixli qərarı, §53).
26. Məhkəmə xüsusilə qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hər bir halda məhdudiyyət tətbiq edərkən bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
27. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X4) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
28. Mütənasiblik prinsipinin məhkəmə təcrübəsində tətbiqinin bir çox aspektləri vardır. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Beləliklə, işin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət “ədalət mühakiməsi” anlayışı ilə ziddiyyət təşkil edir. Təsadüfi deyil ki, qanunverici vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhz ədalət mühakiməsini həyata keçirən məhkəmələrə həvalə etmişdir.
29. Qeyd edilənlərin əksinə olan istənilən yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüququnun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.
30. Lakin vergi orqanı hazırkı işlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlərin (bank hesablarına dair sərəncam verilməsi, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) nəticə verib-verməsi ilə bağlı sənədləri ərizəyə əlavə etməmişdir.
31. Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Vergi qanunvericiliyində vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə müddəanın olmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
32. Elə Avropa Məhkəməsi də bu qəbildən olan işlərə münasibətdə analoji hüquqi mövqe formalaşdırımışdır.
33. Qeyd etmək lazımdır ki, eyni əsaslara görə Avropa Məhkəməsinin hətta Azərbaycan Respublikasının əleyhinə çıxarılmış qərarı da mövcuddur. Belə ki, “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94).
34. Bu mənada şəxsi hesab vərəqəsindən çıxarışlar əsasında vergi orqanı tərəfindən tətbiq edilən sərəncamların effektiv olduğu və həmin sərəncamlar əsasında dövri ödənişlərin edildiyi görünür. Həmçinin xx.xx.2022-ci il tarixə maraqlı şəxsin faktiki olaraq Dövlət Sosial Müdafiə Fonduna 2128,77 manat borcu olduğu halda vergi orqanı yalnız 1424,15 manat borca görə sonuncunun əmlakını siyahıya almışdır. Eyni zamanda maraqlı şəxsin borcları əhəmiyyətli dərəcədə artdığı halda onun əmlakının yeni yaranmış borclara görə də siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir.
35. Məhkəmə təkrarən qeyd edir ki, hazırkı işdə maraqlı şəxs barəsində Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərə uyğun görülmüş ilkin xarakterli tədbirlərin nəticələri barədə iş materiallarında məlumat yoxdur. Belə ki, fiziki şəxsin bank hesabına sərəncam qoyulduğu, əmlakı siyahıya alındığı halda, həmin tədbirləri effektiv tətbiq etmədən (məsələn, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış ticarət şəbəkələrində satılması barədə qərarın icrası), tükətmədən birbaşa həmin şəxsin konstitusion hüququnun məhdudlaşdırılması üçün müraciət etmək anlaşılan deyil, həmin müraciətin gözləntisi qeyri-müəyyəndir. Halbuki ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının məhz borcun ödənilməsinə yönəlməsi barədə tutarlı dəlillər irəli sürülməli idi.
36. Bundan başqa, hazırkı xüsusi icraat çərçivəsində yuxarıda qeyd edildiyi kimi vergi borcunun mübahisələndirilməsi mümkün olmasa da, şəxsi hesab vərəqəsində borcun əsası kimi çıxış edən hesablamaların tarixi və məbləğinin təsvir edilməsi istisna edilmir.
37. Bu mənada Maraqlı şəxs xx.xx.2023-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsi əsasında müəyyən olunur ki, 26 aprel 2023-cü il tarixli bildiriş maraqlı şəxsə çatdırıldıqdan sonra vergi orqanı ərizə ilə məhkəməyə müraciət edənədək maraqlı şəxs ödəmə tapşırığı əsasında xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat və s. kimi dövri ödənişlər etmişdir.
38. Bu isə maraqlı şəxsin vergi orqanının bildirişlərinə biganə qalmadığı, könüllü olaraq da ödənişlər etdiyini göstərir. Həmçinin məhkəmə nəzərə alır ki, vergi orqanı maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə müraciət edərkən sonuncunun Dövlət Sosial Müdafiə Fonduna olan məhz 3181,85 manat borcuna görə onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir, halbuki həmin tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borc həmin məbləğdən təqribən iki misli çox idi. Eyni zamanda ərizədə qeyd edilən vergi borcu, işsizlikdən sığorta haqqı üzrə borc və icbari tibbi sığorta haqqı üzrə borc tam ödənilmiş, ümumilikdə isə borclar ərizədə qeyd olunan borclardan artıq olmuş, həmin məbləğlər də ödənilmişdir.
39. Hazırkı halda – borcun hissə-hissə ödənildiyi, fiziki şəxsin əmlakının siyahıya alındığı, bank hesabları üzərində alınmalı məbləğlə bağlı sərəncam olduğu və effekt verdiyi, fərdi sahibkarın borcun ödənilməsi istiqamətində addımlar atdığı, vergi orqanının borcun alınması ilə bağlı digər tədbirləri tükətmədiyi halda, fiziki şəxsin qalan borcunun alınması istiqamətində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti işin halları ilə təsdiqlənmir. Eyni zamanda məhkəmə nəzərə alır ki, ərizə məhkəməyə daxil olduqdan sonra ümumilikdə 27282,12 manat ödəniş edilmişdir. Bu qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, fiziki şəxsin konstitusion hüququnun məhdudlaşdırılması müstəsna tədbirdir və yalnız Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi standartları çərçivəsində tətbiq oluna bilər.
40. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı halda maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik və legitim məqsəd meyarına cavab vermir.
41. Qeyd olunanlara uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə rədd edilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova