Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5013/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən tərəflər arasında bağlanmış 7 fevral 2023-cü il tarixli 300/241 nömrəli nömrəli Alqı-Satqı Müqaviləsinə əsasən yaranmış 15390,21 manat borcun və ödənilmiş 136,17 manat dövlət rüsumunun tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Çünki “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, Cavabdeh2 qeydiyyat ünvanı Füzuli rayonu, Əhmədalılar kəndidir. Həmin ünvan isə Bakı Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Füzuli rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən e-sistemə əlavə edilmiş pretenziya məktubunda 6067,50 manat məbləğində borcun "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi qeyd olunmuşdur. Lakin iddia ərizəsi üzrə iddiaçı və cavabdeh fərqli şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) sənəd iddia ərizəsinə əlavə edilməlidir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3 və 152.1.6-cı maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, həmçinin müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hazırkı işin cavabdehin hüquqi ünvanına uyğun olaraq Şirvan Kommersiya Məhkəməsində baxılmalı olmasını nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ və iddia ərizəsinin qaytarılmasının ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı MMC-nin Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmək hüququ var və iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 136 (yüz otuz altı) manat 17 (on yeddi) qəpik dövlət rüsumu ona geri qaytarılsın Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-5013/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5013/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver