Məhkəmə qərarları › İş №e-2-2(113)-502/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-502/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-502/2024 26.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, zərər aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 935 manat məbləğində sığorta ödənişi, 40 manat mediasiya xərci, 10 manat poçt xərci və 0.40 manat məbləğində xidmət haqqı, cəmi 985.4 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Səbail rayonunda X3 məxsus və "xxxx" ASC-də (bundan sonra ASC) “əmlak sığortası” qaydasında sığortalanmış “Mazda 3” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobil park vəziyyətində olan zaman Cavabdeh1 şirkətinin əməkdaşları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əmək vəzifələrini yerinə yetirərkən istifadə etdikləri yük arabası ilə həmin avtomobilə maddi zərər vurmuşlar. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış və Bakı şəhəri, Səbail rayonu, 41-ci PB-də araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Həmin araşdırma nəticəsində “Mazda 3” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə park vəziyyətində olan zaman Cavabdeh1 şirkətinin əməkdaşları Cavabdeh2 Bəhmən oğlu və Cavabdeh4 tərəfindən istifadə etdikləri yük arabası ilə maddi zərər vurulduğu müəyyən edilmişdir. Tərəflərindən “Mazda 3” markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1035 manat məbləğində qiymətləndirilmiş və 100 manat məbləğində şərtsiz azadolma məbləği çıxıldıqdan sonra dəymiş ziyanın aradan qaldırılması üçün 935 manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla yanaşı məsələnin mediasiya vasitəsilə həlli üçün tərəflərindən Bakı şəhəri 6 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Lakin mübahisənin mediasiya vasitəsilə həlli də mümkün olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Xəlilov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 MMC-də işləməmələri barədə məlumatları olmamış, onların harada işləmələri barədə sorğu verilməmişdir. Lakin həmin cavabdehlər özləri polisə verdikləri izahatlarında Cavabdeh1 şirkətlər qrupunda işlədiklərini etiraf etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Ə.Bağırov iddia tələbinə etiraz edərək, iddianın Cavabdeh1 MMC-yə aid hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 MMC ilə əmək müqavilələri yoxdur, heç vaxt da olmamışdır. Həmin şəxslər digər hüquqi şəxsdə işləyirlər ki, həmin hüquqi şəxs də müstəqil hüquqi şəxs olmaqla Cavabdeh1 MMC-yə aidiyyatı yoxdur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

6. Məhkəmə iclasının digər cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə sığortalı X5 arasında xx.xx.2022-ci il tarixdə sığorta müqaviləsi imzalanmış, “Mazda 3” (** US ***) markalı avtomobil iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə qədər sığorta edilmişdir.

9. İddiaçı tərəfindən verilmiş zərərin hesablanması aktına əsasən sığorta olunmuş “Mazda 3” (** US ***) markalı avtomobilə sığorta hadisəsi nəticəsində dəymiş zərər 1035 manat təşkil edir.

10. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, sığorta olunmuş “Mazda 3 2014” (** US ***) markalı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Badamdar qəsəbəsində yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobil 1035 manat məbləğində maddi zərərə məruz qalmışdır. Sığorta ödənişi 935 manat təşkil edir.

11. 10.07.2023-cü il tarixli AZ0016656 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən sığortalı X2 hesabına 060723-cü il tarixli sığorta aktı əsasında 935 manat məbləğində pul ödənilmişdir.

12. Bakı şəhəri Səbai rayon Polis İdarəsinin 19 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Səbail rayonu Badamdar qəsəbəsi Badamdar yolu ev 105 mənzil 38-də qeydiyyatda olan və Səbail rayonu Badamdar qəsəbəsi T.Məmmədov küçəsi ev 3/5 mənzil 49-da yaşayan X5 DİN-in 102 xidmətinə zəng edərək yaşadığı binanın qarşısında saxladığı “Mazda” markalı **-US-*** dövlət nömrə nişanlı avtomobilinə naməlum şəraitdə ziyan vurulması barədə məlumat verilmiş, şikayət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından və mülki xarakterli olduğuna görə cinayət işinin başlanması rədd edilmişdir.

13. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

16. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

17. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

18. Həmin Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

19. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə sığortalı Mahir Cümşüdov arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 1035 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən azadolma məbləği çıxılmaqla 935 manat sığorta ödənişi verilmişdir.

22. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olan hissədə əsaslıdır.

23. Belə ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində verdikləri izahatlarında xx.xx.2023-cü il tarixdə Mahir Cümşüdova məxsus sığortalanmış əmlaka (**-US-*** dövlət nömrə nişanlı avtomobil) zərər dəyməsini, həmin zərərin içərisində yük olan arabanın ehtiyatsızlıqdan dığırlanıb avtomobilə dəyməsi nəticəsində baş verdiyini təsdiq etmişlər.

24. Bu səbəbdən məhkəmə hesab edir ki, sığorta hadisəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əmək funksiyalarını icra edərkən yol verdikləri ehtiyatsızlıq nəticəsində baş verdiyindən baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərəri ödəmək vəzifəsi də onların üzərinə qoyulmalıdır.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 935 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh1 MMC-yə aid olan hissədə təmin edilməməlidir.

26. Belə ki, Cavabdeh1 MMC-nin nümayəndəsi Ə.Bağırov məhkəmə iclasında verdiyi izahatında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə həmin MMC arasında hər hansı əmək müqaviləsinin olmadığını bildirmiş, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən həmin cavabdehlərin iş yeri "xxxx" MMC-dir. İddiaçı tərəfindən həmin şəxslərin Cavabdeh1 MMC-də işləməsi barədə hər hansı sübut təqdim edilməmişdir.

27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 935 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 aid edilməlidir.

V. Nəticə:

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 935 manat pul, ödənilmiş 50 manat mediasiya xərci, ümumilikdə 985 (doqquz yüz səksən beş) manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar