Məhkəmə qərarları › İş №e-2-2(113)-5023/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5023/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5023/2024 04.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 627.413,73 manat əsas borcun, əsas borc üzərinə illik 5 faiz hesablanmaqla 81.213,3 pulun, əldən çıxmış fayda olaraq Mərkəzi Bankın orta uçot dərəcəsi üzrə 133.868,64 manat təşkil edən məbləğin, vəkil xidmətinə görə ödənilmiş 3.500 manat vəsaitin və 930 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci il ərzində pandemiya şəraitində FHN Tibb Xidmətinin Tibb Mərkəzinin acil müraciətinə uyğun olaraq “X4” MMC ilə əldə olunmuş razılaşmaya əsasən xx.xx.2022 il tarixdən xx.xx.2022-ci il tarixədək Mərkəzin nəzdində olan modul tipli hospitalda yerləşən avadanlıqlara servis xidməti göstərilmiş, sərfi materiallar təqdim edilmiş, lazımi ehtiyyat hissələrin və avadanlıqların quraşdırılması təxirəsalınmaz rejimdə təmin edilmişdir. Göstərilmiş xidmət və göndərilmiş malların dəyəri yüz minnlərlə manat təşkil etmişdir. Bu barədə xx.xx.2022-ci il N72D-2022, xx.xx.2022-ci il N94-2022 və xx.xx.2022 N113D-2022 saylı pretenziya məktubları ilə cavabdehə müraciət etmiş, ödəniş edilməsini xahiş etmişlər. Xidmət və mallara görə ümumi borc 627.413,73 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. (əvvəlki redaksiya). - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İddiaçı tərəf cavabdehlə aralarında müqavilə münasibətlərinin olduğunu, cavabdehə müxtəlif vaxtlarda mallar verildiyini və xidmət göstərildiyini qeyd edərək, ödənilməmiş 627.413,73 manat borcun qaldığını bildirir.

9. Cavabdeh tərəf məhkəmə iclasında əvvəllər iddiaçı ilə aralarında müqavilə münasibətlərinin olduğunu, ancaq TM-003 saylı müqavilənin cavabdeh tərəfindən imzalanmadığını, malların verilmədiyini və xidmətlərin göstərilmədiyini bildirir.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəf ümumiyyətlə iddiasının faktiki əsası kimi xx.xx.2022-ci il tarixli TM 003 saylı müqaviləyə istinad etməmiş, sadəcə olaraq cavabdehlə müqavilə münasibətlərinin olmasını qeyd etmişdir.

11. Həmçinin Məhkəmə qeyd edir ki, tərəflər arasında olan müqavilə münasibətləri alqı-satqı və xidmət müqaviləsinin elementlərini özündə əks etdirməklə, qarışıq müqavilədir.

12. Belə ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif adda mallar verilmiş və qeyd edilmiş malların bir hissəsinə də, texniki xidmət göstərilmişdir.

13. Ona görə Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli olan məqam iddiaçı tərəfindən cavabdehə malların verilib-verilməməsi və xidmətlərin göstərilibgöstərilməməsidir.

14. İş materiallarında görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzinə EBBT 963511 saylı dəyəri 627.413,73 manat olan elektron qaimə göndərilmişdir.

15. Qeyd olunan elektron qaiməyə cavabdeh tərəfindən etiraz edilməmiş və düzəlişə göndərilməmişdir.

16. Bundan başqa iş materiallarında olan 08.01.22-ci il,14.01.22-ci il, 19.01.22-ci il, 25.01.22-ci il, 26.01.22-ci il, 31.01.22-ci il, 21.02.22-ci il, 02.03.22-ci il, 16.03.22-ci il (bu tarixli səkkiz ədəd) təmir qraşdırma aktlarından görünür ki, müvafiq olaraq avadanlıqların ehtiyyat hissələri verilərək dəyişdirilmiş, yenisi ilə əvəz olunmuş və işlək vəziyyətdə təhvil verilmişdir.

17. Qeyd edilmiş təmir quraşdırma aktlarını hər iki tərəf imza və möhürlə təsdiq etmişlər.

18. Qeyd edilmiş aktlarda olan bəndləri, EBBT 963511 saylı dəyəri 627.413,73 manat olan elektron qaimədə olan bəndlərlə müqayisə etdikdə görünür ki, mallar və xidmətlərin adları eynidir.

19. Ona görə də, Məhkəmə hesab edir ki, cavabdehin malların verilmədiyi və xidmətlərin göstərilmədiyi ilə bağlı dəlili əsassızdır yəni, iddiaçı tərəfindən müxtəlif adda mallar verilmiş və müvafiq texnki xidmət göstərilmişdir.

20. Həmçinin cavabdeh tərəf, qeyd edilmiş aktlarda verilmiş mal və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı sənədi də, Məhkəməyə təqdim edə bilməmişdir.

21. Ona görə də, Məhkəmə hesab edir ki, 627.413,73 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 81.213,3 manat pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

23. İş materiallarında görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu xx.xx.2024-cü il tarixdə, iddiası ərizəsi ilə Məhkəməyə isə təxmini 10 ay sonra yəni xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir.

24. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 26.142,23 (627.413,73x5/100=31,370,68 (1 il üçün), 31,370,68/12=2.614,22 (1 ay üçün), 2.614,22x10=26.142,23 (10 ay üçün) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə iddianın bank uçot dərəcəsinə uyğun hesablanmış 133.868,64 manat faiz məbləğinin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

26. İddiaçı tərəf qeyd edilən pulu Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək tələb edir.

27. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

29. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

30. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin qeyd edilmiş puldan faydalanması halını sübut edə bilməmişdir.

31. Məhkəmə vəkil xidmətinə görə ödənilmiş 3.500 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

32. Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması daha ağlabatandır.

34. Məhkəmə həmçinin qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə (653.555 manat) mütənasib olaraq ödənilməli dövlət rüsumu 943,56 manat təşkil edir.

35. Ancaq iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” hissəsindən görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 529,2 manat məbləğində pul ödənilmişdir.

36. Bundan başqa işdə olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı 11 Saylı Mediasiya təşkilatına 400 manat məbləğində pul ödənilmişdir.

37. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanununa 26 dekabr 2023-cü il tarixdə dəyişiklik edilmiş və kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiyada iştirak tələbi götürülmüşdür.

38. İddiaçı tərəf də, ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışı da, təqdim etməmişdir.

39. Ona görə də, 11 Saylı Mediasiya təşkilatına ödənilmiş 400 manat məbləğində pul cavabdehdən tutula bilməz, ancaq ödənilmiş 529,2 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

40. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Əsas borc üzrə 627.413 (altı yüz iyirmi yeddi min dörd yüz on üç) manat, 73 (yetmiş üç) qəpik və əsas borca illik 5 faiz hesablanmaqla 26.142 (iyirmi altı min yüz qırx iki) manat, 23 (iyirmi üç) qəpik olmaqla, cəmi 653.555 (altı yüz əlli üç min beş yüz əlli beş) manat 96 (doxsan altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 529 (beş yüz iyirmi doqquz) manat, 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar