Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5027/2023 27.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan yaranmış 4704 (dörd min yeddi yüz dörd) manat məbləğində əsas borcun, 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 278 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan Spesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 9.1-ci bəndinə əsasən, bu Müqavilə bağlandığı andan qüvvəyə minir və bir il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra ona xitam vermək barədə tərəflərdən birinin digərinə yazılı müraciəti olmadıqda bu müqavilə eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqı-satqı münasibətlərinin yekununda müştərinin qalıq debitor borcunun müəyyənləşdirilməsi məqsədilə Cavabdeh və iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə aktı”na əsasən, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il – xx.xx.2023-cü il dövrü üzrə müştərinin 4341,52 manat əsas, 362,48 manat ƏDV məbləği olmaqla ümumilikdə 4704 manat qalıq debitor borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası, möhürü ilə təsdiq edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, ödəmə bank köçürməsi və ya nağd hesablaşma yolu ilə Malların Alıcıya təhvil verildiyi gündən 30 gün ərzində Alıcı tərəfindən həyata keçirilir. Lakin Alıcı müqavilənin şərtlərini kobud şəkildə pozaraq aldığı malların dəyərini bu günədək ödəməmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda AR Mülki prosessual qanunvericiliyinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə pretenziya məktubu cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə “Mediasiya haqqında” AR Qanunun tələblərinə uyğun olaraq cavabdehə mediasiya sessiyasının tətbiq edilməsi ilə əlaqədar təklif göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə təyin edilmiş iclasda da tərəflər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı MMC-ə 4704 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdehndən yaranmış 3704 manat məbləğində əsas borcun və 60 manat mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh “Nadiroğlu İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdehndən yaranmış 4704 manat məbləğində əsas borcun, 60 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 24 noyabr 2023-cü il tarixdə cavabdeh “Nadiroğlu İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı hesabına 1000 manat məbləğində ödəniş etmiş və hal-hazırda cavabdeh “Nadiroğlu İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə 3704 manat məbləğində borcu qalmışdır. Buna görə iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddianın məzmununa uyğun izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavadeh “Nadiroğlu İnşaat" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 278 saylı alqı-satqı müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir.
11. Müqavilənin 4.2-ci bəndinə əsasən satıcının anbarında malların alıcıya təhvil verildiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur, həmin tarix malların təhvil-təslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə (qaimə-faktura) təsdiqlənir.
12. Müqavilənin 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir.
13. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası müddətində yaana biləcək hər hansı məbləğdə əlavə debitor borcu bu müqavilənin bitmə tarixindən gec olmayaraq ödənilməlidir.
14. 28.12.2021-ci il tarixli, EBBO seriyalı, 925036 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 519 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 059458 saylı elektron qaiməyə əsasən 660,21 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 492543 saylı elektron qaiməyə əsasən 619,50 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBS seriyalı, 487689 saylı elektron qaiməyə əsasən 306,80 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 044023 saylı elektron qaiməyə əsasən 489,70 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 070568 saylı elektron qaiməyə əsasən 375,24 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 164529 saylı elektron qaiməyə əsasən 554,60 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 333336 saylı elektron qaiməyə əsasən 59,42 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBBT seriyalı, 518324 saylı elektron qaiməyə əsasən 300,90 manat dəyərində və xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 556655 saylı elektron qaiməyə əsasən 1096,41 manat dəyərində məhsul satışı həyata keçirilmişdir.
15. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx-2021-ci ilxx.xx.2023-cü il dövr üzrə xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən Cavabdeh MMC-nin 4704 manat (əsas borc 4341,52 manat + ƏDV 362,48 manat) borcunun olması müəyyən edilmişdir və akt hər iki tərəfin imza və möhürü ilə təsdiq etmişdir.
16. 27.11.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 3704 manat məbləğində icra olunmamış borc öhdəliyi qalması qeyd olunmuşdur.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
20. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
22. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
25. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 278 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
26. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə və üzləşdirmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 3704 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 3704 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3704 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, 278 saylı inşaat materiallarının alqısatqısı müqaviləsi üzrə 3704 (üç min yeddi yüz dörd) manat əsas borc məbləği və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova