Məhkəmə qərarları › İş №e-2-2(113)-5029/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5029/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5029/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29 may 2020-ci il tarixli, 053 220-053 nömrəli mal alqı-satqısı müqaviləsinə əsasən bugünkü tarixə ödənilməmiş 2994.55 manat əsas borc məbləği, 365 manat cərimə borcu olmaqla cəmi 3359.55 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində rüsumun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında 29 may 2020-ci il tarixli, 053 220-053 nömrəli alqı-satqısı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.2.2-ci bəndinə əsasən Alıcı – yəni Cavabdeh MMC aldığı malların pulunu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödəməyi öz üzərinə götürmüşdür. Tərəflər arasında 29 may 2020-ci il tarixli, 053 220- 053 nömrəli Mal alqı-satqısı Müqaviləsi bağlanılmışdır və bu Müqavilənin 3.2.2, 4.6 və 6.4-cü bəndlərinə əsasən öhdəlik və məsuliyyət daşıyır. Tərəflər arasında 29 may 2020-ci il tarixli, 053 220-053 nömrəli Mal alqı-satqısı Müqaviləsi üzrə cavabdehin bugünkü tarixə ödənilməmiş 2994.55 manat əsas borc məbləği, 365 manat cərimə borcu olmaqla cəmi 3359.55 manat məbləğində pul öhdəliyi qalmışdır. Bu tərəflər arasında bağlanmış qarşılıqlı borcların üzləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli Akt ilə də təsdiq olunur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Mustafazadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya hazırkı müqavilə üzrə üzləşmə aktından sonra ümumilikdə 3878,24 manat pul ödənilmiş, hazırda iddiaçının əsas borcu 1660,46 manat təşkil edir. İddia ərizəsinin 1660,46 manat əsas borc, 365 manat cərimə borcu olmaqla, cəmi 3359.55 manat pul vəsaitinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində rüsumun tutulması hissəsində təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan borcu 5538,70 manat təşkil edir.

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 29 may 2020-ci il tarixli, 053 saylı mal alqı-satqı və xidmət müqaviləsinə əsasən hazırkı müqaviləyə əsasən satıcı hazırkı müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə verilmiş sifarişə uyğun malları alıcının mülkiyyətinə verməyi, alıcı isə satıcının satdığı malları qəbul edərək hazırkı müqavilə ilə müəyyən edilmiş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı müqavilənin şərtlərinə əsasən malların vaxtlı-vaxtında göndərilməsinin təmin olunması üçün məsuliyyət daşıyır.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən satılan malın markası, miqdarı, çeşidi, qiyməti, çatdırma qaydası, üsulu, yeri və müddəti və sairə şərtlər hər dəfə alıcı tərəfindən verilmiş sifariş əsasında müəyyən edilir.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən malın qiyməti və həmin qiymətlərin qüvvədə olma müddəti hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşdırma protokolu ilə müəyyən edilir.

12. Müqavilənin 6.4-cü bəndinə əsasən alıcı malların dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəməzsə 15 təqvim günündən sonrakı gecikdirilən hər bir gün üçün ödənişi gecikdirilən məbləğin 0,2 faizi miqdarında dəbbə pulu ödəməlidir.

13. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən cavabdeh tərəfindən iddiaçının bank hesabına xx.xx.2023-cü il tarixli 209OPXO230370145 nömrəli ödəniş tapşırığı ilə 152,54 manat, xx.xx.2023-cü il tarixli 209OPXO230370144 nömrəli ödəniş tapşırığı ilə 847,46 manat, xx.xx.2023-cü il tarixli 209OPXO230580596 nömrəli ödəniş tapşırığı ilə 903,33 manat, xx.xx.2023-cü il tarixli 209OPXO230580597 nömrəli ödəniş tapşırığı ilə 162,60 manat, xx.xx.2023-cü il tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə 434,16 manat, xx.xx.2023-cü il tarixli BD3EDV nömrəli ödəniş tapşırığı ilə 78,15 manat, xx.xx.2023-cü il tarixli BD 2 nömrəli ödəniş tapşırığı ilə 423,73 manat, xx.xx.2023-cü il tarixli BD2EDV nömrəli ödəniş tapşırığı ilə 76,27 manat, xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə 300 manat, xx.xx.2023-cü il tarixli 209OPXO232420126 nömrəli ödəniş tapşırığı ilə 30,51 manat, xx.xx.2023-cü il tarixli 209OPXO232420596 nömrəli ödəniş tapşırığı ilə 169,49 manat, xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı ilə 254,24 manat, xx.xx.2023-cü il tarixli BD1EDV nömrəli ödəniş tapşırığı ilə 45,76 manat, ümumilikdə 3878,24 manat məbləğində pul ödənilmişdir.

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 29 may 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

26. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərindən, habelə iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, üzləşmə aktı imzalandıqdan sonra cavabdeh tərəfindən ümumilikdə 3878,24 manat məbləğində vəsait ödənilmişdir, bu səbəbdən cavabdehin hazırkı əsas borcu 1660,46 manat (5538,70 manat – 3878,24 manat) təşkil edir.

27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.4-cü bəndinə əsasən hesablanmış 365 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 80 manat məbləğində müəyyən edilməlidir.

31. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1660,46 manat məbləğində əsas borc, 80 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1660,46 manat məbləğində əsas borc, 80 manat dəbbə pulu, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1840,46 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar