Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-503/2020 24.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (Cavabdeh MMC) 100.000 (yüz min) manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz manat) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında xx xxxxx 2014-cü il tarixdə “Agent” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh “xxxx” MMC Azərbaycan Respublikasının ərazisində İddiaçı abunəçiləri və ya onların adından ödəyicilərin etdiyi ödəmələri öz hesabına quraşdırdığı ödəmə məntəqələri vasitəsi ilə yığmalı və yığılmış vəsaitləri iddiaçının hesablaşma hesabına köçürməli, iddiaçı isə bunun müqabilində razılaşdırılmış xidmət haqqını cavabdeh “xxxx” MMC-yə ödəməli idi. Tərəflər arasında imzalanmış agent müqaviləsinin 4.1.2-ci maddəsinə görə cavabdeh “xxxx” MMC İddiaçı MMC-nin razılığı olmadan digər təsərrüfat subyektlərinə məxsus terminallardan ödəmə məntəqələri kimi istifadə edə bilməz. Həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli 2 saylı razılaşmaya əsasən müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək uzadılmış və yeni 2-ci bənd əlavə edilmişdir. Həmin bəndə görə icraçı müqavilə üzrə öhdəliklərinin bir hissəsini və ya hamısını, eləcə də xidmətlərin icrasını təmin etmək məqsədi ilə hər hansı əlaqədar öhdəliklərin icra olunmasını İddiaçı MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan hər hansı üçüncü tərəfə ötürə və ya xidmətlərin icrasına hər hansı üçüncü tərəfi cəlb edə bilməz. “xxxx” MMC tərəfindən həmin maddədə göstərilən öhdəliklərin pozulması və ya yerinə yerilməməsi halında İddiaçı MMC “xxxx” MMC-yə hər pozuntu halına görə 100.000 (yüz min) manat məbləğində cərimə tətbiq edə bilər. Cərimə məbləği iddiaçının tələbindən sonra 10 gün müddətində ödənilməlidir. Cavabdeh “xxxx” MMC tərəfindən xx xxxxx 2014-cü il tarixli agent müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi barədə 2 saylı razılaşmanın şərtləri pozulmuşdur. Belə ki, cavabdeh “xxxx” MMC ilə “xxxx” MMC arasında imzalanmış xx xxxxxx 2018-ci il tarixli, EP/CP01/2018 saylı xidmət göstərilməsinə dair diler müqaviləsinə və xx xxxxxx 2018-ci il tarixli, EP/CT/01-2018 saylı “ödəmə məntəqələri vasitəsilə ödənişlərin yığılması və aidiyyatı hesaba köçürülməsi haqqında” müqaviləyə əsasən cavabdeh öz öhdəliklərini iddiaçının razılığı olmadan üçüncü tərəf olan “xxxx” MMC-yə ötürmüşdür. İddiaçı tərəfindən cavabdehə cərimə tətbiq edilməsi və cərimənin 10 gün ərzində ödənilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixli, CEO-1287 saylı və xx xxxx 2019-cu il tarixli, CEO-14745 saylı pretenziya məktubları göndərilmiş, lakin həmin məktublara cavab verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı prinsipi mülki qanunvericiliyin prinsiplərindən biridir. 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli “Agent” müqaviləsinin1-ci bəndinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində və xaricində İddiaçı abunəçilərinin və ya onların adından ödəyicilərin etdiyi ödəmələrin “xxxx” MMC tərəfindən ödəmə məntəqələri vasitəsi ilə yığması və yığılmış vəsaitlərin İddiaçı MMC-nin müqavilədə qeyd olunan hesablaşma hesabına keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi, İddiaçı MMC tərəfindən isə müvafiq xidmət haqqının ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi müqavilənin predmetini təşkil edir. Yuxarıda qeyd olunan xx xxxxx 2014-cü il tarixli “Agent” müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli 2 saylı razılaşmanın 1-ci bəndinə əsasən xx xxxxx 2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılır. 2-ci bəndə əsasən icraçı müqavilə üzrə öhdəliklərinin bir hissəsini və ya hamısını, eləcə də xidmətlərin icrasını təmin etmək məqsədi ilə hər hansı əlaqədar öhdəliklərin icra olunmasını İddiaçı MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan hər hansı üçüncü tərəfə ötürə və ya xidmətlərin icrasına hər hansı üçüncü tərəfi cəlb edə bilməz. “xxxx” MMC tərəfindən həmin maddədə göstərilən öhdəliklərin pozulması və ya yerinə yerilməməsi halında İddiaçı MMC “xxxx” MMC-yə hər pozuntu halına görə 100.000 (yüz min) manat məbləğində cərimə tətbiq edə bilər. Cərimə məbləği iddiaçının tələbindən sonra 10 gün müddətində ödənilməlidir. “xxxx” MMC ilə “xxxx” MMC arasında “Xidmətlərin göstərilməsinə dair” bağlanmış xx xxxxxx 2018-ci il tarixli, EP/CP01/_2018 saylı diler müqaviləsinin 1-ci bəndinə əsasən “xxxx” MMC tərəfindən ödənişlərin müqavilə ilə müəyyən edilmiş özünə məxsus ödəmə vasitələri ilə yığılması və yığılmış vəsaitlərin “xxxx” MMC-nin hesablaşma hesabına köçürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, “xxxx” tərəfindən isə müvafiq xidmət haqqının müqavilənin ayrılmaz tərkib hissələri olan Əlavələrə əsasən “Agent”ə ödənilməsi ilə bağlı tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi müqavilənin predmetini təşkil edir. “xxxx” MMC ilə “xxxx” MMC arasında “Xidmətlərin göstərilməsinə dair” bağlanmış xx xxxxxx 2018-ci il tarixli, EP/CP01/_2018 saylı diler müqaviləsinə edilən 01 saylı Əlavənin surətindən müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı MMC (cədvəldə 18-ci sırada) qarşısında öhdəliklərini üçüncü tərəf olan “xxxx” MMC-yə ötürmüşdür. xx xxxxxx 2019-cu il tarixli, CEO_1287 saylı pretenziya məktubundan görünür ki, cavabdehə cərimə tətbiq edilməsi və cərimənin 10 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə müqavilələr azadlığı prinsipini, tərəflərin azad surətdə bağladığı müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olduqlarını, hazırkı müqavilə şərtlərinə zidd olaraq İddiaçı MMC-nin əvvəlcədən verilən yazılı təsdiqi olmadan “xxxx” MMC-nin iddiaçıya göstərdiyi xidmətlərin icrasına üçüncü tərəfi cəlb etdiyini və cavabdehin əvvəlcədən bu kimi hallarda sərbəst şəkildə iradə ifadə edərək 100000 manat məbləğində cərimə ödəmək öhdəliyini üzərinə götürdüyünü nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq üdənilmiş dövlət rüsumuna görə 30 manat (otuz) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehndən 100.000 (yüz min) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz manat) manat məbləğində pul "İddiaçı" MMC xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-503/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-503/2020
24.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver