Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-503/2021 17.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdehnə qarşı xidmət haqqının geri qaytarılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə əsasında bank vasitəsilə ödənilmiş 4500 manat xidmət haqqı pulu, öhdəliyin yerinə yetirilməməsi nəticəsində 30000 manat dəymiş ziyanın ümumilikdə 34500 manat məbləğdə pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən iddiaçının xeyrinə 4500 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti plastik qabların istehsalı ilə məşğul olur. İstehsalda çeşidlərin sayının çoxaltmaq və yeni əlavə sex tikərək istehsal sahəsini genişləndirərək yeni iş yerləri açmaq məqsədi ilə müəssisəyə bir ədəd ləyən tipli qəlib lazım olmuşdur. Bununla əlaqədar Cavabdeh MMC ilə şərtləri müzakirə edib razılaşdıqdan sonra qəliblərin yonulması xidmətlərinin göstərilməsini sifariş verilmiş və müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq icraçı Cavabdeh MMC bir ədəd ləyən tipli qəlibin yonulması xidmətlərini göstərməli idi və bununda müqabilində "xxxx" MMC Cavabdeh MMC-yə bank vasitəsi ilə müqavilənin tərkib hissəsi olaraq 4500 manat məbləğində pul ödəmişdir. Müqavilənin şərtinə görə cavabdeh həmin işi 10 gün ərzində təqdim etməyi öz üzərinə götürmüş, lakin öhdəliyə əməl etməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, qəlib standarta, yəni iddiaçının sifarişə uyğun verilsə də, standarta uyğun olmaması səbəbindən bütün işlər dayandırılmışdır. Nöqsanlar istehsal prosesinə başladıqdan sonra aşkar olunmuşdur. Cavabdehin nümayəndəsi X2 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin icrası məqsədilə cavabdeh sifarişin yerinə yetirilməsi üçün 3-cü tərəflə subpodrat müqaviləsi bağlayaraq sifarişi verilmiş və işi yerinə yetirmişdir. İddiaçı tərəf sifariş qəbul edilmiş, görülmüş işə dair heç bir yazılı pretenziya verilməmişdir. Lakin, bir müddət sonra şifahi qaydada yerinə yetirilmiş işdə qüsurun olduğunu bildirmişdir. Halbuki, qəlib sifarişçi tərəfdən verilmiş numunə üzərində yonulmuşdur. Tərəflər arasında bağlanılmış “Qəlib yonulması xidmətlərinin göstərilməsi haqqında” 21.07.2020-ci il tarixli Müqavilənin 2.2.-ci bəndində qeyd edilir ki, “İcraçı” “Sifarişçinin” sifariş verdiyi ləyən tipli qəlibi təqdim etdiyi numunə üzərindən xidmətləri icra edir.” Göründüyü kimi qəlib üçün nümunə sifarişçi tərəfindən verilmişdir və işlər həmin nümunə üzərində yerinə yetirilmişdir. İddiaçının müracətinə əsasən Cavabdeh MMC qəlibi götürərək SOCAR STP-yə göndərmiş, orada yoxlama aparılmışdır və iddiaçıya bu barədə videoyazı göndərilmişdir. Mülki iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh MMC arasında 21.07.2020-ci il tarixdə bağlanmış 01 saylı qəlibin yonulması xidmətlərinin göstərilməsi haqqında müqavilə iləs ifarişçi kimi "xxxx" MMC qəliblərin yolunması xidmətlərinin göstərilməsini sifariş verib Cavabdeh MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi və icraçı isə sifarişçisinin müəyyən etdiyi qaydada ləyən tipli qəlibin hazırlanması xidmətləri göstərməyi öhdəsinə götürmuşdür. - 24 iyul 2020-ci il və 11 avqust 2020-ci il tarixli qəbzlərdən görünür ki, 4500 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. - 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 4500 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-yə ödənilməsi, müqavilənin predmeti olan 1 ədəd ləyən tipli qəlibin "xxxx" MMC tərəfindən qəbul edilməsi işin halları ilə təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisləndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Tərəflər arasında bağlanmış müqavilədə keyfiyyətin şərtləşdirilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Həmçinin müqavilənin 1.1-ci bəndində “icraçı isə sifarişçisinin müəyyən etdiyi qaydada ləyən tipli qəlibin hazırlanması xidmətləri göstərməyi” öhdəsinə götürsə də, iddiaçı tərəfindən məhkəməyə sifariş verilərkən hansı qaydanı müəyyən etdiyi, podratın nəticəsinin müqaviləyə uyğun olmaması, qüsurların nədən ibarət olması, hansı standartlara cavab vermədiyi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa müqavilənin “sifarişçinin vəzifələri” adlanan 3.1-ci bəndində vəzifə ardıcıllığı aşağıdakı qaydada müəyyən olunmuşdur: 3.1.2. işi icrasından sonra təhvil almaq 3.1.3. göstərilmiş xidmətin dəyərini ödəmək. Müqavilə şərtlərinə uyğun olaraq da pul vəsaitinin 3813,56 manat məbləğində hissəsi 24 iyul 2020-ci il tarixdə, 686,44 manat məbləğində hissəsi 11 avqust 2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı xidmət haqqının geri qaytarılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-503/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-503/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver