Məhkəmə qərarları › İş №e-2-2(113)-5041/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5041/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5041/2021 14.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəci Nümayəndə2 iştirakı ilə, “Kia Motors” şirkətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmtəə və xidmət nişanından istifadəyə son qoyulması, zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Kia Motors” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynelxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ******* saylı beynelxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan malların kompnesasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq iddiaçı “Kia Motors” şirkətinin xeyrinə 100000 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılaraq baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəci Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirərək izahatında göstərdi ki, ərizə qeyd olunan əsasla deyil, digər əsaslarla baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış, pretenziya səlahiyyətli şəxs tərəfindən verilməmiş, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi səlahiyyəti etibarnamədə xüsusi göstərilmədiyi halda mediasiya prosesi səlahiyyəti olmayan şəxsin iştirakı ilə keçirilmiş, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Normanın məzmunundan göründüyü kimi, ərizənin bu əsasla baxılmamış saxlanılması üçün yalnız iddiaçının deyil, cavabdehin də iradə ifadəsi mövcud olmalıdır. Hazırkı iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə hesab edir ki, iddia ərizəsi həmin əsasla baxılmamış saxlanıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, ... mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, ... ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. - 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - 150.1, 150.1.2, 150.1.3 və 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən, dövlət rüsumunun ödənilməsini təsdiq edən və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi “Kia Motors” şirkətinin nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmış və medasiya prosesində də iddiaçını həmin şəxs təmsil etmişdir. Nümayəndə1 verilmiş və leqallaşdırılmış 30 dekabr 2020-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, həmin etibarnamə iddiaçı “Kia Motors” şirkəti tərəfindən verilmiş səlahiyyətlər əsasında “X1 East FZE” şirkəti tərəfindən Nümayəndə1 verilmişdir, iddia ərizəsinin imzalanması səlahiyyəti qeyd olunsa da, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi barədə səlahiyyət göstərilməmişdir. Lakin “Kia Motors” şirkəti tərəfindən “X1 East FZE” şirkətinə verilmiş etibarnamədə sonuncuya yalnız aşağıdakı səlahiyyətlərin verilməsi nəzərdə tutulmuşdur: “Avtomobil hissələri və ya aksesuarları ilə əlaqədar ticarət nişanları hüquqları ilə əlaqədar aşağıda sadalanan ərazilərdə pozulmuş və ya pozulması və ya başqa şəkildə pozulmuş və ya pozulması qadağan edilmiş məsələlər üzrə mənim adımdan fəaliyyət göstərmək. Bizim ticarət nişanlarımıza xüsusilə aşağıdakı ticarət nişanları olmaqla oxşar hüquqlar və ya müəllif hüquqları, adlar və ya təsvirlərdən yaranan hüquqlar daxil edilir. Ticarət nişanlarının siyahısı: - KİA... ... MPME Ərazidə onun əvəzinə fəaliyyət göstərməsi üçün müvafiq hesab etdiyi hər hansı şəxsə təyin olunmuş səlahiyyətləri verə bilər.” Göründüyü kimi “Kia Motors” şirkəti tərəfindən “X1 East FZE” şirkətinə verilmiş etibarnamədə iddia ərizəsini imzalamaq və mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi barədə səlahiyyət qeyd olunmamışdır. İddia ərizəsini imzalamaq səlahiyyəti bu etibarnamədə göstərilmədiyi halda, həmin səlahiyyət qanunsuz olaraq “Kia Motors” şirkəti tərəfindən verilmiş səlahiyyətlər əsasında “X1 East FZE” şirkəti tərəfindən Nümayəndə1 verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd olunanlardan bu nəticəyə gəlinir ki, Nümayəndə1 nə iddia ərizəsini imzalamaq, nə də mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi barədə səlahiyyəti olmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.5-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddia ərizəsində digər tələblərə yanaşı 100000 manat məbləğində pul vəsaitinin ödənilməsi də nəzərdə tutulduğundan ödənilməli olan dövlət rüsumunun məbləği 390 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli, 308 №-li qərarına əsasən kommersiya mübahisələri üzrə iddia qiyməti 50000 manatdan çox olduqda 400 manat məbləğində mediasiya haqqı ödənilməlidir. İş materiallarından görünür ki, 400 manat məbləğində pul vəsaiti mediasiya xərci kimi ödənilmişdir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən iddiaçının mediasiya xərci kimi ödədiyi 400 manat dövlət rüsumu kimi ödənilməli olan 390 manat dövlət rüsumunun məbləğini əhatə edir və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3 və 259.0.13-cü, maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Nümayəndə1 həm iddia ərizəsini imzalamaq, həm də mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi barədə səlahiyyətləri olmadığı halda iddia ərizəsi qeyd olunan tələblərə riayət edilməməklə verildiyinə görə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Kia Motors” şirkətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmtəə və xidmət nişanından istifadəyə son qoyulması, zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar