Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5041/2022 22.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mövcud borcun etirafı, dövlət rüsumu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış məhsulların nisyə alqı-satqısı barədə müqavilə əsasında yaranmış 53206 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 249,62 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 15 sentyabr 2020-ci il tarixdə 071/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı cavabdehə ümumi dəyəri 53206 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə həmin məhsulları qəbul etmiş və malların dəyərini pul şəklində xx.xx.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunu bu günədək ödəməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 598.2, 598.3-cü maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, cavabdeh şərab evi işlətmiş, bununla bağlı müxtəlif içkilər cavabdehə təhvil verilmişdir. 15 sentyabr 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə uyğun olaraq 30 sentyabr 2020-ci il tarixdə cavabdeh malların qiymətini ödəməli idi. Alqı-satqı müqaviləsi ilə eyni tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanmasına münasibətdə iddiaçının nümayəndəsi qeyd etmişdir ki, iddiaçının mövcud praktikası bu istiqamətdədir. Bundan başqa, bildirmişdir ki, cavabdeh müqavilə üzrə heç bir ödəniş etməmişdir. Həmçinin cavabdehlə dəfələrlə danışıqlar aparılmış, cavabdeh malların qiymətinin ödənilməsi üçün vaxt istəmiş, lakin bu günədək öhdəliyini icra etməmişdir.
5. Məhkəmənin ikinci hazırlıq iclasında iştirak edən cavabdeh vəkilin iştirakının təmin olunması məqsədi ilə iclasın təxirə salınmasını xahiş etmiş, lakin məhkəmənin sonrakı iclaslarında nə cavabdeh, nə də vəkili iştirak etmişdir.
6. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.
13. Məhkəməyə təqdim edilən iddiaçının möhürü və icra orqanının rəhbərinin imzası və cavabdehin imzası ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 071/2020 nömrəli müqavilənin 1-ci bəndindən görünür ki, satıcı (İddiaçı MMC) alıcıya (Şərab evi, Tural marketin sahibi Cavabdeh) nisyə (borc) olaraq ümumi dəyəri 53206 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır. Həmin müqavilənin 2-ci bəndinə əsasən alıcı satıcıdan ümumi dəyəri 53206 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Həmçinin sözügedən müqavilənin 3-cü bəndində göstərilmişdir ki, alıcı satıcıya 53206 manat məbləğində olan borcunu xx.xx.2020-ci il ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
14. İş materiallarında olan 071/2020 saylı, xx.xx.2020-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə xx.xx.2020-ci il tarixli (iddiaçının möhürü və icra orqanının rəhbərinin imzası və cavabdehin imzası ilə təsdiq edilmiş) təhvil-təslim aktından görünür ki, əlavə dəyər vergisi daxil 53206 manat dəyərindəki müxtəlif adda içkilər cavabdeh tərəfindən təhvil alınmışdır.
15. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli iddiaçının möhürü və icra orqanının rəhbərinin imzası və cavabdehin imzası ilə təsdiq edilmiş mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin 1.1-ci bəndinə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 53206 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borclu kreditora 53206 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən borclu borc məbləğini bu müqavilə bağlandıqdan sonra xx.xx.2020-ci il tarixinədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Həmçinin adıçəkilən müqavilənin 2.4-cü maddəsində göstərilmişdir ki, borclu kreditorun bu müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz.
16. Cavabdeh tərəfindən iddiaçının prezidenti Ceyhun Abbasova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli, 071/2020 saylı müqaviləyə əsasən 53206 manat borcu cavabdeh etiraf etmiş və xx.xx.2021-ci il tarixə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
17. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı razılaşdırılmış məhsulları cavabdehə təhvil verməyi, cavabdeh isə malları qəbul edib əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq iddiaçı təhvil-təslim aktına əsasən 53206 manat dəyərində müvafiq məhsulları cavabdehə təhvil vermiş, cavabdeh isə malların dəyərini xx.xx.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh müxtəlif hərəkətlərlə - mövcud borcun etirafı haqqında mücərrəd müqavilə imzalamaqla, cavabdehə ərizə ilə müraciət etməklə müqavilə üzrə borcu (53206 manat) etiraf etmişdir.
18. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etmiş, müqavilə ilə razılaşdırılmış malları cavabdehə təhvil vermişdir.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
22. Məhkəmə qeyd edir ki, cavabdeh təhvil aldığı malların dəyərini təşkil edən 53206 manat məbləğində pulu xx.xx.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürsə də, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizədən aydın olur ki, ərizənin verildiyi xx.xx.2020-ci il tarixə 53206 manat borc ödənilməmiş, cavabdeh borcu xx.xx.2021-ci il tarixə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini icra etməsinə dair, yəni 53206 manat məbləğində pulu satıcıya (iddiaçıya) ödəməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı təhvil verilmiş malların dəyərinin ödənilmədiyini qeyd edir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh (alıcı) müqavilə üzrə öhdəliyini icra etməyərək aldığı malların dəyərini ödəməmişdir.
25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alıcı əşyanı müəyyənləşdirilmiş müddətdə ödəmək vəzifəsini icra etmirsə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qanuni əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.
27. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
28. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
29. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
32. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini - 53206 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 53206 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Artıq ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması ilə bağlı
33. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 0/1/5 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiaysından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmiş, İddiaçı MMC-nin nümayəndəsi tərəfindən 400 manat məbləğində mediaisya xərci nağdsız qaydada ödənmişdir.
34. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 249,62 manat məbləğində dövlət rüsumu ödənmişdir.
35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bunda sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
36. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
38. Məhkəmə müəyyən edir ki, hazırkı tələb üzrə dövlət rüsumunun məbləği 249,62 manat təşkil edir və iddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci ilə əhatə olunmuşdur. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olmuş, lakin 249,62 manat artıq dövlət rüsumu ödəmişdir.
39. İddiaçı cavabdehdən mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 249,62 manatın tutulmasını deyil, artıq ödənilmiş dövlət rüsumunun tutulmasını tələb edir.
40. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş dövlət rüsumu cavabdehdən tutula bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən artıq ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılır .
41. Ona görə də məhkəmə hesab edir ki, artıq ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsində iddia təmin oluna bilməz.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 53206 (əlli üç min iki yüz altı) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova