Məhkəmə qərarları › İş №e-2-2(113)-5045/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5045/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5045/2022 30.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1, Cavabdehin nümayəndələri Qanuni nümayəndə2, X8 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanılmış mühasibatlıq xidməti göstərilməsi haqqında xidmət müqaviləsi üzrə yaranmış olan 1300 manat borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat mediasiya xərci, cəmi 1360 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində iddiaçı ilə cavabdeh arasında şifahi xidmət müqaviləsi bağlanılmışdır. Qarşılıqlı razılığa əsasən iddiaçı mühasibatlıq xidmətləri göstərməli, cavabdeh isə həmin xidmətlərin qarşılığında haqq ödəməli idi. Hər ayın 1-i ödənilməli olan xidmət haqqının məbləği 200 manat təşkil edirdi. İddiaçı razılaşmaya əsasən üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə və vicdanla icra etmişdir. Lakin cavabdeh dəfələrlə email və whatsapp üzərindən müraciətlərinə baxmayaraq, razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Buna görə də tərəflərindən xx.xx.2022-ci il tarixində yazılı qaydada rəsmi olaraq xəbərdarlıq ünvanlanmışdır. Həmin xəbərdarlığın məzmununa əsasən göstərilmiş olan mühasibatlıq xidməti əvəzində 1300 manat xidmət haqqını 1 həftə ərzində ödəməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində məktub göndərərək razılaşmanı tanımadığını, 1300 manat xidmət haqqını ağlabatan məbləğ hesab etmədiyindən ödəniş etməyəcəyini bildirmişdir. +90 ********** və +994 50 ******* qeyd olunan mobil nömrələri arasında whatsapp mobil tətbiqi üzərində keçən yazışmalardan göründüyü kimi müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh müxtəlif vədlər verərək öhdəliyini icra etməkdən yayınmışdır. +994 50 ******* və +994 51 ******* mobil nömrələri arasında keçən whatsapp yazışmalarından məlum olur ki, iddiaçı cavabdeh üçün uzunmüddətli olaraq mühasibatlıq xidmətləri göstərmişdir. Cavabdeh tərəfindən bağlanılmış həmin müqavilənin xitam edilməsinə dair heç bir mesaj və ya email yoxdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, göstərilmiş xidmətlərlə bağlı cavabdehə hesab-faktura, elektron qaimə təqdim edilməmiş, cavabdeh tərəfindən edilmiş əvvəlki ödənişlər nağd qaydada edilmiş, lakin bunu təsdiq edən sənədləri təqdim edə bilmir. Bundan əlavə, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək mühasibatlıq üzrə elektron qaimələrin kəsilməsi, xx.xx.2021-ci il tarixədək gecikdirilmiş bəyannamələrin verilməsi, aylıq, rüblük, illik vergi və statistika hesabatlarının verilməsi, bank hesablarının açılması, məxaric kassalarının yazılması, əmək haqqı cədvəllərinin yazılması, əmək haqqlarının hesablanması və s. xidmətlər göstərilmişdir. Mühasibatlıq xidmətlərinin yerinə yetirilməsi üçün Cavabdeh MMC tərəfindən iddiaçının mühasibi Şəhriyar adlı şəxsə xx.xx.2021-ci il tarixli etibarnamə də verilmişdir. Göstərilmiş hər bir xidmət barədə cavabdeh whatsapp və e-mail vasitəsilə dərhal məlumatdırılmışdır. Bu günə qədər Cavabdeh MMC cəmi 2600 manat məbləğində xidmət haqqı ödəməli idi. Cavabdeh tərəfindən 24 sentyabr 2021-ci il tarixində 300 manat, 17 noyabr 2021-ci il tarixində 500 manat, 12 may 2022-ci il tarixində 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin dəfələrlə müraciət etmələrinə baxmayaraq Cavabdeh MMC 1300 manat xidmət haqqını ödəməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının nümayəndəsi olan Qanuni nümayəndə1 uzun illərdir ki, tanıyır. Ondan hüquqi və mühasibatlıq sahəsində mütəmadi olaraq müəyyən məsləhətlər almış, bununla bağlı özlərinə məxsus olan mühasibatlıq sənədlərini ona təqdim etmiş, lakin həmin məsləhətlərə görə hər hansı ödənişin verilməsi razılaşdırılmamışdır. Belə ki, özü iddiaçıya həmin məsləhətlərə görə arada hədiyyə kimi cüzi ödənişlər etmiş, lakin iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, onlar arasında hər hansı müqavilə bağlanmamış, aylıq 200 manat məbləğin ödənilməsi razılaşdırılmamışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh şirkət uzun illərdir ki, fəaliyyət göstərir, öz mühasibatlıq sistemini daim özü icra etmiş, bu sahədə hər hansı şirkətlə müqavilə bağlamamışdır. Belə ki, onlar əməkdaşlıq etdiyi şirkətlərlə həmişə yazılı müqavilə bağlamış, elektron qaimə və hesab-faktura əsasında, yalnız nağdsız qaydada ödəniş etmişlər. İddia ərizəsində göstərilənlər absurddur. Belə ki, onlara iddiaçı tərəfindən mühasibatlıq xidmətləri göstərilməmiş, bununla bağlı onlar arasında hər hansı müqavilə imzalanmamış, onlara elektron qaimə, hesab faktura təqdim edilməmişdir. Bundan əlavə, onlar tərəfindən iddiaçıya hər hansı ödəniş də edilməmişdir. Belə olsaydı, bunu təsdiq edən sənəd olardı. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddaçı ilə cavabdeh arasında bağlanmış şifahi xidmət müqaviləsinə əsasən iddiaçı yaranmış 1300 manat borcun 1 həftə müddətində ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən X1 cavabdehin adından Vergilər Nazirliyində, Xidmət Mərkəzində təmsil etmək, Şirkətin adından ərizələr vermək, bəyannamə təqdim etmək, arayışlar almaq, istənilən məsələ ilə əlaqədar müraciətlər etmək, müvafiq ərizələri və digər sənədləri imzalamaq, təqdim etmək, almaq, aldığına dair imza etmək etibar edilmişdir. Əmək müqaviləsinə dair bildirişə əsasən X2 iddiaçı MMC-də baş mühasib vəzifəsində əsas iş yeri olmaqla çalışır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/2- 01237 saylı arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.4-cü maddəsinə əsasən elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun: 7.2-ci maddəsinə əsasən müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyrimüəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. 7.5-ci maddəsinə əsasən müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. İddia ərizəsində cavabdehə tərəflər arasında yazılı müqavilənin olmamasına baxmayaraq onlara xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xidmət göstərildiyi, həmin xidmətlərin cavabdeh tərəfindən qəbul edildiyi, lakin xidmət haqqının ödənilmədiyi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı cavabdehə müvafiq xidmətlərin göstərildiyini iddia etsə də, həmin xidmətlərin göstərilməsini, habelə iddia ərizəsində göstərildiyi kimi həmin xidmətlərinin dəyərinin bir qisminin artıq ödənildiyini (ümumilikdə 1300 manat), qalan ödənilməmiş borcun 1300 manat olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş EBCJ seriyalı, 726815 saylı, xx.xx.2022ci il tarixli elektron qaiməni hazırkı iş üzrə mötəbər sübut qismində qəbul etmir. Belə ki, həmin elektron qaimə iddiaçı tərəfindən cavabdehə tərəflər arasında mübahisə yarandıqdan sonra, hazırkı məhkəmə araşdırmasının gedişatında, yəni xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir. İddiaçı bundan başqa Məhkəməyə həmçinin iki şahid ifadəsi təqdim etmişdir. MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri sübut hesab olunur. İddiaçının 1-ci şahidinin ifadəsi: Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, 2012-ci ilin fevral ayından etibarən İddiaçı MMC-də mühasib vəzifəsində işləyir. O, Cavabdeh MMC-yə xx.xx.2021-ci ildən etibarən 2022-ci ilin may ayına qədər mühasibatlıq xidmətlərini göstərmişdir. O, İddiaçı MMC-nin ofisində Cavabdeh MMC-nin işlərini görmüşdür. Cavabdehin asan imzası direktor Ayse xanımın özündə idi. Ayda 200 manat məbləğində xidmət haqqı barədə razılıq əldə olunmuşdur. Cavabdeh tərəfindən 1300 manat məbləğində odəniş olunmuş, ödənişləri Ayse xanım Gursəl bəyə ödəyirdi. Sonuncu 500 manat məbləğində ödənişi o, cavabdehin nümayəndəsi X7 şəxsən almışdır. Əməkdaşlıqları Gursəl bəyin istəyi ilə sonlandırıldı. 500 manat məbləğində ödənişin alınması ilə bağlı qarşı tərəfə qəbz təqdim etmədilər. Sonuncu ödənişi onun almasının səbəbi Gursəl bəyin ölkədə olmaması idi. Cavabdeh MMC-dən ona etibarnamənin verilməsinin səbəbi isə şirkətin adından bəzi işlərin həyata keçirməyi üçün idi. Xidmət haqqının 200 manat olması ilə bağlı məlumatı Gursəl bəydən almışdır. Ayse xanım özü də xidmət haqqının 200 manat olmasını təsdiq edirdi. İddiaçının 2-ci şahidinin ifadəsi: Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilə qədər iddiaçı şirkətdə hüquqşünas vəzifəsində çalışmışdır. İddiaçı MMC-də işlədiyi zaman Ayse xanım dəfələrlə ofisə gəlirdi. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə mühasibatlıq xidmətləri göstərilirdi. Xidmət haqqı ayda 200 manat təşkil edirdi. Həmin xidmətlər üzrə ödənişin olub-olmaması ilə bağlı məlumatı yoxdur. Beləliklə, iddiaçının təqdim etdiyi şahidlər ifadələrində iddiaçının cavabdehə ödənişli mühasibatlıq xidmətlərinin göstərildiyini bildirsələr də, həmin razılaşmanın hansı qaydada əldə edilməsi barədə məlumat verə bilməmiş, aylıq xidmət haqqının 200 manat məbləğində razılaşdırılmasının birbaşa şahidi olmamış, habelə iddia ərizəsində göstərilən xidmət haqlarının konkret olaraq kimə, hansı şəraitdə ödənilməsi, eləcə də hansı tarixdə ödənilməsi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlər hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (iddiaçı təşkilatla əmək müqaviləsi əsasında çalışan işçilər olmaqla) maraqlı olan şəxslərdir. Beləliklə də iddiaçının təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr tərəflər arasında mühasibatlıq xidmətlərinin göstərilməsinə dair müqavilənin olmasını, habelə cavabdehin iddiaçıya 1300 manat məbləğində borcun olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərə görə ödənilməli olan xidmət haqlarının tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar