Məhkəmə qərarları › İş №e-2-2(113)-5046/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5046/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5046/2023 29.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2021-ci il tarixli v ə xx.xx.2022ci il tarixli müqavilələrə əsasən pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 05 oktyabr 2021-ci il tarixli və 10 may 2022-ci il tarixli 21/0080-AİSCO-AĞCABƏDİTAXİL-K.S və 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqavilələrinə əsasən yaranmış 107.592,37 manat əsas borcun, 30 aprel 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək illik 5% dərəcəsi ilə əsas borca hesablanmış 28.148,09 manat faiz borcun və mediasiya üçün ödənilmiş 400 manat mediasiya xərcinin, 27 manat ödənilmiş dövlət rüsumunun, cəmi 136.167,46 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC 2019-cu ildən fəaliyyətə başlamış, Respublika ərazisinə mineral gübrələrin idxalı və satışı ilə məşğul olan, vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMCarasında 05 oktyabr 2021-ci il tarixdə və 10 may 2022-ci il tarixdə 21/0080-AİSCO- AĞCABƏDİTAXİL-K.S və 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqavilələri və alqı-satqı üzrə qiymət razılaşma protokolu, korporativ satış üzrə Qiymət razılaşma protokolları imzalanmışdır. Həmin müqavilələrə və protokollara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi dəyəri 552.000 manat olan gübrələr, ümumi dəyəri 15.561,25 ABŞ dolları olan toxumlar (pambığ toxumu May 455, May Tohum 25 kq), ümumi dəyəri 200.000 manat olan Karbamid Marka B/SOCAR gübrəsi cavabdeh "xxxx" MMC-yə satılmışdır. Cavabdeh tərəfindən həmin məbləğdən ödənişlər olunsa da, cəmi 107.592,37 manat pul ödənilməmiş qalmışdır. 03 may 2023-cü il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi” aktından da görünür ki, 30 aprel 2023-cü il tarixə cavabdehin 112.592,37 manat qalıq borcu mövcuddur. 05 sentyabr 2023-cü il tarixdə qeyd edilən borcdan 5000 manat məbləğində ödəniş olunduğu üçün hazırda həmin borc 107.592,37 manat təşkil edir. xx.xx.2023-cü il tarixində iddiaçı iddia tələbinin dəyişdirilməsi (həcminin azaldılması) barədə ərizə verərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış 05 oktyabr 2021-ci il tarixli və 10 may 2022-ci il tarixli 21/0080-AİSCO- AĞCABƏDİTAXİL-K.S və 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S nömrəli korporativ satış üzrə alqı-satqı müqavilələrinə əsasən yaranmış 112.592,37 manat əsas borca, 30 aprel 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 28.148,09 manat faiz borcun və mediasiya üçün ödənilmiş 400 manat mediasiya xərcinin, 27 manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun, cəmi 28.575,09 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında tərəflərindən borc məbləğinin ödənilməsi barədə ödəniş tapşırıqlarını təqdim etdiyini, iddiaçının öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün hesabladığı faiz məbləği hissəsində iddia tələbinin rədd edilməsini xahiş etdiyini bildirərək qeyd etmişdir ki, əvvəla AR MM-in 445.5ci maddəsinə əsasən öhdəliyi icra etməmələri gecikdirmə sayılmır. Belə ki, öhdəlik təqsirləri olmadan baş vermiş hallar nəticəsində icra edilməmişdir. Bundan başqa hazırda tələb edilən məbləğ səhv hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 05 oktyabr 2021-ci il tarixdə 21/0080-AİSCO-AĞCABƏDİTAXİL-K.S saylı korporativ satış üzrə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilir. 2.4.1-ci bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəmək alıcının vəzifəsidir. 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı, malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun həyata keçirir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. 10.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 05 oktyabr 2021-ci il tarixli 21/0080-AİSCO-AĞCABƏDİTAXİL-K.S saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixli 001 nömrəli qiymət razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (Ammafos/Apatit/Phosagro), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Qiymət razılaşma protokolunun: 3-cü bəndinə əsasən ödəniş şərti kimi alıcı təhvil alacağı malların dəyərini 20%-ni öncədən avans kimi ödəyəcəkdir, geri qalan ödənilməmiş 80% isə alıcı tərəfindən satıcıya ən geci xx.xx.2022-ci il tarixədək subisidiya kartı ilə və ya bank köçürməsi yoli ilə ödəniləcəkdir. 4-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 1 (%) faizi məbləğində dəbbə pulunu satıcıya ödəyəcəkdir. Qiymət razılaşma protokou hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 10 may 2022-ci il tarixdə 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S saylı korporativ satış üzrə alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilir. 2.4.1-ci bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəmək alıcının vəzifəsidir. 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı, malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun həyata keçirir. 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. 10.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10 may 2022-ci il tarixli 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixli 001 nömrəli qiymət razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (Karbamid Marka B / SOCAR), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Qiymət razılaşma protokolunun: 3-cü bəndinə əsasən ödəniş şərti kimi alıcı təhvil alacağı malların dəyərini 20%-ni öncədən avans kimi ödəyəcəkdir, geri qalan ödənilməmiş 80% isə alıcı tərəfindən satıcıya ən geci xx.xx.2022-ci il tarixədək subisidiya kartı ilə və ya bank köçürməsi yoli ilə ödəniləcəkdir. 4-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 1 (%) faizi məbləğində dəbbə pulunu satıcıya ödəyəcəkdir. Qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10 may 2022-ci il tarixli 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixli 002 nömrəli qiymət razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (Pambıq toxumu May 455 May Tohum), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Qiymət razılaşma protokolunun: 5-ci bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 0,1 (%) faizi məbləğində dəbbə pulunu satıcıya ödəyəcəkdir. Qiymət razılaşma protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasında 864.204,61 manatlıq satış həyata keçirilmiş, həmin müddət üçün 510.112,24 manat ödəniş edilmiş, həmin müddət üçün 241500 manat dəyərində mallar geri qaytarılmış və "xxxx" MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə qalıq borcu 112.592,37 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 206OCAZ232700002 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S üzrə) 45000 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 206OPXO232700515 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S üzrə) 9.258,5 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 206OPXO232700519 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S üzrə) 5000 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli #005İNT********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S üzrə) 4.259,39 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli #005İNT********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, (22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S üzrə) 44.074,48 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş (maliyyə) arayışdan görünür ki, "xxxx" MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə AR MM-nin 445.7-ci maddəsinə əsasən 30 aprel 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək illik 5% dərəcəsi ilə 112.592,37 manat əsas borca hesablanmış faiz borcu 28.148,09 manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli pretenziya məktubu ünvanlayaraq borcun 1 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh "xxxx" MMC arasında - 05 oktyabr 2021-ci il tarixli 21/0080-AİSCO-AĞCABƏDİTAXİL-K.S və 10 may 2022-ci il tarixli 22/044-AİSCO-AĞCABƏDİTAXİL-K.S saylı korporativ satış üzrə alqı-satqı müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı Açıq Səhmdar Cəmiyyəti sözügedən korporativ satış üzrə alqı-satqı müqavilələrinə üzrə ödənilməsi gecikdirilmiş 112.592,37 manat əsas borca AR MM-nin 445.7-ci maddəsinə əsasən 30 aprel 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 28.148,09 manat faiz borcunun tutulmasını tələb edir. Cavabdeh isə məhkəmə iclasında vermiş olduğu izahatında qeyd etmişdir ki, əvvəla öhdəlik təqsirləri olmadan baş vermiş hallar nəticəsində icra edilməmiş, bu da AR MM-in 445.5-ci maddəsinə əsasən gecikdirmə sayılmır, bundan başqa hazırda tələb edilən məbləğ səhv hesablanmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin: 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə (hər iki müqavilə üzrə müqavilələrin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşma protokolunda şərtləndirilən xx.xx.2022-ci il tarixədək) icra etməmiş, eləcə də kreditorun etdiyi xəbərdarlıqdan (bax. xx.xx.2023-cü il tarixli pretenziya) sonra öhdəliyini icra etməmişdir. Cavabdeh borc öhdəliyini yalnız hazırkı iddia tələbinə məhkəmədə baxılan müddətdə icra etmişdir (bax. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları). Eyni zamanda cavabdeh öhdəliyin onun təqsiri olmadan baş vermiş halların nəticəsində vaxtında icra edilməməsini iddia etsə də, iddiaya etirazının əsası kimi istinad etdiyi həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehsözügedən korporativ satış üzrə alqı-satqı müqavilələri üzrə əsas borc məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı AR MM-nin 445.7-ci maddəsinə əsasəngecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdehdən 30 aprel 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə tutulmalı olan faiz məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, 30 aprel 2023-cü il tarixdən 19 sentyabr 2023-cü il tarixədək olan müddət üçün əsas borc məbləğinə illik 5% dərəcəsi ilə caavbdehdən tutulacaq faiz aşağıdakı qaydada müəyyən edilməlidir. 112.592,37 manat əsas borc məbləğinə 30 aprel 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixədək olan müddət üçün (128 gün) - 112.592,37x5%/365 günx128 gün=1974,22 manat 05 sentyabr 2023-cü il tarixdə 5000 manat ödəniş edildikdən sonra 107.292,37 manat əsas borc məbləğinə 05 sentyabr 2023-cü il tarixdən 19 senyabr 2023-cü il tarixədək (14 gün) olan müddət üçün (14 gün) - 107.592,37x5%/365 günx14 gün=206,34 Cəmi 1974,22+206,34=2180,56 manat Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən AR MM-nin 445.7-ci maddəsinə əsasən illik 5% dərəcəsi ilə 2180,56 manat məbləğində faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri və 27 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə (iddia tələbinin həcminin azaldılması nəzərə alınmaqla) ödənilməli olan dövlət rüsumunun məbləği 174,44 manat təşkil edir. MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 320 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 2180,56 manat məbləğində faiz, mediasiya xərclərinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar