Məhkəmə qərarları › İş №e-2-2(113)-505/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-505/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-505/2024 27.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəlikləri, zərərin ödənilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə dəymiş ümumilikdə 26532 ABŞ dolları və 20293 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 noyabr 2022-ci il tarixdə yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən Cavabdeh MMC İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasından alınmış əlil arabalarını satıcıdan qəbul edib, 15-20 gün müddətində Azərbaycan Respublikasına çatdırmağı və İddiaçı MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra yük daşıma müqaviləsinin ümumi dəyəri olan 52720 manat məbləğdən 30 faizi Cavabdeh MMC-nin təqdim etdiyi hesab faktura əsasında 25 noyabr 2022-ci il tarixdə 17720 manat, xx.xx.2023-cü il tarixdə isə 1215 manat məbləğində İddiaçı MMC tərəfindən pul ödənilmişdir. 24 noyabr 2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin aldığı 660 ədəd əlil arabasının hamısı Çin Xalq Respublikasında satıcıdan təhvil alınmışdır. Cavabdeh MMC tərəfindən müqavilə predmetini təşkil edən yüklərin tam şəkildə 24 noyabr 2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, daşıyıcı tərəfindən müqavilə tələbləri və üzərinə götürdüyü öhdəliklər tam şəkildə pozulmuşdur. Müqavilə ödəlikləri yerinə yetirilmədiyi üçün dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh MMC xx.xx.2023 tarixində müqavilə üzrə nəzərdə tutulmuş müddət bitdikdən sonra Çin Xalq Respublikasında qəbul etdiyi 660 ədəd əlil arabasından 430 ədədini yararsız vəziyyətdə (soyuq şəraitdə saxlandığı üçün oturacaqların dəriləri çatlayaraq cırılmışdır. Bu səbəbdən İddiaçı MMC yararsız vəziyyətdə olan əlil arabalarının oturacaqlarını təmir etmək üçün yenidən əlavə oturacaqlar sifariş vermək məcburiyyətində qalmışdır.) Azərbaycan Respublikasına gətirmiş və sifarişçiyə təhvil vermişdir. Cavabdeh MMC tərəfindən Çin Xalq Respublikasında 24 noyabr 2022-ci il tarixdə qəbul edilmiş əlil arabalarından 230 ədədi isə bu günə qədər Azərbaycan Respublikasına gətirilməmiş və sifarişçiyə təhvil verilməmişdir. Dəfələrlə sifarişçiyə pretenziya məktubu ilə müraciətlər edilmiş, lakin heç bir nəticə olmamışdır. Cavabdeh MMC tərəfindən 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, İddiaçı MMC 660 ədəd əlil arabası üçün ümumilikdə 48020 ABŞ dolları pul ödəmiş, 31092 ABŞ dolları dəyərində olan 430 ədəd əlil arabası gətirilsə də, 16928 ABŞ dolları dəyərində olan 230 ədəd əlil arabası bu günə qədər Cavabdeh MMC tərəfindən təhvil verilməmiş və həmin əlil arabaları faktiki olaraq daşıyıcıda qalmışdır. İddiaçı MMC 660 ədəd əlil arabasını vaxtında təhvil vermədiyi üçün 17700 manat məbləğində cərimə edilmişdir. Cavabdeh MMC tərəfindən ölkə ərazisinə gətirilən 430 ədəd əlil arabasının gətirilməsi ilə bağlı daşıyıcı tərəfindən sifarişçiyə öncədən məlumat verilmədiyi üçün İddiaçı MMC qısa idxal bəyannaməsi təqdim edə bilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1182/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə 1500 manat məbləğində cərimə edilmişdir. İddiaçı MMC tərəfindən 660 ədəd əlil arabası üçün xaricə köçürülmüş ümumilikdə 48020 ABŞ dolları pul vəsaitinin müqabilində mallar tam şəkildə ölkə ərazisinə daxil olmadığı üçün həmin məbləğin 20 faizi həcmində cərimə tətbiq ediləcəkdir. Bu isə 9604 ABŞ dolları məbləği deməkdir. Cavabdeh MMC tərəfindən zədəli şəkildə təhvil verilmiş əlil arabalarının oturacaqlarının bərpa edilməsi üçün əlavə alınmış üzlüklərə görə 1023 manat xərc çəkilmişdir.

3. İlkin iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 859-cu maddələrinə istinad olunmuşdur.

4. Eyni zamanda Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, cavabdeh İddiaçı MMC-dən 17517 (on yeddi min beş yüz on yeddi) manat daşımadan yaranan əsas borc, 16590 (on altı min beş yüz doxsan) manat 01 yanvar 2024-cü il tarixinə olan cərimə borcu, 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manat saxlanc xərcləri, iddianın verilməsi ücün ödənilən 270 manat, cəmi 59367 (ǝlli doqquz min üc yüz altmış yeddi) manat məbləğin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında yüklərin daşınması xidməti üzrə 19 noyabr 2022-ci il tarixli D/027 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyat vasitəsi ilə beynəlxalq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.4.10-cu maddəsində müqavilənin 3-cü bölməsinə uyğun olaraq daşıyıcının xidmətləri üçün ödənişin vaxtında və tam şəkildə ödənilməsi sifarişcinin öhdəliyi kimi qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.1-cü bəndinə əsasən sifarişçi bu müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini əvvəlcədən razılaşdırılmış tariflərə uyğun olaraq daşıyıcıya ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş daşıyıcının hesab-fakturalarında göstərilən şərtlərə uyğun olaraq təqdim olunan hesab - faktura əsasında 3 iş günü ərzində həyata keçirilir. Həmin müqavilənin 3.8ci bəndində qeyd olunmuşdur ki, hazırkı müqavilənin 3.4.-cü bəndində nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,3% miqdarında daşıyıcıya cərimə ödəyir. Həmin müqavilənin 4.3.5-ci maddəsinə görə sifarişçi daşıyıcı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin haqqının vaxtında ödənilməməsinə və ya göstərilmiş xidmətlərin haqqının ödənilməsindən əvəzsiz imtina edilməsinə görə məsuliyyət daşıyır. Qeyd olunan müqavilənin şərtlərindən irəli gələrək Cavabdeh MMC tərəfindən hər kub üçün dəyəri 382 (üç yüz səksən iki) manat 50 qəpik olan (225 ABŞ dolları) ǝlil arabasından ibarət İddiaçı MMC-yə məxsus 95 kub (430 ədəd əlil arabası) yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilmiş və xx.xx.2023-cü il tarixində həmin yük İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-yə təhvil verilən yükün daşıma xərcinin 36452 (otuz altı min dörd yüz ǝlli iki) manat (95 kub x 382.50 manat) olmasını və həmi məbləğdən 18935 (on sǝkkiz min doqquz yüz otuz beş) manat məbləğin (17720 + 1215 manat) avans şəkində ödənilməsini nəzərə alaraq, qeyd olunan yükün daşınma xidməti üzrə 17517 (on yeddi min beş yüz on yeddi) manat borc yaranmışdır. Bununla əlaqədar, müqavilə şərtlərinə əsasən 31 yanvar 2023-cü il tarixində cavabdehin təhvil verilən yüklə bağlı göstərilən xidmətin əvəzini təşkil edən məbləğin ödənilməsinə dair xx.xx.2023-cü il tarixində 030 saylı hesab faktura təqdim edilmiş, lakin hesab fakturanın təqdim olunmasından xx.xx.2024-cü il tarixinə qədər 316 gün keçməsinə baxmayaraq, təqdim olunmuş hesab-faktura üzrə ödəniş həyata kecirilməmişdir. Nəticədə ödəniləcək 17517 manat məbləğin 0,3%-inin 52,5 manat (əlli iki manat əlli qəpik) təşkil etməsini, eyni zamanda ödənişin 316 gün gecikməsini nəzərə alanda, cavabdehin əsas məbləğdən əlavə 16590 (on altı min beş yüz doxsan) manat cərimə borcunun yaranması müəyyən olunur (17 517 x 0,3% = 52,5 X 316 gün = 16590 manat). Bundan əlavə, daşınması həyata keçirilən yüklə bağlı ödənişlər həyata kecirilmədiyindən cavabdehǝ məxsus 42,5 kub (230 ədəd) yükün daşınması dayandırılmış və saxlanc üçün Çin - Qazaxıstan ölkələri arasında yerləşən “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün təhvil verilmişdir. Belə ki, müqavilənin 2.1.8-ci maddəsinə əsasən xidmətlərin dəyəri ödənilmədikdə, daşıyıcının yükü saxlamaq və yükü və ya nəqliyyat sənədlərini yük alana, yük göndərənə və ya onların nümayəndələrinə verməmək hüququ vardır. Yük tutulub saxlandığı zaman, daşıyıcı öz istəyinə uyğun olaraq yükü ya konteynerdǝ/nəqliyyat vasitəsində saxlaya bilər, ya da yükü anbara və ya digər təhlükəsiz yerdə yerləşdirə bilər. Bu halda yükün boşaldılması, yerləşdirilməsi, saxlanması, nəqliyyat vasitəsinin boş dayanması ilə bağlı xərclər və digər xərclər sifarişçinin hesabına ödənilməlidir. “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün verilmiş cavabdehə məxsus yük orada saxlandığından saxlanc xərcləri xx.xx.2024-cü il tarixinə 14700 (on dörd min yeddi yüz) ABŞ dolları və ya 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manat təşkil etmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməmiş və ona göstərilən xidmətin əvəzi olaraq 17517 (on yeddi min beş yüz on yeddi) manat daşımadan yaranan əsas borc, 16590 (on altı min beş yüz doxsan) manat 01 yanvar 2024-cü il tarixinə olan cərimə borcu, 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manat saxlanc xərcləri olmaqla, cəmi 59097 (əlli doqquz min doxsan yeddi) manat məbləğində borcu yaranmışdır.

6. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448.1, 462.1-ci maddələrinə istinad olunmuşdur.

7. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdə ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsi ilə 16/2022 saylı malların satınalma müqaviləsi bağlamışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən İddiaçı MMC əlil arabaları satmağı öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilənin 11.2-ci bəndinə əsasən malların satın alınması müqaviləsi xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 16.1-ci bəndinə əsasən isə mallar vaxtında çatdırılmadığı təqdirdə İddiaçı MMC müqavilə həcminin 10 faizi miqdarında, 17700 manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı MMC-nin Cavabdeh MMC ilə 19 noyabr 2022-ci il tarixdə yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqaviləni bağlamasına səbəb Çin Xalq Respublikasından aldığı əlil arabalarını ölkə ərazisinə vaxtında gətirib öhdəliyini yerinə yetirmək olmuşdur. Yəni xx.xx.2022-ci il tarixədək İddiaçı MMC əlil arabalarını ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsinə təhvil verməli idi. Bu səbəbdən də İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilənin 2.2.5-ci bəndində xüsusi ilə göstərilmişdir ki, daşınmalı yüklər 15-20 gün müddətində təyinat yerinə çatdırılmalıdır. Müqavilə bağlandıqdan sonra xx.xx.2022-ci il tarixdə 17720 manat məbləğində avans məbləği Cavabdeh MMC-nin hesabına ödənilmişdir. Pul ödənilən kimi xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC daşımalı olduğu yükü tam şəkildə, yəni 660 ədəd əlil arabasını Çin Xalq Respublikasından təhvil götürmüşdür. Əlil arabalarını təhvil götürdüyü gün yüklərin müşayiət sənədləri Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verilmişdir. Cavabdeh MMC daşımalı olduğu yükü tam şəkildə, yəni 660 ədəd əlil arabasını Çin Xalq Respublikasından xx.xx.2022-ci il tarixdə qəbul etsə də, həmin yükləri 03 yanvar 2023-cü il tarixdə Qazaxıstan Respublikasının sərhədindən keçirmişdir. Bunu təsdiq edən sənədləri Cavabdeh MMC-nin nümayəndəsi elektron kabinet vasitəsi ilə təqdim etmişdir. Cavabdeh MMC yükləri təhvil aldıqdan 38 gün sonra Qazaxıstan Respublikasının sərhədindən keçmişdir. Lakin 2 günlük yolu 38 günə gəlməsinin səbəblərini izah edə bilməmişdir. Həmçinin Cavabdeh MMC-nin nümayəndəsinin elektron kabinetə yerləşdirdiyi sərhədkeçmə sənədindən də aydın olur ki, o yükləri tam şəkildə qəbul etsə də, yəni 660 ədəd əlil arabasını təhvil alsa da, sərhəddən cəmi 430 ədəd əlil arabasını keçirmişdir. Halbuki İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilədə yüklərin hissə-hissə daşınmasına dair heç bir razılıq olmamışdır. Yəni yüklər tam şəkildə və qısa müddətdə gətirilməli idi. Cavabdeh MMC-nin İddiaçı MMC-yə yazdığı məktubda isə açıq aydın görünür ki, İddiaçı MMC yüklərin gecikməsindən ciddi narazı olmuş və vaxtında gətirilməməsi ilə bağlı etiraz etmiş, Cavabdeh MMC isə 27 dekabr 2022-ci il tarixədək Qazaxıstan Respublikasının yolları bağladığını, yeni il ərəfəsində Çin istehsalı olan mallara tələbatın çoxluğu ilə bağlı gecikmələrin olduğunu əsas gətirərək, gecikmənin üzrlü hesab edilməsini istəmişdir. Yəni məktubdan görünür ki, Qazaxıstan Respublikasında yolların bağlı olması barədə məlumat verərkən daşınmalı yüklər heç Qazaxıstan sərhədindən keçməmişdi. Cavabdeh MMC-nin özünün elektron kabinetə yerləşdirdiyi sərhədkeçmə sənədindən də açıq aydın görünür ki, müqavilə şərtləri açıq aydın şəkildə pozulmuş, birinci növbədə daşınmalı olan yüklər vaxtında gətirilməmiş, ikinci növbədə isə yüklər tam şəkildə gətirilməmişdir. İddiaçı MMC-yə məxsus 110 ədəd əlil arabasının harada olması isə məlum deyil. İddiaçı MMC gətirilməyən və yeri məlum olmayan əlil arabalarının əvəzinə yenilərini almaq məcburiyyətində qalmış və 16/2022 saylı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh MMC 24990 manat saxlanc xərci ödənildiyini qeyd etsə də, həmin saxlanc xərcinin hansı səbəbdən və hara ödənilməsi məlum deyil. Həmçinin qeyd edilən 110 ədəd araba ümumiyyətlə təhvil alınsa da, həmin arabaların harada olması məlum deyil. Həmçinin bununla bağlı heç bir sənəd təqdim edilməmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh MMC guya İddiaçı MMCnin 17517 manat əsas borcunun yarandığını qeyd etsə də, bunun əsası yoxdur. Belə ki, İddiaçı MMC tərəfindən 18935 manat pul ödənilmiş, lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini ilk gündən pozmuşdur. Belə ki, 15-20 günə yükləri gətirməli olduğu halda, 38 gün sonra tam şəkildə təhvil aldığı yüklərin yarısını Qazaxıstan Respublikasının sərhədindən keçirmiş və bundan 28 gün sonra həmin yükləri Bakı şəhərinə gətirmişdir. Həmçinin gətirilmiş yüklər uzun müddət yollarda və anbarlarda saxlanıldığı üçün zədələnmiş və yararsız hala gəlmişdir. Bu zədələnmələri aradan qaldırmaq üçün İddiaçı MMC yenidən məcbur qalaraq əlil arabaların dəri örtüklərini alaraq onları yeniləmişdir. Bunu təsdiq edən gömrük bəyannaməsi elektron kabinetə yerləşdirilmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsində Cavabdeh MMC guya İddiaçı MMC-nin 16590 manat cərimə borcunun yarandığını qeyd etsə də, bunun da əsası yoxdur. Çünki öhdəliklərini tam şəkildə icra etmədiyi halda daşıyıcı tərəfin hər hansı cərimə hesablaması qanunvericiliyin və müqavilə şərtlərinin tələblərinə uyğun deyil.

8. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin xx.xx.2024-cü il tarixli ərizəsi (etiraz) onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 19 noyabr 2022-ci il tarixdə yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilənin qiymət razılaşdırma protokolundan görünür ki, daşınacaq yükün həcmi 137,83 kubdur. Hər kub üçün 382,5 manat olmaqla, cəmi 52720 manat xidmət haqqı müəyyənləşdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən iclasında Cavabdeh MMC-nin nümayəndəsi cəmi 660 ədəd əlil arabasını qəbul etmədiklərinə istinad edərək, bunun sübut edilməsini tələb etməklə faktiki olaraq məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki işin materiallarında bu hal sübuta yetirilir və mübahisə doğurmur. Belə ki, qarşılıqlı iddia ərizəsinin ikinci vərəqinin 4-cü abzasında 230 ədəd əlil arabası olmaqla, 42,5 kub həcmində yükün daşınmasından imtina edildiyi və saxlanca verildiyi qeyd edilmişdir. Bu hal özü təsdiq edir ki, həmin yüklər daşıyıcı tərəfindən daşımaya qəbul edilmişdir. Həmçinin sərhədkeçmə ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, daşıyıcı xx.xx.2023-cü il tarixdə yükləri yarımçıq gətirərkən artıq qalan yükləri daşımaqdan imtina etmişdir. Çünki yüklərin hissə-hissə daşınması ilə bağlı heç bir razılaşma mövcud olmamışdır. Bundan başqa Cavabdeh MMC-nin elektron sistemə yerləşdirdiyi sərhədkeçmə sənədlərindən də görünür ki, onlar 430 ədəd olmaqla, cəmi 88,95 kub əşyanı sərhəddən keçirmişlər. 88,95 kubu 430 ədədə böldükdə 0,2 kub alınır ki bu da bir ədəd əlil arabasının həcmi deməkdir. Cavabdeh MMC-nin daşımalı olduğu 137,83 kubdan faktiki daşıdığı 88,95 kubu çıxdıqda qalır 48,8 kub. 48,8 kubu isə bir əlil arabasının həcmini təşkil edən 0,21 kuba böldükdə cəm alınır 230 ədəd əlil arabası. Yəni göründüyü kimi yükdaşıma müqaviləsində cəmi 660 ədəd əlil arabasının daşınması nəzərdə tutulmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən elektron kabinetə yerləşdirilmiş 07/m nömrəli məktubun birinci abzasında da qeyd edilmişdir ki, cəmi 137,83 kub həcmi olan əlil arabasını qəbul etmişdir. Belə görünür ki, Cavabdeh MMC 137,83 kub təşkil edən 660 ədəd əlil arabasını daşımaq öhdəliyini götürmüşdür. Sadəcə bu öhdəliyini kobud şəkildə pozmuş və hal-hazırda müxtəlif üsullarla məsuliyyətdən yayınmağa çalışır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirilmiş və Cavabdeh MMC tərəfindən imza və möhürlə təsdiq edilmiş məktubun ikinci abzasından görünür ki, müqavilədə göstərilən yük tam şəkildə xx.xx.2022-ci il tarixdə daşıyıcıya təhvil verilmişdir. Belə ki, daşıyıcı həmin abzasda yükün xx.xx.2022-ci il tarixdə verilməsini gecikmə halı kimi qiymətləndirmişdir. Yəni başqa bir çatışmazlıq olsaydı, onu da qeyd edərdi. Demək ki, tək çatımamazlıq yükün müqavilə bağlandıqdan bir həftə sonra daşıyıcıya təhvil verilməsi olmuşdur. Həmçinin bu, yükü müşayiət edən sənədlərin də vaxtında verilməsini təsdiq edir, çünki əgər hər hansı sənəddə çatışmazlıq olsaydı, yükdaşıyan bunu da qeyd edərdi ki, gecikmə səbəblərindən biri də sənədlərin verilməməsidir. Həmçinin bu məktub özü həm də onu təsdiq edir ki, sifarişçi narazıdır və yükün gecikdirilməsi ilə bağlı məlumat verilməsini tələb edir. Həm də artıq yükün gecikdirilmə faktı mövcuddur. Bu da yüklərin təhvil alındıqdan sonra 15-20 gün müddətində çatdırılması ilə bağlı konkret razılaşma olduğunu təsdiq edir. Qeyd edilən məktubun 4-cü abzasında yazılmışdır ki, Qazaxıstan Respublikası tərəfindən xx.xx.2022ci il tarixədək yük nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulmuşdur. Bu halı yükdaşıyan gecikmənin üzrlü səbəbi kimi göstərməyə çalışmışdır. Lakin həm də buradan məlum olur ki, bu məktub xx.xx.2022-ci il tarixdən öncə yazılıb. Artıq bu məktub yazılanda tərəflər arasında yüklərin gecikməsi ilə bağlı narazılıq mövcud olmuşdur. Daşıyıcı isə gecikmənin üzlü səbəblərdən olmasını izah etməyə çalışmışdır. Lakin Cavabdeh MMC tərəfindən yenə də elektron kabinetə yerləşdirilmiş sərhədkeçmə sənədlərindən görünür ki, cəmi 430 ədəd əlil arabası (88,95 kub) xx.xx.2023-cü il tarixdə sərhəddən keçmişdir. Yəni həm yüklərin daşınmasında müddətlə bağlı şərtlər, həm də məhsulun tam daşınması ilə bağlı şərtlər artıq pozulmuşdur. Cavabdeh MMC-nin özünün də təsdiq etdiyi kimi, xx.xx.2022-ci il tarixdə qəbul etdiyi yükü xx.xx.2023-cü il tarixədək hansı səbəbdən özündə saxlamasını izah etməmişdir. Yəni işgüzar adətlərlə də bu hal heç bir formada qəbul edilə bilməz. Həmçinin daşımalı olduğu yükün qalan hissəsinin harada olması bu günə qədər məlum deyil. Göründüyü kimi, Cavabdeh MMC 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilənin şərtlərini ilk gündən pozmuş, bu pozuntu üçün heç bir üzrlü səbəb göstərməmiş, hal-hazırda isə heç bir şərtinə əməl etmədiyi müqavilənin dəyərini tələb edir.

Tədqiq olunan sübutlar:

9. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsi ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 16/2022 nömrəli mallarının satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi sanitarqovşaqlı kreslo-arabalar satın alınması məqsədi ilə icraçının ƏDV ilə birlikdə 177000 (bir yüz yetmiş yeddi min) manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin şərtlərinə və tərəflərin razılığına əsasən malların tam şəkildə sifarişçiyə təhvil verilmə tarixi müqavilənin əlavəsində göstərilmiş qəbul qrafikinə uyğun olmalıdır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişdirilə bilər. Bu hallarda icraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı malların təqdim olunması üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, hazırkı müqavilənin 2.1 bəndində göstərilmiş malların sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında (müqavilənin əlavəsində göstərilmiş malların qəbulu qrafikinə uyğun) təhvil verməsini, bu tapşırığın icrası ilə əlaqədar digər şəxslərin müstəsna hüquqlarını pozmamağı öhdəsinə götürür. Mallar 2 saylı əlavədə göstərilmiş müddətlər ərzində təhvil verilməlidir, əks təqdirdə sifarişçi müqavilənin 16.1 bəndində göstərilmiş cərimə sanksiyaları tətbiq edə bilər. Müqavilənin 11.2-ci bəndinə əsasən bu müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə imzalandığı tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədədir. Müqavilə 2 saylı əlavədə göstərilən tarixlər ərzində icra olunmalıdır. Müqavilənin 16.1-ci bəndinə əsasən icraçı malları müqavilənin 11.2 bəndində (2 saylı əlavəyə əsasən) göstərilmiş müddətdə yerinə yetirərək təhvil vermədikdə, yubadılan hər gün üçün müqavilənin ümumi məbləğinin 0,1% (sıfır tam onda bir) həcmində cərimə ödəməlidir. Cərimənin ümumi məbləği müqavilənin ümumi məbləğinin 10%-dən (on faizindən) (“maksimal hədd”) çox olmamalıdır. Cərimələrin ümumi məbləği maksimal həddə çatdıqda müqaviləyə sifarişçi tərəfindən birtərəfli qaydada xitam verilə bilər. Müqavilənin 16.2-ci bəndinə əsasən sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, yubadılan hər gün üçün müqavilənin ümumi məbləğinin 0,1% (sıfır tam onda bir) həcmində cərimə tətbiq edilə bilər. Tətbiq edilmiş cərimənin ümumi məbləği müqavilənin ümumi məbləğinin 10%-dən (on faizindən) (“maksimal hədd”) çox olmamalıdır.

12. Daşıyıcı qismində Cavabdeh MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, D/027 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin mövzusu sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyatı vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanı həyata keçirir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçinin sifariş ərizəsinə və ya bu müqavilənin ayrılmaz hissəsi olan əlavə razılaşmaya əsasən yükü daşınmaya qəbul etmək, yükü təyinat yerinə çatdırmaq və yükü yükalana, yaxud yükalanın səlahiyyətli nümayəndəsinə təhvil vermək daşıyıcının öhdəliyidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən yükün Çin Xalq Respublikasından çıxdığı andan 15-20 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyidir. Müqavilənin 2.4.4-cü bəndinə əsasən daşıyıcının xidmətlərini ödəmək, həmçinin sifarişçinin maraqları naminə və ya sifarişçinin təqsiri üzündən daşıyıcı tərəfindən çəkilmiş xərcləri, məsrəfləri, cərimələr və digər ödənişləri ödəmək sifarişçinin öhdəliyidir. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilənin valyutası ABŞ dollarıdır. Ödəniş daşıyıcının hesab-fakturalarında göstərilən şərtlərə uyğun olaraq təqdim olunan hesab-faktura əsasında 3 iş günü ərzində həyata keçirilir. Müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilə üzrə ödəniş sifarişçi tərəfindən daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında daşıma xərcinin 30% avans ödəniş kimi həyata keçirilir. Müqavilənin 3.7-ci bəndinə əsasən hazırkı müqavilə üzrə qalıq qalan 70% ödəniş malın təhvil verilməsi anına qədər həyata keçirilir. Müqavilənin 3.8-ci bəndinə əsasən hazırkı müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,3%-i miqdarında daşıyıcıya cərimə ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Müqavilənin 4.1.3-cü bəndinə əsasən tərəflər fors-major halları (təbii fəlakətlər, hərbi münaqişələr, yanğın, epidemiya, pandemiya, tətillər və s.) səbəbindən və ya bu müqavilənin yerinə yetirilməsi imkanlarına bilavasitə təsir göstərən hakimiyyət orqanlarının hərəkətləri səbəbindən öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəf hazırkı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi və ya lazımınca yerinə yetirilməməsini müqavilənin hazırkı maddəsində göstərilən maneənin nəticəsində baş verdiyini sübut etdiyi təqdirdə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyətdən azad edilir. Fors major hallarına aşağıdakılar daxildir, lakin fors major halları təkcə aşağıda sadalananlar ilə məhdudlaşmır: həm elan edilmiş, həm də elan olunmamış müharibə, hakimiyyət və icra orqanları tərəfindən qəbul edilmiş yükün daşınmasına mane olan qərarlar, vətəndaş müharibəsi, üsyan və inqilablar, piratçılıq, sabotaj aktları, epidemiya, pandemiya, fırtınalar, siklonlar, zəlzələlər, sunamilər, daşqınlar kimi təbii fəlakətlər, ildırım vurmasının törətmiş olduğu zərər, boykot, müxtəlif növ tətillər və lokautlar.

13. xx.xx.2022-ci il tarixli, 027 nömrəli qiymət razılaşma protokolundan görünür ki, xx.xx.2022-ci il tarixli, D/027 nömrəli müqavilə üzrə göstərilən xidmətlərin cəmi dəyəri 52720 manat təşkil edir.

14. xx.xx.2022-ci il tarixli, 16/2022 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, malların çatdırılma tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyənləşdirilmişdir.

15. xx.xx.2022-ci il tarixli satınalma sifarişindən görünür ki, İddiaçı MMC “X3 Equipment Manufactory” şirkətindən 660 ədəd əlil arabası sifariş etmişdir.

16. xx.xx.2022-ci il tarixli proforma fakturadan görünür ki, “X3 Equipment Manufactory” tərəfindən 660 ədəd əlil arabası (ümumi dəyəri 48020 ABŞ dolları, həcmi 131,90 m3) İddiaçı MMC üçün qablaşdırılmışdır.

17. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə üzrə 17720 manat məbləğində ödəniş edilmişdir.

18. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə üzrə 1215 manat məbləğində ödəniş edilmişdir.

19. İddiaçı MMC “X3 Equipment Manufactory” şirkətinin xx.xx.2023-cü il tarixli qablaşdırma siyahısından görünür ki, 430 ədəd əlil arabası qablaşdırılmışdır.

20. Cavabdeh MMC məktubla İddiaçı MMC-yə müraciət edərək bildirmişdir ki, qeyd olunan yükün daşıyıcıya istehsalçı zavod tərəfindən təhvil verilməsi həmin tarixdə deyil, bir həftə sonra, yəni xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir və bu hal gecikmə səbəblərdən biri kimi nəzərə alınmışdır. Digər tərəfdən yükün daşınması yeni il ərəfəsinə təsadüf etdiyindən və yeni il ərəfəsində Çin mallarına olan tələbat xüsusi ilə artdığından Çin Qazaxıstan sərhədində daşıyıcı nəqliyyat vasitələrinin uzun növbəsi yaranmışdır ki, bu da həvalə olunmuş yükün vaxtında çatdırılmasına öz mənfi təsirini göstərmişdir. Bundan əlavə, həvalə olunmuş yükün daşınması dekabr ayına qış ayına təsadüf etmişdir və Qazaxıstan Respublikasında hava şəraitinin çox sərt olması yolları iflic vəziyyətinə salmış və daşınma xidmətinin həyata keçirilməsi üçün təhlükə yaratmışdır. Bu səbəbdən Qazaxıstan Respublikası hökumətinin göstərişinə əsasən xx.xx.2022-ci il tarixinə qədər Respublikadan kənar istiqamət üzrə yük nəqliyyat vasitələrinin hərəkət etməsinə qadağa qoyulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq və hava şəraitinin kəskin ağır olmasını əsas tutaraq gecikmə səbəblərini fors-major kimi qəbul edilməsi xahiş edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 1430/2023 nömrəli qərarı ləğv edilmiş və Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir.

22. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 3(103)-1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən 1500 manat məbləğində cərimə ödənişi edilmişdir.

23. İddiaçı MMC pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək müqavilənin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.

24. Cavabdeh MMC pretenziya məktubu iləİddiaçı MMC-yə müraciət edərək 22280 manat əsas borc, 7419 manat cərimə borcunun qısa müddət ərzində ödənilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 439.2-ci maddəyə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

27. İlkin iddia tələbini Cavabdeh MMC tərəfindən 19 noyabr 2022-ci il tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə dəymiş ümumilikdə 26532 ABŞ dolları və 20293 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir.

28. İşin faktiki hallarından göründüyü kimi, sifarişçi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsi ilə icraçı qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, 16/2022 nömrəli mallarının satınalma müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən sifarişçi sanitar-qovşaqlı kreslo-arabalar satın alınması məqsədi ilə icraçının ƏDV ilə birlikdə 177000 (bir yüz yetmiş yeddi min) manat məbləğində təklifini qəbul etmiş, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürmüş, malların tam şəkildə sifarişçiyə təhvil verilmə tarixinin müqavilənin əlavəsində göstərilmiş qəbul qrafikinə uyğun olması, Malların 2 saylı əlavədə göstərilmiş müddətlər ərzində təhvil verilməsi razılaşdırılmışdır.

29. Həmin müqavilə üzrə öhdəliklərin icra olunması, kreslo-arabaların alınması məqsədilə İddiaçı MMC ilə Çin şirkəti olan “X3 Equipment Manufactory” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış, 660 ədəd əlil arabası sifariş edilmiş və həmin arabaların dəyəri olan 48020 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən həmin şirkətə ödənilmişdir.

30. Qeyd olunan malların daşınmasını həyata keçirmək məqsədilə daşıyıcı qismində Cavabdeh MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli “Yüklərin daşınması xidməti üzrə” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən yükün Çin Xalq Respublikasından çıxdığı andan 15-20 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuşdur. Müqaviləyə əsasən daşıyıcı sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində nəqliyyat vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanın həyata keçirir. Yük daşıma müqaviləsinin ümumi dəyəri 52720 manat müəyyən edilmiş, razılığa əsasən ödəniş sifarişçi tərəfindən daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında daşıma xərcinin 30%-nin avans ödəniş kimi, qalıq qalan 70% ödənişin isə malın təhvil verilməsi anına qədər həyata keçirilməsi nəzərdə tutulmuşdur.

31. Müqavilə bağlandıqdan sonra müqavilə dəyəri olan 52720 manat məbləğdən Cavabdeh MMC-nin təqdim etdiyi hesab faktura əsasında 25 noyabr 2022-ci il tarixdə 17720 manat, xx.xx.2023-cü il tarixdə isə 1215 manat, ümumilikdə 18935 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmişdir.

32. 24 noyabr 2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin aldığı 660 ədəd əlil arabasının hamısı Çin Xalq Respublikasında satıcıdan təhvil alınmış, lakin həmin malların bir qismi, daşıyıcının qəbul etdiyi 660 ədəd əlil arabasından 430 ədədi xx.xx.2023 tarixdə İddiaçı MMC-yə çatdırılmış, yəni malların tam və vaxtında çatdırılması ilə bağlı öhdəliklər daçıyıcı tərəfindən lazımınca icra olunmamış, 660 ədəd əlil arabasının qalan 230 ədədi hazırkı vaxtadək İddiaçı MMC-yə təhvil verilməmişdir.

33. İddiaçı Cavabdeh MMC tərfindən öhdəliklər pozulduğuna görə ziyana məruz qaldığını iddia etmiş, ona görə də qeyd olunan məblədə pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

34. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçıya zərər dəymişdir. Belə ki, əvvəla iddiaçı satıcı olan “X3 Equipment Manufactory” şirkətindən aldığı 660 ədəd əlil arabasına görə həmin şirkətə 48020 ABŞ dolları məbləğində pul vəsaiti ödəmiş, lakin həmin malları tam şəkildə qəbul edən daşıyıcı yalnız 430 ədəd əlil arabasını iddiaçıya çatdırmışdır.

35. İddiaçı satıcıya ödədiyi 48020 manat məbləğdən 31092 ABŞ dolları dəyərində olan 430 ədəd əlil arabasının gətirildiyini, 16928 ABŞ dolları dəyərində olan 230 ədəd əlil arabasının isə Cavabdeh MMC tərəfindən təhvil verilmədiyini bildirərək, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, arabaların 610 ədədinin qiyməti 45445 ABŞ dolları (hər biri 74,50 ABŞ dolları olmaqla), 50 ədədinin qiyməti isə 2575 ABŞ dolları (hər biri 51,50 ABŞ dolları olmaqla), ümumilikdə 48020 ABŞ dolları olmuşdur.

36. Məhkəmənin qənaətinə əsasən 16928 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, əvvəla, iddiaçı həmin məbləğdə vəsait ödəmiş, lakin əvəzində heç nə əldə etməmiş, məhrumiyyətə məruz qalmışdır. Cavabdeh malların qalan hissəsinin iddiaçıya çatdırılmamasının üzrlü səbəbləri və s. barədə hər hansı inandırıcı dəlillər təqdim etməmişdir. Halbuki tərəflər arasında bağlanmış daşıma müqaviləsinə əsasən yükü təyinat yerinə çatdırmaq və yükü yükalana, yaxud yükalanın səlahiyyətli nümayəndəsinə təhvil vermək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuş, lakin həmin öhdəlik lazımınca icra olunmamışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. MM-nin 859.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

37. Qeyd olunanlara əsasən məhkəmə belə nətcəyə gəlir ki, iddiaçı ona dəymiş maddi ziyana görə 16928 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçıya dəymiş həmin məbləğdə ziyanı ödəmək vəzifəsi daşıyır. Ona görə də ilkin iddia həmin hissədə təmin olunmalı və Cavabdehndən 16928 (on altı min doqquz iyirmi səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

38. Məhkəmə hesab edir ki, ilkin iddia qalan hissələrdə təmin olunmamalıdır.

39. Belə ki, iddiaçı onun tərəfindən 660 ədəd əlil arabası üçün xaricə köçürülmüş ümumilikdə 48020 ABŞ dolları pul vəsaitinin müqabilində mallar tam şəkildə ölkə ərazisinə daxil olmadığı üçün həmin məbləğin 20 faizi həcmində, yəni 9604 ABŞ dolları məbləğində cərimə tətbiq ediləcəyini bildirmiş, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, həmin hissədə tələb ehtimallara əsaslanmışdır, bu, baş verə də bilər, verməyə də bilər. Ona görə də iddia həmin hissədə də əsassızdır

40. Bundan başqa, iddiaçı iddia ərizəsində 660 ədəd əlil arabasını satınalma müqaviləsi üzrə vaxtında təhvil vermədiyi üçün 17700 manat məbləğində cərimə edildiyini bildirsə də, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.

41. İddiaçı daşıyıcı tərəfindən sifarişçiyə öncədən məlumat verilmədiyi üçün İddiaçı MMC qısa idxal bəyannaməsi təqdim edə bilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1182/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə 1500 manat məbləğində cərimə edildiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Belə ki, qısa idxal bəyannaməsi təqdim etmək iddiaçının vəzifəsidir. Bununla bağlı pozuntulara yol verdiyinə ödədiyi cərimənin ziyan kimi cavabdehdən tutulmasının tələb etməkdə haqlı deyil.

42. İddiaçı Cavabdeh MMC tərəfindən zədəli şəkildə təhvil verilmiş əlil arabalarının oturacaqlarının bərpa edilməsi üçün əlavə alınmış üzlüklərə görə 1023 manat xərc çəkildiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, lakin əlil arabalarının oturacaqlarının zədəli olmasının cavabdehin təqsiri üçündən baş verdiyinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə iddia həmin hissədə də təmin olunmur.

43. Qarşılıqlı iddianın bir hissəsi cavabdeh İddiaçı MMC-dən 17517 (on yeddi min beş yüz on yeddi) manat daşımadan yaranan əsas borcun tutulmasından ibarətdir.

44. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia həmin hissədə qismən təmin olunaraq, İddiaçındən daşıma xidmətinə görə 17402,50 manat (on yeddi min dörd yüz iki manat əlli qəpik) məbləğində pul vəsaiti qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır.

45. Belə ki, qarşılıqlı iddiaçı bildirmişdir ki, Cavabdeh MMC tərəfindən hər kub üçün dəyəri 382,50 manat olan ǝlil arabasından ibarət İddiaçı MMC-yə məxsus 95 kub (430 ədəd əlil arabası) yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilmiş və xx.xx.2023-cü il tarixində həmin yük İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-yə təhvil verilən yükün daşıma xərci 36452 manat (95 kub x 382.50 manat) olmuş və həmi məbləğdən 18935 (on sǝkkiz min doqquz yüz otuz beş) manat məbləğ (17720+1215) avans şəkində ödənilmiş, lakin qeyd olunan yükün daşınma xidməti üzrə 17517 manat məbləğ ödənilməmişdir.

46. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddiaçı daşınaraq İddiaçı MMC-yə təhvil verilən malların daşıma haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Daşınan malların hər kub metri üçün dəyərin 382,50 manat olması, həmçinin daşınan yüklərin həcmi tərəflər arasında razılaşdırılmışdır. Qarşılıqlı iddiaçının hesablamalarında yanlışlıqlara yol verilmişdir. Belə ki, 95 kub metr daşıma haqqı 36337,50 manat (95X382,50=36337,50) təşkil edir. Həmin məbləğdən ödənilən məbləği çıxdıqda 17402,50 manat (36337,50-18935=17402,50) qalır. Ona görə də qarşılıqlı iddia göstərilən hissədə qismən təmin olunmalıdır.

47. Cavabdeh MMC gecikdirməyə görə 01 yanvar 2024-cü il tarixinə hesablanmış 16590 manat məbləində cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir.

48. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən daşıma haqqı iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən qarşılıqlı iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

49. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, 1200 manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

50. Qarşılıqlı iddiaçı cavabdehǝ məxsus 42,5 kub (230 ədəd) yükün daşınmasının dayandırıldığını və saxlanc üçün Çin - Qazaxıstan ölkələri arasında yerləşən “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün təhvil verildiyini bildirərək, 24990 (iyirmi dörd min doqquz yüz doxsan) manat saxlanc xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

51. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, həmin hissə ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin etirazını əsaslı sayaraq, hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin həmin hissə ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.

52. Qarşılıqlı iddiaçı iddianın verilməsi ücün ödənilən 270 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

53. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 84,14 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

54. 40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən 16928 (on altı min doqquz iyirmi səkkiz) ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçı xeyrinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçındən 17402,50 manat (on yeddi min dörd yüz iki manat əlli qəpik) əsas borc, 1200 (min iki yüz) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,14 manat (səksən dörd manat on dörd qəpik) olmaqla, cəmi 18686,64 manat (on səkkiz min altı yüz səksən altı manat altmış dörd qəpik) məbləğində pul tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar