Məhkəmə qərarları › İş №e-2-2(113)-505/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-505/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-505/2025 10.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: daşıma müqaviləsi, borcun ödənilməsi, cərimə, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 43/23 saylı Müqavilə üzrə 78592,80 (ƏDV daxil) manat məbləğində əsas borcun, 3929 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 1342,62 manat pulun və 377 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 43/23 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMCnin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də, Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 78592.80 (ƏDV daxil) manat məbləğində borc cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş Üzləşmə aktlarla təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2024cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etməyi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442.1, 445.7, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, illik 5 faizlik məbləği cavabdehə e-qaimə təqdim edildiyi andan sonrakı dövr üzrə hesablamışlar. İddiaçı tərəfindən müqavilənin şərtlərinə əsasən xidmət icra edilən an cavabdeh xidmətin dəyərini ödəməli idi. Çünki müqavilənin 5.3-cü bəndinə əsasən sifarişçi xidmət haqqını daşıyıcı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında avans şəklində öncədən ödəyir və xidmət təhvil verildikdən sonra təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Maliyyə arayışında 5% üzrə qeyd edilən məbləğin hesablanma qaydası izahlı formada göstərilmişdir. Sonda o, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qismən qəbul edərək bildirmişdir ki, 78592,80 manat məbləğində əsas borcu qəbul edir, maddi cəhətdən imkanı hazırda aşağı olduğu üçün borcu ödəyə bilmir, hesablanmış cərimə və gecikdirilmiş vaxt üçün illik 5% məbləğin azaldılmasını məhkəmədən xahiş edir. Sonda o, iddia tələbinin qismən təmin olunmasına etiraz etməmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Daşıyıcı İddiaçı MMC ilə Sifarişçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 43/23 saylı Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, müqaviləyə görə Daşıyıcı xidmət haqqı müqabilində Sifarişçinin sərancamında olan yükləri Sifarişçidən və ya Sifarişçinin təyin etdiyi digər şəxsdən qəbul etməyi, göstərilən təyinat yerinə yükün həcmindən asılı olaraq müxtəlif ölçülü yük avtomobili nəqliyyatı ilə daşımağı və Sifariçiııin özünə və ya onun təyin etdiyi digər yük alana çatdırmağı öhdəsinə götürür, Sifarişçi isə bunun müqabilində Daşıyıcıya xidmət haqqını bu Müqavilə və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı Əlavəsinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən Daşıyıcı bu müqavilədə göstərilməsi nəzərdə tutulmuş xidmətlər daxilində hər bir daşımanı Sifarişçinin səlahiyyətli nümayəndəsinin yazılı və ya şifahi Sifarişi əsasında həyata keçirir. Daşıyıcı sifarişi qəbul etdikdən sonra ən çoxu 23 saat ərzində daşımanı həyata keçirməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin tərkib hissəsi olan Tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə müəyyən edilir. Müvafiq qiymətlərin sifarişi qəbul edilməmiş xidmətlər üzrə Daşıyıcı tərəfindən 15 gün öncədən bildiriş verməklə birtərəfli qaydada dəyişdirilməsi halı istisna olmaqla, sifarişi qəbul edilmiş xidmət üzrə qətidir və birtərəfli qaydada dəyişdirilə bilməz. Tərəflər razılaşır ki, icra edilmiş xidmətlərə görə ödəniş zamanı manatın 10%-i ötən devalvasiyası müşahidə edilərsə, hesablanmış həmin fərq məbləği Sifarişçi tərəfindən Daşıyıcıya əlavə olaraq ödəniləcəkdir. Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi tərəfindən ödəmədə gecikmə olarsa, xidmətin icra olunduğu gündən etibarən hər gecikən giin üçün qalıq horcıın 1%-i (bir) miqdarında dəbbə pulu hesablanacaqdır. EBED seriyalı, 855079 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 23458,40 manat, EBEC seriyalı, 818600 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 30326 manat, EBEB seriyalı, 442745 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 29264 manat məbləğində göstərilmi xidmətlərin dəyəri İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 06 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 78592,80 manat, cərimə borcu 98011,18 və illik gecikdirilmiş vaxt üçün 5% hesablanmaqla ümumi borc 1342,62 manat təşkil edir. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin 2024-cü ilin iyun ayı üzrə İddiaçı MMC qarşısında olan əsas borcu 71400 manat, ƏDV borcu 11692,80 manat, 2023-cü ilin yanvar-dekabr ayları üzrə İddiaçı MMC qarşısında olan əsas borcu 32050 manatdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 342 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında daşıma müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 43/23 saylı yükdaşıma müqaviləsi imzalanmışdır. Müqaviləyə və müqavilə üzrə sifarişçinin verdiyi sifarişlərə əsasən daşıyıcı sifarişçiyə daşıma xidmətləri təqdim etmiş, sifarişçi isə bu xidmətlərin müqabilində müvafiq ödənişləri ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı cavabdehin sifarişləri əsasında müvafiq daşınma xidmətlərini həyata keçirsə də, cavabdeh daşınmanın haqqını iddiaçıya tam ödəməmişdir. Cavabdehin iddiaçıya daşınmaya görə borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin cavabdehin nümayəndəsinin etirafı ilə öz təsdiqini tapır. Buna görə də iddiaçı MM-in 850-ci maddəsinə əsasən cavabdehdən müqavilə üzrə daşımanın haqqını tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müqavilə üzrə göstərilmiş daşınma haqqı, 78592,80 manat pulu qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 78592,80 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı cavabdehdən 3929 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış daşıma müqaviləsində işin yerinə yetirilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini əsas götürməklə iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 2500 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 1342,62 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini iki ilə yaxın gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 342 manat dövlət rüsumunun 337 manatının və müvəqqəti təminat tədbirinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 43/23 saylı müqaviləyə əsasən 78592 (yetmiş səkkiz min beş yüz doxsan iki) manat 80 (səksən) qəpik əsas borc, 2500 (iki min beş yüz) manat cərimə məbləği, ödənişin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 1342 (bir min üç yüz qırx iki) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun 372 (üç yüz yetmiş iki) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar