Məhkəmə qərarları › İş №e-2-2(113)-5069/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5069/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5069/2025 20.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı “X1” MMC-nin cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" (Azərbaycan) ASC-dən 6000 ABŞ dolları boş dayanmaya görə zərər, Faktorinq müqaviləsinə əsasən, ödənilməli məbləğlər vaxtında ödənilmədiyi üçün bank tərəfindən 7320,18 AZN məbləğində tutulmuş faiz, 90 000 AZN məbləğində müqavilələrin dayandırılmasına görə dəymiş zərər, bank hesabına xidmət haqqının vaxtında köçürülməməsinə görə 5000 AZN, avtokrana görə dəymiş zərər 45 000 AZN, gecikdirilmiş ödənişlərə görə Dövlət Büdcəsinə yaranan borclar və dəbbə pulları 24 700 AZN, səhv ödənişlərin nəticəsində yaranan ziyan 22875.15, qaimələrin ödənilməməsi nəticəsində yaranan ziyan 12802,15 AZN, yanacağın qalxması nəticəsində ucuz yük daşımalarına görə 14 822,92 AZN, əldən çıxmış fayda 150 000 AZN, işgüzar nüfuza vurulan zərərə görə 150 000 AZN, cəmi 532.720,40 AZN və 821 manat dövlət rüsumunun tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, elektron ərizədə “Tərəflər” bölməsində iddiaçı qismində fiziki şəxs İddiaçı adı qeyd olunsa da, iddia ərizəsinin mətnində iddiaçı qismində “X1” MMC göstərilmişdir və elektron iddia ərizəsində iddiaçının tələbi öz əksini tapmamışdır (iddianın “xahiş edirəm” bölməsi əks olunmamışdır. Bunda əlavə, iddianın məzmunundan müəyyən edilir ki, cavabdehdən tələb edilən pulun cəmi məbləği 532.720,40 manat göstərildiyi halda icraat növü kimi “sadələşdirilmiş icraat” seçilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2 – ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəlləsinin 284-1.ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1” MMC-nin cavabdeh “Holcim (Azərbaycan)” ASC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzinə əsasən ödənilmiş 823 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar