Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5073/2023 22.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 226.804, 85 manat məbləğində əsas borc, 22.680,48 manat cərimə, borc ödənilməyən günlərə görə hesablanmış illik 5%-i dəyərində 11.340,24 manat faiz, cəmi 260.825 manat borc məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat məbləğində haqqının və iddiaçı tərəfindən ödənilmiş 151 məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 30 may 2022-ci il tarixli 65 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement, beton və xidmət növündə Cavabdehə satır, cavabdeh isə malı alır və dəyərini ödəyir. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada, Satıcının Bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Müqavilənin 3.3-cü bəndinə əsasən Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə-faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə mallar təhvil verilmiş və elektron qaimələr təqdim edilmişdir. Qaimələrə əsasən Alıcıya 226.804, 85 manat dəyərində mal göndərilmişdir. Cavabdeh tərəfindən qaimə üzrə olan 226.804, 85 (iki yüz iyirmi altı min səkkiz yüz dörd manat səksən beş qəpik ) manat məbləğində borcu yaranmış və bugünədək ödəməmişdir. Müqavilənin 10-cu bəndinə əsasən, Tərəflər hər hansı səbəbə görə müəyyən razılığa gələ bilmədikləri halda, bütün mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinin tələblərinə uyğun olaraq həll ediləcəkdir. Eyni zamanda, Müqavilənin 6.1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödəmə şərtlərinə əməl olunmadığı halda, Satıcının hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək xərcləri tətbiq və tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq, Cavabdehə elektron qaydada 1 mart 2023-cü il tarixli ******* nömrəli pretenziya məktubu ünvanlanaraq 30 may 2022-ci il tarixli 65 Nömrəli Alğı-satqı müqaviləsi üzrə yaranmış 226.804, 85 (iki yüz iyirmi altı min səkkiz yüz dörd manat səksən beş qəpik) manat borc məbləğinin ödənilməsi tələb olunmuş, lakin Cavabdeh tərəfindən bu günə kimi ödəniş etməmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, Cavabdeh tərəfindən təklifə Qanunla müəyyən edilmiş müddət ərzində münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3 və 28.4-cü maddələrinə uyğun olaraq tərəfimizdən Bakı 18 saylı Mediasiya Təşkilatına (bundan sonra Təşkilat) müraciət olunmuş və Təşkilat tərəfindən X1 mediator qismində təyin olunmuşdur. Tərəflər mediasiya prosesi zamanı razılığa gələ bilmədiklərinə görə 12 iyul 2023-cü il tarixli MŞB/18/2023-00864 Nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında daha əvvəl də, yəni xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə də hazırkı müqavilədə olduğu kimi mallar yalnız elektron qaimə əsasında cavabdehə verilmiş, həm əsas borc, həm də ƏDV borcu cavabdeh tərəfindən bir qədər gec də olsa ödənilmişdir. Hazırkı alqı-satqı müqaviləsi tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, mallar əvvəlki müqavilədə olduğu bu müqavilə üzrə də cavabdehə yalnız elektron qaimə əsasında təhvil verilmiş, lakin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Təqdim etdiyi uyğunluq sertifikatlarından da göründüyü kimi, cavabdehə təhvil verilmiş mallar (beton) iddiaçının özü tərəfindən istehsal olunur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı və cavabdeh arasında bağlanmış 30 may 2022-ci il tarixli 65 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) bu müqavilənin 2-ci bəndində göstərilən və gələcəkdə “mal” adlandırılacaq sement, beton və xidmət növündə alıcıya satır, alıcı (cavabdeh) isə malı alır və dəyərini ödəyir.
8. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada, satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1% miqdarında alıcıya cərimə tətbiq edə bilər.
9. Müqavilənin 3.3-cü bəndinə əsasən Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.
10. Müqavilənin 6.1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödəniş şərtlərinə əməl olunmadığı halda, satıcının hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək xərcləri tətbiq və tələb etmək hüququ vardır.
11. Müqaviləyə 1 saylı və 2 saylı Əlavələrdə iddiaçı tərəfindən cavabdehə təqdim ediləcək malların adları, çəkisi, qiyməti barədə məlumatlar razılaşdırılmışdır.
12. İddiaçı tərəfindən cavabdehə EBBH 432901 nömrəli xx.xx.2021-ci il tarixli (31333,72 manat), EBBX 241851 nömrəli xx.xx.2022-ci il tarixli (12214,18 manat), EBBX 416652 nömrəli xx.xx.2022-ci il tarixli ( 21240 manat), EBBY 019425 nömrəli xx.xx.2022-ci il tarixli (34833.60 manat), EBBY 157831 nömrəli xx.xx.2022-ci il tarixli (8968 manat), EBBX 728792 nömrəli xx.xx.2022-ci il tarixli (20579,20 manat), EBBX 638849 nömrəli xx.xx.2022-ci il tarixli (21428,80 manat), EBBY 405598 nömrəli xx.xx.2022-ci il tarixli ( 5222,68 manat), EBBY 530176 nömrəli xx.xx.2022-ci il tarixli ( 5838,64 manat), EBBY 731600 nömrəli xx.xx.2022-ci il taruxli (6695,32 manat), EBBY 819593 nömrəli xx.xx.2022-ci il tarixli (17887,62 manat), EBBY 879633 nömrəli xx.xx.2022-ci il tarixli (2629,04 manat), EBBZ 059789 nömtəli xx.xx.2022-ci il tarixli (13652,60 manat), EBBZ 134740 nömrəli xx.xx.2022-ci il tarixli (5324,16 manat), EBBZ 169058 nömrəli xx.xx.2022ci il tarixli (1642,56 manat), EBBZ 276908 nömrəli xx.xx.2022-ci il tarixli (12328,64 manat), EBBZ 685641 nömrəli xx.xx.2022-ci il tarixli (11661,35 manat), EBBZ 826680 nömrəli xx.xx.2022-ci il tarixli (10628,26 manat), EBCA 115179 nömrəli xx.xx.2022-ci il tarixli (11614,74 manat), EBCA 179889 nömrəli xx.xx.2022-ci il tarixli (2415,46 manat) elektron qaimələr təqdim edilmişdir.
13. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 305 saylı müqaviləyə əsasən, satıcı (iddiaçı) hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “mal”adlandıırlacaq sement, beton və xidmət növünü alıcıya satır, alıcı (cavabdeh) isə malı və dəyərini ödəyir.
14. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada, satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişinin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1% miqdarında alıcıya cərimə tətdbiq edə bilər.
15. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada, satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişinin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1% miqdarında alıcıya cərimə tətdbiq edə bilər.
16. Müqavilənin 3.3-cü bəndinə əsasən Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.
17. Müqavilənin 6.1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödəniş şərtlərinə əməl olunmadığı halda, satıcının hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək xərcləri tətbiq və tələb etmək hüququ vardır.
18. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə EBBH 432901 saylı, xx.xx.2021-ci il tarixli elektron qaimə (26554 manat əsas borc, 4779,72 manat ƏDV, ümumilikdə 31333,72 manat) təqdim edilmişdir.
19. Cavabdeh tərəfindən iddiaçıya həmin qaimə üzrə xx.xx.2022-ci ildə 26554 manat əsas borc, həmin tarixdə 4779,72 manat ƏDV borcu ödənilmişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
27. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
29. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 226804,85 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 226804,85 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
32. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3-cü bəndinə əsasən hesablanmış 22680,48 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 10000 manat məbləğində müəyyən edilməlidir.
37. İddia ərizəsindən görünür ki, iddiaçı borclunun xx.xx.2022-ci il tarixdən icranın gecikdirməsi nəticəsində əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 11340,24 manat (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsi tələbini də irəli sürmüşdür.
38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
40. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
41. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
42. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
43. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
44. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
46. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
48. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
49. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması bankın gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
50. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
52. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, qalan ödənilmiş 151 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 226804,85 manat məbləğində əsas borc, 10000 manat cərimə, 11340,24 manat faiz borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 248545,09 (iki yüz qırx səkkiz min beş yüz qırx beş manat doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 151 (bir yüz əlli bir) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova