Məhkəmə qərarları › İş №e-2-2(113)-5074/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5074/2022

09.09.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5074/2022 09.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin maraqlı Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 1696,52 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1696,52 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********379400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına (arayışa) əsasən yuxarıda qeyd edilən borclu Rzayev X1 Muxtar Respublikası, Sədərək rayonu, Sədərək ərazi dairəsi, Sədərək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs iddia ərizəsinə yazılı etiraz təqdim edərək, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 120 saylı Qərarına əsasən 31 mart 2020-ci il tarixindən bütün ticarət məkanlarında fəaliyyət dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikasında olan bütün ticarət mərkəzləri, o cümlədən onun işlədiyi “Sədərək” ticarət mərkəzinin fəaliyyəti dayandırılmışdır. Məlumdur ki, “Sədərək” ticarət mərkəzinin fəaliyyəti 2021-ci ilin iyun ayının 10-da bərpa edilmişdir (Nazirlər Kabinetinin müvafiq qərarına əsasən). Beləliklə də, işlədiyi “Sədərək” ticarət mərkəzinin bir ildən artıq fəaliyyəti olmamışdır. Bu müddət ərzində o sahibkar kimi fəaliyyət göstərməmişdir. Pandemiya dövründə o həddindən artıq ziyanla üzləşmiş. Baxmayaraq ki, “Sədərək” ticarət mərkəzinin fəaliyyəti xx.xx.2021-ci ildən bərpa edilsə də, o bir sahibkar kimi fəaliyyət göstərə bilmədi və xx.xx.2021-ci ildən xx.xx.2026-cı ilədək fəaliyyətini dayandırdı. 2018-ci ilin dekabr ayında vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Hesab edir ki, əgər X3 üzrə Baş İdarəsinin inzibati orqan kimi, məqsədi dövlət büdcəsinə olan borcların ödənilməsini təmin etməkdən ibarətdirsə, onda verdiyi ərizənin hansı zəruriliyini əsaslandıra bilməz. Çünki, yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikasınnda COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair tədbirlər həyata keçirilmiş və bir sıra sahələr, o cümlədən ticarətin fəliyyəti dayandırlmışdır. Belə olan halda, ona işləmədiyi hər ay üzrə Dövlət Sosial Müdafiə Fonduna ayırmanın hesablanması əsassızdır. Həmçinin, həmin borcların ödənilməməsi obyektiv səbəblərdən irəli gəlmişdir. Maraqlı şəxs məhkəmə iclasında etirazı ilə eyniməzmunlu izahat verərək Dövlət Sosial Müdafiə Fonduna ayırmanın hesablanması əsassız olduğuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin rədd edilməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan borcu 2037,8 manat təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli **********379400 nömrəli bildirişin surətindən görünür ki, Maraqlı şəxs borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Fiziki şəxs haqqında məlumat (arayışla) ilə müəyyən edilir ki, Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə VÖEN (**********) verilmişdir. K.X2 Respublikası, Sədərək rayonu, Sədərək ərazi dairəsi, Sədərək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan görünür ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci l tarixədək fəaliyyətini dayandırmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs məcburi sosial sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maraqlı şəxsin ərizəyə etirazına əsas kimi istinad etdiyi Azərbaycan Respublikasınnda COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair tədbirlərin həyata keçirildiyi və bir sıra sahələr, o cümlədən ticarət fəliyyətinin dayandırldığını, ona işləmədiyi hər ay üzrə Dövlət Sosial Müdafiə Fonduna ayırmanın hesablanmasının əsassız olması, həmçinin, həmin borcların ödənilməməsi obyektiv səbəblərdən irəli gəldiyi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, birincisi maraqlı şəxsə hesablanmış borcun əsaslı olub-olmaması hazırkı məhkəmə işinin predmetini təşkil etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək ərazi dairəsi, Sədərək kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna 1696,52 manat məbləğində olan borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan fiziki şəxs – xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək ərazi dairəsi, Sədərək kəndində qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar