Məhkəmə qərarları › İş №e-2-2(113)-508/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-508/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-508/2020 02.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, “x4 Zirai makinalar ve x5 Anonim” şirkətinin Cavabdehnə (MMC) qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “x4 Zirai makinalar ve x5 Anonim” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 274217 ABŞ dolları əsas borc, 41132 ABŞ dolları faiz borcu və əsas borcun tutulmasına dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı “x4 Zirai makinalar ve x5 Anonim” şirkəti ilə Cavabdeh MMC arasında istixana üçün metal konstruksiyaların və digər mal-materialların alqı-satqısına dair bağlanmış 25.07.2016-cı il tarixli müqaviləyə əsasən cavabdehin satın aldığı mallara görə iddiaçıya 274217 ABŞ dolları məbləğində borcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehin ünvanına 2016-2017-ci illər ərzində hissə-hissə olmaqla ümumilikdə ******* ABŞ dolları məbləğində mal - material göndərilmişdir. Lakin cavabdeh onun ünvanına göndərilən malların dəyərini lazımınca ödəməmişdir. Cavabdehin satın aldığı mallara görə ən son ödəniş tarixi 29.07.2017- ci il tarixdə həyata keçirilmişdir. Yaranmış borcla bağlı cavabdeh tərəf 2017-ci ilin sonlarına qədər qalıq borcun tam şəkildə ödənilməsinə söz vermişdir. Lakin iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə də, Cavabdeh MMC üzərinə düşən öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcun ödənilməsindən yayınmışlar. 200000 ABŞ dolları məbləğində pulun 25 iyul 2016-cı il tarixdə ödənilməsinə dair qəbzdəki imzanın şirkətin rəhbərinə məxsus olmasını mübahisələndirilməsə də həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə avanasın ödənilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Belə ki, tərəflər arasında bütün ödənişlər köçürmə yolu ilə aparıldığı halda, 200000 ABŞ dolları nağd şəkildə ödənilə bilməzdi. Həmin qəbz tərəflər arasında başqa öhdəliklərin icrası üçün, ola bilsin ki, İsmail Çağlayana şəxsən verilməli olan pul vəsaiti kimi verilmişdir. Cavabdehin iddiaçıya olan külli miqdarda borcu vaxtında qaytarmaması iddiaçının maliyyə vəziyyətinin çətinləşməsinə, pisləşməsinə səbəb olmaqla sonuncuya ciddi zərər dəymişdir. Buna görə də cavabdehdən əsas borcdan əlavə həm illik 5 %, həm də qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcu da hesablanaraq tutulmalıdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında 25 iyul 2016-cı il tarixdə müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən avans olaraq 200000 ABŞ dolları ödənilmiş və bu barədə qəbz iddiaçı şirkətin rəhbəri İsmail Çağlayan tərəfindən qəbz imzalanmışdır. Bundan sonra tərəflər arasında 29 sentyabr 2016-cı il tarixdə kontrakta 1 №-li əlavə razılaşma imzalanmış və həmin əlavədə kontraktın dəyəri 3391170,32 ABŞ dolları müəyyən olunmuş və həmin kontrakta uyğun olaraq ödənişlər aparılmışdır. Lakin kontrakta əsasən verilməli olan mallar da Cavabdeh MMC-yə tam təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - 25 iyul 2016-cı il tarixli, ASQ/AS/001/16 nömrəli müqavilənin surətindən görünür ki, “x4 Zirai makinalar ve x5 Anonim” şirkəti istixana üçün material və avadanlıqların satmağı, Cavabdeh MMC isə malları qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür, kontraktın ümumi dəyəri ******* ABŞ dolları müəyyən edilir; - 25 iyul 2016-cı il tarixli, ASQ/AS/001/16 nömrəli kontrakta 29 sentyabr 2016-cı il tarixli, 1 №-li əlavənin surətindən görünür ki, kontraktın ümumi dəyəri 3391170,32 manat müəyyən olunmuş və Cavabdeh MMC 10 bank günü ərzində 900000 ABŞ dolları məbləğində avans ödənilməsini öhdəsinə götürmüşdür; - 25 iyul 2016-cı il tarixli, 001 №-li qəbzin surətindən görünür ki, 200000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən avans olaraq İsmali Çağlayana ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış 25 iyul 2016-cı il tarixli, ASQ/AS/001/16 nömrəli kontrakt və həmin kontrakta 29 sentyabr 2016-cı il tarixli, 1 №-li əlavədə digər şərtlərlə yanaşı kontraktın ümumi dəyəot, ödənişlərin müddəti və məbləği öz əksini tapmışdır. İddianın əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı tərəfindən göndərilən malların dəyəri 3124147,09 ABŞ dolları təşkil etmiş, cavabdeh tərəfindən ******* ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş və 274217 ABŞ dolları məbləğində borc yaranmışdır. Cavabdeh iddiaya etirazının əsaslarından biri kimi malların tam göndərilməməsinə istinad etsə də, məhkəmə bu xüsusatı əsaslı hesab etmir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 10 yanvar 2020-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş tərəflər arasında aparılan ixrac və idxal əməliyyatları barədə, həmçinin əməliyyatlar zamanı idxal edilmiş malların invoys dəyəri haqqında məlumatda göstərilən dəyərdə malların göndərilməsi öz təsdiqini tapır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 578.1-ci maddəsində qeyd olunmuşdur ki, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Lakin cavabdeh tərəfindən məhkəməyə malların az göndərilməsi ilə bağlı hər hansı bir pretenziyanın irəli sürülməsi barədə sübut təqdim olunmamışdır. İddiaya etirazın digər əsası kimi cavabdeh 200000 ABŞ dolları məbləğində pulun avans olaraq şirkətin rəhbəri İsmail Çağlayana ödənilməsi qeyd olunmuş və bu barədə 25 iyul 2016-cı il tarixli qəbz məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. İş materiallarından görünür ki, istər 25 iyul 2016-cı il tarixli, ASQ/AS/001/16 nömrəli kontrakt, istərsə də həmin kontrakta 29 sentyabr 2016-cı il tarixli, 1 №-li əlavə “x4 Zirai makinalar ve x5 Anonim” şirkətinin rəhbəri İsmail Çağlayan tərəfindən imzalanmışdır. 25 iyul 2016-cı il tarixli, ASQ/AS/001/16 nömrəli kontraktın 3.3.1-ci bəndində 10 bank günü ərzində ******* ABŞ dolları məbləğində avans məbləğinin ödənilməsi nəzərdə tutulmuş və müqavilənin bağlandığı gün də 200000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı şirkətin rəhbəri tərəfindən qəbul olunmuşdur. İddiaçının nümayəndəsi 200000 ABŞ dollarının ödənilməsi barədə 25 iyul 2016-cı il tarixli qəbzin məhz mübahisə predmeti olan müqavilə üzrə ödənişi aparılmasını təsdiq edən sənəd olmadığını, tərəflər arasında başqa öhdəliklərin icrası üçün, ola bilsin ki, İsmail Çağlayana şəxsən verilməli olan pul vəsaiti kimi verildiyini bildirsə də, Cavabdeh MMC-nin “x4 Zirai makinalar ve x5 Anonim” şirkəti və şəirkətin rəhbəri İsmail Çağlayan qarşısında başqa öhdəlik münasibətlərinin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, həmin qəbzdə 200000 ABŞ dollarının “avans olaraq” ödənilməsi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən 200000 ABŞ dollarının ödənilməsi barədə 25 iyul 2016-cı il tarixli qəbz həmin tarixdə tərəflər arasında bağlanmış müqavilə üzrə avans ödənilməsini təsdiq edən sübut kimi qəbul olunmalı, həmin məbləğ əsas borc məbləğindən çıxılaraq əsas borcun məbləği 74217 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin tutulması hissəsində təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qərarda qeyd olunan hüquqi mövqeyi və 3 il ərzində öhdəliyin icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, illik 5%, yəni, hər il üçün 3711 ABŞ dolları hesablanmaqla ümumilikdə 11133 ABŞ dolları mələğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 8 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “x4 Zirai makinalar ve x5 Anonim” şirkətinin “Cavabdeh" x1rşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 74217 ABŞ dolları məbləğində əsas borc, 11133 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 85350 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla “Cavabdeh" x2 tutularaq “x4 Zirai makinalar ve x5 Anonim” şirkətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 8 manat məbləğində pul vəsaiti “Cavabdeh" x2 tutularaq “x4 Zirai makinalar ve x5 Anonim” şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar