Məhkəmə qərarları › İş №e-2-2(113)-508/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-508/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-508/2023 06.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən borcun, mediasiya xərcinin və dövlət rüsumunun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə 110.696,5 manat məbləğində əsas borc, öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 22.745,6 manat məbləğində dəbbə pulu, dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 400 manat məbləğində, və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğdə, ümumilikdə 133.866,1 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2010-cu il tarixdə rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu günə kimi atdıqları hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışlar. Bu illər ərzində cəmiyyətləri Azərbaycan Respublikasının qarşıya qoyduğu qanun və qaydalara uyğun olaraq fəaliyyət göstərmiş və heç bir zaman buna zidd hərəkətə yol verməmişdir. Şirkətləri əsas fəaliyyəti qida məhsullarının satışı və iaşə xidmətlərinin göstərilməsi üzərində qurulmuşdur. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən İcraçı tərəfindən sifarişçiyə iaşə (catering) xidmətləri göstərilmişdir. İcraçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında və lazımi qaydada yerinə yetirsə də, sifarişçi tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmiş, göstərilmiş xidmətlərin dəyəri tam şəkildə ödənilməmiş və sifarişçinin icraçıya 110.696,5 manat məbləğində əsas borc, öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 22.745,6 manat məbləğində dəbbə pulu borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən sifarişçi icraçının təqdim etdiyi hesab fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0,1%-i miqdarında dəbbə pulu ödəməlidir. Həmçinin, müqavilənin 12.1-ci bəndinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisə, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həlledilməlidir. Eyni zamanda, müqavilənin 12.2-ci bəndinə əsasən tərəflər arasında meydana gələn mübahisə 30 gün ərzində danışıqlar vasitəsi ilə həll edilmədikdə və ya həll edilməsi mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilir. Bununla bağlı olaraq ilk öncə icraçı tərəfindən sifarişçiyə pretenziya məktubu göndərilmişdir. Həmin pretenziya məktubunda ödənilməli olan məbləğlərin pretenziya alındığı tarixdən sonrakı 30 təqvim günü ərzində icraçının müqavilədə qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Pretenziya məktubu icraçının məsul şəxsi tərəfindən təhvil alınsa da, onlardan bu tələbin icra edilməsi təmin edilməmişdir. Sifarişçinin öz öhdəliklərini icra etməməsi səbəbilə İddiaçı tərəfindən Sifarişçiyə mediasiya ilə bağlı təklif göndərilmiş və tərəflər arasında münasibətlərin məhkəməyə qədər nizamlama (pretenziya) qaydası ilə həll olunması üçün Mediasiya Şurasına mediatorun təyin olunması ilə bağlı müraciət etmişdir. Bu müraciətə uyğun olaraq Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 mediator təyin olunmuş və o tərəfləri ilkin mediasiya sessiyasında iştirak etmələri üçün müvafiq qaydada məlumatlandırmışdır. Təyin olunan ilkin mediasiya sessiyası tarixində, xx.xx.2022-ci il, saat 13:00-da icraçının nümayəndəsi sessiyanın keçirələcəyi məkanda olmuş, lakin sifarişçi tərəfindən heç bir nümayəndə gəlməmişdir. Bununla bağlı mediator tərəfindən icraçıya təsdiqedici sənəd qismində “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” təqdim olunmuşdur. Həmçinin icraçı tərəfindən dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 400 manat məbləğində mediasiya təşkilatına ödəniş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış “Malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində hesablanmış əsas borc olaraq 110.696,5 manat, bundan başqa öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 19.154,85 manat məbləğin, dövlət mediasiya xidmətinin göstərilməsinə görə haqq qismində 400 manat məbləğin, 24 manat məbləğdə dövlət rüsumunun, ümumilikdə 130.275,35 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2020-ci il tarixdə malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə görə bu müqaviləyə əsasən icraçı tərəflər arasında qabaqcadan razılaşdırılmış və sifarişçinin işçilərinin çalışdığı sahələrə və ya sifarişçi tərəfindən icraçıya əvvəlcədən yazılı şəkildə bildirilən başqa məntəqələrə malları çatdırmağı və xidmətləri göstərməyi öz öhdəsinə götürür. 2.2-ci bəndinə görə bu müqavilə üzrə çatdırılan malların/göstərilən xidmətlərin müqabilində sifarişçi icraçıya bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi öz öhdəsinə götürür. 3.1.3-cü bəndinə görə bu müqavilə üzrə təchiz edilən malların/xidmətlərin müqabilində müəyyən edilmiş xidmət haqqı almaq və bu məqsədlə hesab-fakturalar təqdim etmək icraçının hüququdur. 3.4.1-ci bəndinə görə bu müqavilədə və ona əlavələrdə nəzərdə tutulmuş miqdarda və qaydada icraçıya xidmət haqqı ödəmək sifarişçinin vəzifəsidir. 5.2-ci bəndinə görə bu müqavilənin 5.1-ci bəndində göstərilən istənilən sifariş, bildiriş və ya digər ismarıc şəxsən çatdırılma və ya əvvəlcədən ödənilmiş çatdırılma ilə və ya qeydə alınmış poçt və ya faks və ya elektron poçt vasitəsilə 5.4-cü bənddə göstərilən ünvana və şəxsə (və ya həmin tərəf tərəfindən 5.4-cü bənddə müəyyən edilən başqa şəkildə) göndərməklə verilir. 7.3-cü bəndinə görə sifarişçi icraçının təqdim etdiyi hesab-fakturaları onların təqdim edildiyi tarixdən etibarən 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür. Ödəniş tərəflərin qarşılıqlı razılığı ilə nağd və ya bank köçürməsi yolu ilə həyata keçirilir. Sifarişçi ödəniş müddətini pozduqda icraçıya hər gecikmə günü üçün vaxtında ödənilməyən məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir. 11.1-ci bəndinə görə bu müqavilə xx.xx.2020-ci il tarixindən qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədə qalır. 11.2-ci bəndinə görə tərəflərdən biri digər tərəfə müqavilə müddətinin başa çatmasına ən azı 15 gün qalmışadək bu müqaviləni ləğv etmək niyyəti barədə bildiriş göndərmədiyi halda, bu müqavilə avtomatik olaraq növbəti 1 il(lər) müddətinə uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi haqqında müqaviləyə 1 saylı əlavəyə əsasən tərəflər razılaşırlar ki, icraçı sifarişçinin sifarişi ilə aşağıdakı sayda, çeşiddə və qiymətlərlə qida məhsullarını təchiz edir. Həmin əlavənin: 2-ci bəndinə görə tərəflər razılaşırlar ki, 2,55 manat məbləğində menyuya aşağıdakı çeşid yeməklər daxildir: 2.1.1. kərə yağı; 2.1.2. seçim üzrə pendir, qaymaq və ya üçkünc pendir; 2.1.3. seçim üzrə cem, bal və ya rulet; 2.1.4. zeytun; 2.1.5. yumurta. 3-cü bəndinə görə tərəflər razılaşırlar ki, 5,10 manat məbləğində menyuya aşağıdakı çeşid yeməklər daxildir: 3.1.1. sup; 3.1.2. seçim üzrə ət və ya toyuq yeməyi; 3.1.3. qarnir; 3.1.4. desert. 4-cü bəndinə görə tərəflər razılaşırlar ki, 8,50 manat məbləğində menyuya aşağıdakı çeşid yeməklər daxildir: 4.1.1. sup; 4.1.2. ət yeməyi; 4.1.3. toyuq yeməyi; 4.1.4. iki növ qarnir; 4.1.5. salat; 4.1.6. desert; 4.1.7. qatıq; 4.1.8. spirtsiz içki. Əlavə 1 hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən 2022-ci ilədək olan dövrdə göstərilmiş (catering) xidmətlərinin göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 542899 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 256372 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 950759 nömrəli, xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 430975 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAW seriyalı, 294210 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 422456 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAY seriyalı, 921740 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBA seriyalı, 372023 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC seriyalı, 314685 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBD seriyalı, 549188 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBF seriyalı, 127388 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBG seriyalı, 776529 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 452540 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 268248 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBM seriyalı, 887670 nömrəli və xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 608090 nömrəli və xx.xx.2022-ci il tarixli, EBBP seriyalı, 727155 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. İddiaçı MMC tərəfindən 2022-ci il üçün ümumilikdə ƏDV daxil 110.696,5 manat məbləğində xidmətlərin göstərilməsinə dair 2022-ci ilin yanvar ayı üçün 33.355,77 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBR seriyalı, 674978 saylı; 2022-ci ilin fevral ayı üçün 27.386,27 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 727942 saylı; 2022-ci ilin mart ayı üçün 4.940,42 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 728222 saylı; 2022-ci ilin mart ayı üçün 7.951,08 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 728293 saylı; 2022-ci ilin may ayı üçün 14.511,40 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBZ seriyalı, 728326 saylı; 2022-ci ilin iyun ayı üçün 18.009,51 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCA seriyalı, 424623 saylı və 2022ci ilin iyul ayı üçün 4.542,06 manat məbləğində xidmətlərin göstərilməsinə dair xx.xx.2022ci il tarixli, EBCA seriyalı, 670763 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. xx.xx.2020-ci il-xx.xx.2022-ci il-ci il tarixləri arası dövrdə sifarişçi - Cavabdeh MMC ilə (mailto:qardashxan.1097@gmail.comElektron ünvan 1; mailto:q.qardashxanli@azmepgroup.azElektron ünvan 2; Elektron ünvan 3; muhasebe@azmepgroup.az; mailto:seymur.mammadov@azmepgroup.azElektron ünvan 5; mailto:natiq-huseynov90@mail.ruElektron ünvan 6) icraçı - İddiaçı MMC (mailto:f.abbasov@freshcatering.azElektron ünvan 7; Elektron ünvan 8; Elektron ünvan 9) arasında aparılmış “e-mail” yazışmaları ilə təsdiq edilir ki, həmin dövrlərdə sifarişçi tərəfindən yemək sifarişləri verilmiş, həmin sifarişlər əsasında icraçı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlər barədə aylıq hesabat göndərilmiş və göndərilmiş hesabatların doğruluğu sifarişçi tərəfindən təsdiqlənmiş, eləcə də icraçı tərəfindən sifarişçidən müqavilə üzrə borclarının ödənilməsi tələb edilmişdir. 24 may 2022-ci il tarixdə İddiaçı MMC-nni baş mühasibi Emil Əliyev (Elektron ünvan 9) tərəfindən Cavabdeh MMC-yə (Elektron ünvan 3; muhasebe@azmepgroup.az; mailto:seymur.mammadov@azmepgroup.azElektron ünvan 5; mailto:natiq-huseynov90@mail.ruElektron ünvan 6) elektron poçt vasitəsilə ünvanlanmış məktubdan müəyyən edilir ki, məktubda Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixinə qədər olan 132.072,44 manat (ƏDV daxil) borcdan may ayında 70.800 manat (ƏDV daxil) ödəniş edildikdən sonra xx.xx.2022-i il tarixə 61.272 manat borcun qaldığı, həmçinin mart ayı üzrə 4940,42 manat (ƏDV daxil) və aprel ayı üzrə 7951 manat (ƏDV daxil) keyterinq xidməti göstərildiyi, ümumi olaraq 74.163,42 manat məbləğində borcu ödənilməmiş qaldığı bildirilmiş və həmin borcun xx.xx.2022-ci il tarixinədək ödənilməsi tələb edilmişdir. Həmin məktuba cavab olaraq Cavabdeh MMC-nin baş direktoru Sinan Duman tərəfindən (mailto:sinan.duman@azmepgroup.azElektron ünvan 3) tərəfindən Emil Əliyevə (mailto:e.aliyev@freshcatering.azElektron ünvan 9) elektron poçt vasitəsilə göndərilmiş məktubda ilk ödəmənin xx.xx.2022-ci il tarixdə 60.652,60 manat məbləğində edildiyi, 60.652,60 manat məbləğində ikinci ödənişin xx.xx.2022-ci il tarixdə ediləcəyini, qalan borcun isə xx.xx.2022-ci il tarixdə ödəniləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC -yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC-nin bank hesabına xx.xx.2022-ci il tarixdə EBBO 608090 (2021-ci ilin noyabr ayı üçün) və EBBP seriyalı, 727155 saylı (2021-ci ilin dekabr ayı üçün) elektron qaimə üzrə cəmi 60652,6 manat (ƏDV xaric) məbləğində ödəniş edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli pretenziya ünvanlanaraq iddia üzrə borcun 30 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli malların çatdırılması və iaşə xidmətlərinin göstərilməsi barədə xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına (iyul ayı daxil) kimi yemək sifarişləri üzrə Cavabdeh MMC-yə ümumilikdə ƏDV daxil 110.696,5 manat məbləğində keyterinq xidməti göstərmiş, lakin həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Xidmətlərin göstərilməsi faktı İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş elektron qaimələrlə yanaşı tərəflər arasında e-mail yazışmaları ilə öz təsdiqini tapır. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində (5.2-ci bənd) müqavilə üzrə sifariş, bildiriş və ismarıcların elekrron poçt vasitəsilə göndərilməsi imkanı nəzərdə tutulmuşdur. Digər tərəfdən iş materiallarına əsasən müəyyən edilir ki, 2020-2021-ci illərdə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə keyterinq xidmətləri göstərilmiş və həmin xidmətlərin göstərilməsi də e-mail vasitəsilə göndərilmiş sifarişlər, sifarişlərin göstərilməsi barədə hesabatlar və elektron qaimələrlə rəsmiləşdirilmiş və göstərilmiş xidmətlərin dəyəri cavabdeh tərəfindən ödənilmişdir. Göstərilən hal isə öz növbəsində tərəflər arasında xidmətlərin göstərilməsinin e-mail yazışmaları və elektron qaimələrlə rəsmiləşdirilməsinə dair işgüzar adətin formalaşmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 19.154,85 manat məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 24 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 424 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 360 manat və dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 110.696,5 manat məbləğində əsas borc, 5000 manat məbləğində dəbbə pulu, cəmi 115.696,5 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 360 manat, dövlət rüsumunun əvəzi olaraq 24 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar