Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-508/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət haqqının ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" MTK) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CY6 1701 nömrəli mənzil üzrə cavabdeh "xxxx" MMC-dən 1850,82 AZN (bir min səkkiz yüz əlli manat səksən iki qəpik) borc və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 38,51 manat dövlət rüsumunun tutularaq İddiaçı MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr pr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 6 saylı binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 194.5 kv.m. olan 1701 saylı mənzilin alqısatqısına dair xx.xx.2022-ci il tarixli, CY6-145/22 saylı müqavilə, eyni zamanda cavabdeh ilə iddiaçı arasında 8701 saylı mənzilə dair xx.xx.2023-cü il tarixli CY6-145/22 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə (bundan sonra “Xidmət müqaviləsi” adlanacaq) imzalanmışdır. İddiaçı qeyd olunan mənzilləri cavabdehə təhvil vermiş, bununla bağlı tərəflərin nümayəndələri arasında xx.xx.2023-cü il tarixində əmlaklara dair “Sakin təlimatı” sənədləri, o cümlədən müvafiq təhvil-təslim aktları imzalanmışdır. Mənzilin alqı-satqısına dair CY6-145/22 saylı müqavilə xx.xx.2022-ci il tarixində imzalansa da, cavabdeh mənzilin təhvil alınmasını xx.xx.2023-cü il tarixinədək gecikdirmişdir. Mənzilin təhvil alınması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli 521 nömrəli və xx.xx.2023-cü il tarixli 698 nömrəli bildiriş məktubları, habelə xx.xx.2023-cü il tarixində “Whatsapp” mobil tətbiqi vasitəsilə elektron bildiriş göndərilsə də, cavabdeh tərəfindən mənzilin təhvili qəsdən yubadılmışdır. İddiaçının mənzili təhvil vermək üçün əlindən gələn mümkün tədbirləri gördüyünü nəzərə alaraq, xidmət haqqının hesablanmasına 2023-cü ilin mart ayından başlanmışdır. Bundan əlavə, cavabdehə Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq platforması üzərindən xx.xx.2024-cü il tarixində pretenziya məktubu da göndərilmiş, lakin cavabdehdən heç bir cavab alınmamışdır. Qeyd edilmişdir ki, 1701 saylı mənzil üzrə əlavə olunmuş cədvəldə göstərildiyi kimi, 2023-cü ilin mart ayından başlayaraq 2023-cü ilin iyul ayı daxil olmaqla, ümumi əsas borc 1461,75 manat, gecikməyə görə hesablanmış ümumi dəbbə pulu 389,07 manat olmaqla, cəmi borc 1850,82 manat təşkil edir. Qeyd edilmişdir ki, dəbbə pulu xx.xx.2024-cü il tarixinədək hesablanmışdır. Göründüyü kimi, iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı xidmət haqqının ödənilməsi üçün əlindən gələn bütün tədbirləri görmüş, lakin cavabdeh qəsdən müqavilə üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. xx.xx.2022-ci il tarixli, CY6-145/22saylı alqı-satqı müqaviləsinin (bundan sonra “Alqı-satqı müqaviləsi” adlandırılacaq) 2.3-cü bəndinə əsasən əsaslı tamamlanma tarixi 1 iyul 2022-ci il müəyyən edilir. Həmin alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər əmlakın təhvil vermə şərtləri təsvir olunan və onun ümumi tikinti sahəsi göstərilən təhvil-təslim aktını əsaslı tamamlanma tarixindən etibarən hazırlamalı və imzalamalıdırlar. Həmin alqı-satqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə əsasən müştəri (yəni cavabdeh) əsaslı tamamlanma tarixindən başlayaraq Şirkət (yəni iddiaçı) tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə (“Xidmətlər”) bağlı xidmət haqlarının müqaviləyə qoşulmuş Əlavə №4də nəzərdə tutulduğu kimi, aylıq əsasda şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin alqı-satqı müqaviləsinin 5.2.12-ci yarımbəndinə əsasən müştəri əlavə 4-də qeyd olunan xidmətlərə görə xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin alqı-satqı müqaviləsinə əlavə №4-ün 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin əlavə №4-ün 3-cü bəndinə görə müştəri göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1,50 AZN məbləğində xidmət haqqını əsaslı tamamlanma tarixindən etibarən ödəməyi öhdəsinə götürür. Həmin əlavə №4-ün 4-cü bəndinə görə müştəri bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq hər ayın 5 (beş) iş günü ərzində şirkətə ödəməlidir. Həmin əlavə №4-ün 5-ci bəndinə görə müştəri göstərilən xidmətlərin müqabilində ödəməli olduğu xidmət haqqını əlavə №4, bənd 5-də göstərilən müddət ərzində ödəməzsə, hər gecikdirilmiş gün üçün gündəlik əsasda hesablanan illik 24% cərimə şirkət tərəfindən hesablanacaq və bu məbləğ müştəri tərəfindən ödənilməlidir. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli CY6-145/22 saylı xidmət müqaviləsinin 2.3.1cü yarımbəndinə əsasən sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən (yəni iddiaçı) təhvil almaq və xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin xidmət müqaviləsinin 5.3-cü bəndinə görə ödəniş sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin xidmət müqaviləsinin 5.4-cü bəndinə görə sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, icraçıya (əslində idarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin xidmət müqaviləsinə əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin əlavə №1-in 3-cü bəndinə görə sifarişçi (cavabdeh) binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün icraçıya ƏDV daxil 1,50 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 443-cü maddələrinə, Mənzil Məcəlləsinin 2.1, 135.1, 135.2.3cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, şirkət tərəfindən bütün öhdəliklər zamanında və doğru şəkildə ödənilmişdir. Bilindiyi kimi, öhdəliklərin yaranması tərəflər arasında bağlanmış müqavilələr ilə tənzimlənir və müqavilənin imzalandığı gün xidmətin göstərilməsinə başlanılır və təhviltəslim aktları ilə tənzimlənir. Cavabdeh MMC mənzili aldığı zaman bina istifadəyə verilməmişdir, girişlər, qarajlar, liftlərin və mənzillərin önü tamamlama işləri bitməmişdir. Mənzil istifadəyə yararlı olduğu zaman tərəflər mənzilə baxış keçirmiş və təhvil-təslim aktını imzalamışlar. İlk ay həmin ayın xidmət haqqı nəzərdə tutulan elektron qaimə göndərildi və ödəniş ödənildi. İddiaçı sonradan əvvəlki ayların xidmət haqqını istəmiş və cavabdeh tərəfindən bildirilmişdir ki, göndərilmiş ilk qaimədən əvvələ müəyyənləşdirilmiş məbləğ ödənilməyəcəkdir və bu qanunsuzdur. Həmin ödənişlərə elektron faktura belə kəsilə bilməz. Xidmət müqaviləsi və təhvil-təslim aktının imzalandığı tarix bəllidir. İddiaçı ilə dəfələrlə danışılmış və məsələ izah edilmişdir. Təhvil-təslim aktı və xidmət müqaviləsi imzalandıqdan sonra ev cavabdehə təhvil verilmiş və Cəmiyyətin mühasibatlığı tərəfindən heç bir ziddiyyətli ödəniş edilməmişdir. Lakin bu hal vergi yoxlaması zamanı müqavilə tarixindən əvvəlki tarix üzrə ödəmələr vergidən yayınma və yalan xərc kimi təsnifləndirilir. Cavabdehin iddiaçı tərəfindən müqaviləni imzalamaqdan imtina edilməsi barədə iddiası da Cavabdeh MMC tərəfindən rədd edilmişdir. Bina kommunal ödənişlərinin 300 manat olduğu ön plana çəkilərək qeyd edilmişdir ki, binanı təhvil alan zaman binaya normal giriş mümkün deyildi və inşaat sahəsindən keçməli olmuşlar. Bu zaman iddiaçıya bildirilmişdir ki, bina tam hazır olduqdan sonra müraciət edilsin və binanın tam hazır olmasından sonra müqavilə problemsiz imzalanmışdır. Cavabdeh isə bu razılaşmaya gələn əməkdaşların artıq işçi olmadığını əsas gətirərək deyilənlərlə razılaşmır. İddiaçı müqavilələrə və onlara əlavə edilmiş sənədlərə əsaslanaraq iddiaya etiraz etmiş, şirkətin haqsız olaraq sakinlərin haqqına girməsi barədə narahatlıqlarını ifadə etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, şirkət qismində "xxxx" MTK ilə müştəri qismində Cavabdeh MMC arasında 06 iyul 2022-ci il tarixli, CY6 145/22 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin şərt və müddəalarına uyğun olaraq, şirkət müqavilənin 2 saylı əlavəsində daha geniş təsvir olunan, binada yerləşən 1701 saylı mənzili yaşayış üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq verir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müştəri hazırkı müqavilədən və müqavilənin digər şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməsi şərtilə, əmlakla əlaqədar mülkiyyət hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əldə etmək hüququna malikdir. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən əmlak üzərində mülkiyyət hüququ müştərinin adına qeydiyyatdan keçirildikdən sonra, müştəri müqavilənin şərt və müddəalarına uyğun olaraq mülkiyyətçi kimi əmlak ilə əlaqədar bütün hüquqları, o cümlədən əmlakı girov qoymaq hüququnu, yaxud üçüncü tərəflərə özgəninkiləşdirmək, ötürmək, bağışlamaq hüququnu həyata keçirə bilər. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən əsaslı tamamlama tarixi 1 iyul 2022-ci il müəyyən edilir. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən tərəflər əmlakın təhvil verilmə şərtləri təsvir olunan və onun ümumi tikinti sahəsi göstərilən təhviltəslim aktı əsaslı tamamlama tarixindən etibarən hazırlamalı və imzalamalıdırlar. Əmlakın itirilməsi və ya ona ziyan vurulması ilə bağlı risk təhvil-təslim aktı imzalandığı tarixdən etibarən şirkətdən müştəriyə keçir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən əmlak və avtomobil dayanacağı üçün toplam alış qiyməti 646935 manat təşkil edir. Müştəri sözügedən məbləğin 40%-ni müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində göstərildiyi kimi və müəyyənləşdirilmiş qrafik üzrə bank köçürməsi əsasında ödəməlidir. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmlak üçün alış qiyməti 613935 manat və bu müqavilənin 1.5-ci bəndində göstərildiyi kimi 1 avtomobil dayanacağı sahəsinin qiyməti 33000 manat olacaq. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən müqavilə çərçivəsində qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda müştəri ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər ödənilməmiş məbləğin gecikdirilmiş hər bir gün üçün gündəlik əsasda hesablanan illik 24% cərimə ödəməlidir. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən şirkət təqdim etdiyi hesab-faktura 10 (on) iş günü ərzində müştəri tərəfindən şirkətin müvafiq bank hesabına köçürülmə yolu ilə ödənilməlidir. Əks halda müqavilə qüvvəsini itirmiş sayılacaq. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən müqaviləyə uyğun olaraq bütün ödənişlər bank köçürməsi yolu ilə ödəniş cədvəlində qeyd olunan tarixə qədər ödənilməlidir. Tərəflər ödənişin digər qaydada aparılmasına dair əlavə razılığa gələ bilərlər.
8. İdarə edən qismində "xxxx" MTK ilə sifarişçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CY6-145/22 nömrəli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən icraçı qanunvericilikdə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən xidmətlərin tərkibi, xidmət haqqı və tərəflər üçün əhəmiyyət kəsb edən və müqavilə ilə müəyyənləşdirilməmiş digər şərtlər müqaviləyə müvafiq əlavələrdə müəyyən olunur. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən idarə edənin xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada hesablanmasını və tətbiq olunmasını təmin etmək, sifarişçi tərəfindən edilmiş ödənişlər barədə ona arayış və digər sənədlərin verilməsini təşkil etmək, müqavilə və onun əlavələrindən irəli gələn digər vəzifələri yerinə yetirmək öhdəlikləri vardır. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən sifarişçinin müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq və xidmət haqqını müqavilə və onun müvafiq əlavələri ilə müəyyən edilmiş şərtlərlə vaxtlı-vaxtında ödəmək, müqavilə və onun əlavələrindən irəli gələn digər vəzifələri yerinə yetirmək öhdəliyi vardır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə xidmət haqqı və hesablaşma qaydası müvafiq əlavədə müəyyən olunur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən ödəniş Azərbaycan manatı ilə idarə edən tərəfindən hazırlanmış hesab-faktura üzrə sifarişçi tərəfindən idarə edənə nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən müqavilədə göstərilmiş ödəniş sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin müqavilənin 5.4-cü maddəsinə əsasən sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə icraçıya hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i həcmində dəbbə pulu ödəyəcək.
9. xx.xx.2023-cü il tarixli, CY6-145/22 nömrəli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqaviləyə 1 nömrəli əlavədən məlum olur ki, idiaçı tərəfindən əlavədə adıçəkilən xidmətlər təmin edilir. Əlavənin 3-cü bəndinə əsasən sifarişçi binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün icraçıya ƏDV daxil 1,5 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 6cı bəndinə əsasən xidmət haqqı hər cari ay üçün əvvəlcədən, müvafiq hesab-fakturanın təqdim olunduğu tarixdən 3 iş günündən gec olmayaraq sifarişçi tərəfindən nağd və ya idarə edənin bank hesabına köçürmə yolu ilə ödənilir.
10. "xxxx" MTK tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 521 nömrəli bildirişdən görünür ki, tərtib olunan qaydalara uyğun olaraq CY-6 1701 saylı mənzil üzrə açarların xx.xx.2023-cü il tarixinədək təhvil alınması, həmçinin təhvil-təslim ilə bağlı müvafiq sənədlərin imzalanması məqsədilə Cavabdeh MMC ünvan 3 ünvanında yerləşən satış ofisinə dəvət edilmişdir (göndərilməsi ilə bağlı sübutlar təqdim olunmayıb).
11. "xxxx" MTK tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 698 nömrəli bildirişdən görünür ki, tərtib olunan qaydalara uyğun olaraq CY-6 1701 saylı mənzil üzrə açarların təhvil alınması, həmçinin təhvil-təslim ilə bağlı müvafiq sənədlərin imzalanması məqsədilə göndərilən xx.xx.2023-cü il tarixli bildirişə Cavabdeh MMC tərəfindən cavab verilməmiş və prosesdə iştirak edilməmişdir. Bu səbəbdən ikinci bildiriş göndərilmiş və xx.xx.2023-cü il tarixinədək təhvil alınması və müvafiq sənədlərin imzalanması məqsədilə Cavabdeh MMC təkrar ünvan 3 ünvanında yerləşən satış ofisinə dəvət edilmişdir (göndərilməsi ilə bağlı sübutlar təqdim olunmayıb).
12. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 523494 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
13. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 173352 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
14. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 173602 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
15. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 173860 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
16. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 174081 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
17. "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışından məlum olur ki, Cavabdeh MMC-nin "xxxx" MTK-ya xx.xx.2024-cü il tarixə olan əsas borcu (ƏDV daxil) 1461,75 manat, cərimə borcu 389,07 manat təşkil edir.
18. xx.xx.2023-cü il tarixli, CY6-1701 nömrəli təhvil-təslim aktından görünür ki, aktda qeyd olunan mənzil və ona əlavələr Cavabdeh MMC tərəfindən "xxxx" MTK-dan təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
19. "xxxx" MTK tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
20. "xxxx" MTK tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 2778 nömrəli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
23. İddia tələbi cavabdeh "xxxx" MMC-dən 1850,82 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdir. Həmin məbləğin 1461,75 manat hissəsini 5 ay üçün hesablanmış xidmət haqqının, qalan hissəsini isə dəbbə pulunun tutulması təşkil edir.
24. Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız, cavabdehin etirazı əsaslı sayılmalı və iddia təmin olunmamalıdır.
25. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı və xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin hal, eyni zamanda cavabdeh tərəfindən mənzilin xx.xx.2023-cü il tarixdə təhvil alınması və həmin tarixdə tərəflər arasında Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Həmin tarixdən etibarən də cavabdehə xidmətlərin göstərilməsi və xidmət haqqının ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.
26. Hazırkı mübahisə məhz həmin tarixdən əvvəlki 5 ay üçün xidmət haqqının ödənilməsi ilə bağlıdır. İddiaçı cavabdeh tərəfindən mənzilin təhvilinin qəsdən yubadıldığını iddia etmiş, ona görə də iddiaçının mənzili təhvil vermək üçün əlindən gələn mümkün tədbirləri gördüyünü nəzərə alaraq, xidmət haqqının hesablanmasına 2023-cü ilin mart ayından başlanılmalı olduğunu iddia etmişdir. Cavabdeh etiraz etmiş və etirazında bildirmişdir ki, mənzil istifadəyə yararlı olduğu zaman tərəflər mənzilə baxış keçirmiş və təhvil-təslim aktını imzalamışlar. İlk ay həmin ayın xidmət haqqı nəzərdə tutulan elektron qaimə göndərilmiş və ödəniş edilmişdir. İddiaçının sonradan əvvəlki ayların xidmət haqqını istəməsi qanunsuzdur. Təhvil-təslim aktı və xidmət müqaviləsi imzalandıqdan sonra ev cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən onların müqaviləni imzalamaqdan imtina etməsi barədə iddiası da əsassızdır. Binanı təhvil alan zaman binaya normal giriş mümkün deyildi və inşaat sahəsindən keçməli olmuşlar. Bu zaman iddiaçıya bildirilmişdir ki, bina tam hazır olduqdan sonra müraciət edilsin və binanın tam hazır olmasından sonra müqavilə problemsiz imzalanmışdır. Cavabdeh isə bu razılaşmaya gələn əməkdaşların artıq işçi olmadığını əsas gətirərək deyilənlərlə razılaşmır. Həmçinin iddiaçı tərəfindən göndərilən qaimələr geri qaytarılmışdır.
27. Qeyd olunmalıdır ki, xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Xidmətlərin tərkibi, xidmət haqqı və tərəflər üçün əhəmiyyət kəsb edən və müqavilə ilə müəyyənləşdirilməmiş digər şərtlər müqaviləyə müvafiq əlavələrdə müəyyən olunmuşdur. Müqavilənin 2.1-ci maddəsinə əsasən idarə edənin xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada hesablanmasını və tətbiq olunmasını təmin etmək öhdəliyi vardır. Müqavilənin 2.3-cü maddəsinə əsasən sifarişçinin müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq və xidmət haqqını müqavilə və onun müvafiq əlavələri ilə müəyyən edilmiş şərtlərlə vaxtlı-vaxtında ödəmək, müqavilə və onun əlavələrindən irəli gələn digər vəzifələri yerinə yetirmək öhdəliyi vardır; 3.1-ci maddəsinə əsasən müqavilə üzrə xidmət haqqı və hesablaşma qaydası müvafiq əlavədə müəyyən olunur. Müqavilə isə göründüyü kimi, xx.xx.2023-cü il tarixdə bağlanmışdır.
28. Beləliklə, xidmət haqqının hesablanmasına 2023-cü ilin mart ayından başlanması üçün əsaslar müəyyən olunmur. Həmin müddətdə xidmətlərin göstərilməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamaışdır.
29. Məhkəmə işin faktiki hallarını, qanunvericilik normalarını, müqavilə şərtlərini nəzərə alaraq hazırkı nəticəyə gəlmişdir.
30. İddia tələbi xidmət haqqının tutulması hissəsində rədd edildiyindən digər hissədə də rədd edilməlidir.
31. Eləcə də iddiaçı ödənilmiş 38,51 manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MTK-ya ödənilməsini tələb etmişdir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova