Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5081/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “xxxx adına X1 İnstitutu” Publik Hüquqi şəxsinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx adına X1 İnstitutu” Publik Hüquqi şəxsinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh “xxxx adına X1 İnstitutu” Publik Hüquqi şəxsinə (bundan sonra “xxxx adına X1 İnstitutu” PHŞ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx adına X1 İnstitutu” X3 25549,24 manat əsas borc, 2500 manat cərimə borcu və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 28249,24 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “xxxx adına X1 İnstitutu” PHŞ arasında xx.xx.2023-cü il tarixli, 01 saylı “Mallar (işlər və xidmətlər) üzrə satınalma” müqaviləsi imzalanmış və müqaviləyə əsasən satıcı bu müqavilə üzrə malların satılmasını, alıcı isə həmin malların dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Satıcı tərəfindən mallar alcıya təqdim edilmiş, elektron qaimələr satıcı tərəfindən alıcıya göndərilmiş, alıcı tərəfindən onlar təsdiq edilmişdir. Həmin Müqavilənin əlavəsinə (Qiymətlərin razılaşma protokoluna) və təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən “xxxx adına X1 İnstitutu” PHŞ-yə ümumilikdə 25549,24 (iyirmi beş min beş yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dəyərində mal verilmişdir. Lakin müqavilənin göstərilən şərtlərinə zidd olaraq, sifarişçiyə verilmiş malların dəyərinin ödənilməsi gecikdirilmiş və bu günədək ödənilməmişdir. Belə ki, müqavilənin 13-cü bəndinə görə icraçı malları sifarişçiyə təhvil verdikdən sonra sifarişçi malların dəyərini 15 (on beş) bank gün ərzində ödəməyi öhdəsinə götürür. Cavabdeh təşkilata dəfələrlə pretenziya qaydasında borcun ödənilməsi barədə bildiriş göndərilsə də, öhdəlik 9 (doqquz) aydır ki, icra olunmur. Cavabdeh şirkətlə bağlanmış müqavilənin xüsusi şərtlərinin 20-ci sətrinə görə icraçı hər gün üçün gecikdirilmiş borcun 0.1% məbləğində cərimə tələb edə bilər. Cərimələrin yuxarı həddi müqavilə dəyərinin 10% artıq olmamalıdır. Bu baxımdan iddiaçı təşkilat olaraq cavabdehdən müqavilənin ümumi dəyərinin 10% həcmində cərimənin, yəni 2500 (iki min beş yüz) manatın və 200 (iki yüz) manat ilkin mediasiya xərci kimi ödənilmiş məbləğin MMC-nin xeyrinə tutulmasını da əsaslı hesab edirlər.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, “xxxx adına X1 İnstitutu” PHŞ-dən 25022,96 manat əsas borc, 2500 manat cərimə borcu və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 27722,96 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 386.1, 442, 443.1, 600-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Cavabdeh “xxxx adına X1 İnstitutu” PHŞ-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində “xxxx adına X1 İnstitutu” PHŞ arasında xx.xx.2023-cü il tarixdə 01 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır.
9. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı sənəddən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiyməti (ümumilikdə 25549,24 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. 01 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 01 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 43 adda mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən “xxxx adına X1 İnstitutu” PHŞ-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
11. 03 nömrəli təhvil-təslim aktında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 01 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi üzrə 3 adda mallar (aktda qeyd olunmuş) İddiaçı MMC tərəfindən “xxxx adına X1 İnstitutu” PHŞ-yə təhvil verilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı MMC tərəfindən “xxxx adına X1 İnstitutu” PHŞ-yə göndərilmiş xx.xx.2023cü il tarixli, A39 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin qısa müddətdə ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 01 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404-1-ci maddəsinə əsasən dövlət satınalmaları müqaviləsinə dair münasibətlər Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun tənzimlənir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən Bu Qanun, bu Qanunun 1.2–1.7-ci maddələrinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasında dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına satın alınmasına şamil edilir. 2-ci maddəsinə əsasən satınalma müqaviləsi - satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir. 40.11-ci maddəsinə əsasən mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və təsdiq olunur. 40-1.3-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. 40-1.4-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat 15 bank günü ərzində bu sənədləri təsdiq etməli və ya bundan əsaslandırılmış imtina etməlidir. Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən təsdiq edilmədikdə və ya həmin sənədlərin təsdiq edilməsindən əsaslandırılmış imtina olunmadıqda, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən təsdiq olunmuş hesab olunur. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir. 40-1.5-ci maddəsinə əsasən satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.
15. Tərəflər arasında xx.xx.2023-cü il tarixli, 01 saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin: Giriş hissəsində qeyd olunur ki, bu müqavilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən malların (işlərin və xidmətlərin) dövlət vəsaiti hesabına satın alınmasında tərtib olunur. 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi “xxxx adına X1 İnstitutu” PHŞ (malların (işlərin və ya xidmətlərin) adı) satınalınması üçün icraçının 25549,24 manat (iyirmi beş min beş yüz qırx doqquz manat iyirmi dörd qəpik) məbləğində tender təklifini qəbul etmişdir. 2.1-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan dəftərxana və təsərrüfat mallarının satın alınması (malların və ya xidmətlərin adı) göstərilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır.
16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
16. İddia tələbinin bir hissəsini cavabdehdən 25022,96 manat əsas borcun tutulması təşkil edir.
17. İşin hallarından göründüyü kimi, tərəflər arasında satınalma müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərəflər öz üzərlərinə öhdəliklər götürmüşlər. Sifarişçi qismində cavabdeh “xxxx adına X1 İnstitutu” PHŞ malların satınalınması üçün icraçı olan iddiaçının 25549,24 manat (iyirmi beş min beş yüz qırx doqquz manat iyirmi dörd qəpik) məbləğində tender təklifini qəbul etmişdir. Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında icraçı satınalınan dəftərxana və təsərrüfat mallarının satın alınmasını, sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, mallar təhvil verilmiş, lakin cavabdeh qəbul edilmiş malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. Bu hal təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.
18. Qeyd olunanlara əsasən məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli, cavabdeh “xxxx adına X1 İnstitutu” PHŞ-dən 25022,96 manat (iyirmi beş min iyirmi iki manat doxsan altı qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
18. Bundan əlavə, iddiaçı cavabdehdən 2500 manat cərimənin tutulmasını xahiş etmişdir.
19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 1500 (min beş yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
20. Eləcə də, iddiaçı ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
21. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx adına X1 İnstitutu” X3 25022,96 manat (iyirmi beş min iyirmi iki manat doxsan altı qəpik) əsas borc, 1500 (min beş yüz) manat cərimə, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 26722,96 manat (iyirmi altı min yeddi yüz iyirmi iki manat doxsan altı qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova