Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5081/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14420,5 manat əsas borcun, 14420,5 manat dəbbə pulu, vəkil xərci 1500 manat, məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 176 manat, ümumilikdə 30117 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 avqust 2023-cü il tarixində Cavabdeh ilə İddiaçı arasında bağlanmış SV23-0005 nömrəli “X1” və DSV2446 nömrəli, xx.xx.2024cü il tarixli nəqliyyat sifarişi əsasında, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş xidmətlər tam və vaxtında göstərilmişdir. Həmin xidmətlərə əsasən xx.xx.2024-cü il tarixli və Seriya:MT2409 Nömrə: 10051056 nömrəli elektron qaimə faktura ilə 14420,5 (on dörd min iki yüz iyirmi manat, 50 qəpik) manat məbləğində ödəniş tələbi cavabdehə təqdim edilmişdir. Lakin, bu günə qədər göstərilmiş xidmətlərə görə ödəniş cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu hal müqavilənin şərtlərinin pozulması olmaqla yanaşı, eyni zamanda bir tərəf kimi iddiaçının maliyyə dayanıqlığına mənfi təsir göstərmişdir. Müqavilənin 3.15-ci bəndinə əsasən xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5 % həcmində cərimə ödəyir. Belə olan halda gecikdirilmiş bir günə görə cərimə məbləği 71,1 manat olmaqla, xx.xx.2024-cü il tarixdən olduğunu nəzərə alaraq və 9 aydan çox keçdiyi üçün 19,197 manat təşkil edir və bu rəqəm 14220 manat cərimə məbləğinin üzərindədir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını, bu mümkün olmadıqda məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, mövcud sübutlar əsasında iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat təqdim etməmişdir.
5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (ekspeditor) ilə cavabdeh (müştəri) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SV23-0005 nömrəli X1nə əsasən ekspeditor müştərinin hesabına göstərilən xidmətlərin yerinə yetirilməsini və ya icrasının təşkil edilməsini, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə görə ekspeditor bu müqavilə üzrə xidmətləri bilavasitə özü və ya müvafiq qaydada müqavilə bağlamaqla üçüncü şəxslər vasitəsilə icra edə bilər. Bu zaman üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə ekspeditor şəxsən özü məsuliyyət daşıyır.
9. Müqavilənin 3.15-ci bəndinə görə xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, Müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5 % həcmində cəriməni ödəyir, ancaq bu cərimə məbləği ödənilməmiş məbləğdən artıq ola bilməz. Eyni qaydada ekspeditor tərəfindən xidmətlərin göstərilməsi ləngidiyi təqdirdə Ekspeditor hər ləngidilmiş günə görə Müştəriyə gecikdirilmiş yükün dəyərinin 0,5 % həcmində cəriməni ödəyir, ancaq bu cərimə məbləği ödənilməmiş həmin yükün dəyərindən artıq ola bilməz.
10. Müqavilənin 4.1-ci bəndinə görə xidmət dəyəri hər bir sifariş üzrə təyin edilir. Sifarişdə göstərilmiş xidmət dəyərinə onun icrası üçün lazım olan və kifayət edən bütün xərclər daxildir. Daşınma zamanı yaranan əlavə xərclər, zərərlər və cərimələr xidmət dəyərinə daxil deyil.
11. DSV2446 saylı, 15 iyun 2024-cü il tarixli nəqliyyat sifarişinə əsasən cavabdehin sifarişi üzrə mallar xx.xx.2024-cü il tarixdən dəniz və quru yolu ilə 55-60 gün müddətində çatdırılması, daşınmanın xərcinin 8250 ABŞ dolları olması razılaşdırılmışdır.
12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2409 10051056 nömrəli 14220,5 manat məbləğində elektron qaimə göndərilmişdir.
13. 28.08.2024-cü il tarixli qısa idxal bəyannaməsindən görünür ki, X3 X2 Co LTD adlı Çin şirkəti tərəfindən cavabdehə göndərilmiş 4000 kq həcmdə məhsul çatdırılmışdır.
14. Məhkəmə materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, hazırkı iddia iki tələbdən ibarətdir: 1. 14420,50 manat əsas borcun ödənilməsi; 2. 1500 manat dəbbə pulunun tutulması.
16. Məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslıdır.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, SV23-0005 nömrəli X1 bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz üzərinə düşən öhdəliklərini icra etmiş, cavabdeh isə öhdəliklərini tam şəkildə icra etməmişdir.
18. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən yük daşınması müqaviləsi üzrə icra edilmiş işlərin müqabilində 14420,50 vəsait ödənilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən icra edilmiş daşımaya görə yaranmış həmin borcu tələb etməklə haqlıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
21. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
22. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
23. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SV23-0005 nömrəli X1nin 3.15-ci bəndinə əsasən hesablanmış 14420 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
27. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 720 manat məbləğində müəyyən edilməlidir.
28. Bundan başqa iddia ərizəsində 1500 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 1500 manat hüquqi xidmət haqqı ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 139,92 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 36,08 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14420,50 manat əsas borc, 720 manat dəbbə pulu, 1500 manat hüquqi yardıma görə xərc, 139,92 manat dövlət rüsumu, ümumilikdə 16780,42 (on altı min yeddi yüz səksən manat qırx iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 36,08 (otuz altı manat səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova