Məhkəmə qərarları › İş №e-2-2(113)-5083/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-5083/2022

31.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-5083/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan 3623,72 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Əliyev X1 Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbə ərazi dairəsi, Nehrəm qəsəbəsində qeydiyyatdadır. Yəni qeyd olunan ünvan Maraqlı şəxs yaşayış yeridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına şəxsiyyət vəsiqəsini, vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) sənədləri təqdim etməlidir.. Həmin Qanunun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli Fərmanının 2.2-ci hissəsinə əsasən Əsasnamənin 12ci maddəsinin birinci abzasında və 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. Ərizəyə əlavə olunmuş 168 saylı MTK-nın təqdim etdiyi xx.xx.2018-ci il tarixli arayışın surətində Maraqlı şəxs Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 16 №-li binanın 150 №-li mənzilində yaşaması qeyd olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürür. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamənin 8.1 və 8.1.4.-cü hissəsinə əsasən şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsidir. Yuxarıda qeyd olunan normaların tələblərindən görünür ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatını həyata keçirməyə səlahiyyətli orqan və qeydiyyatın həyata keçirilməsi qaydası qanunvericiliklə dəqiq tənzimlənmişdir. Məhkəmə qeyd edir ki, vətəndaşın olduğu yer müvəqqəti xarakter daşımaqla dəyişkəndir və yalnız "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə istinadən Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq oluna bilər. Ərizəyə əlavə olunmuş arayış isə MTK tərəfindən verilmiş, onun verilməsindən isə kifayət qədər uzun müddət, yəni 4 il keçmişdir. Məhkəmə hesab edir ki, ərizəyə əlavə olunmuş 168 saylı MTK-nın təqdim etdiyi arayış maraqlı şəxsin müvəqqəti yaşadığı, yəni olduğu yeri təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1 və 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 iyun 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maraqlı şəxsin yaşayış yeri Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm qəsəbəsi olduğundan, olduğu yerin Bakı şəhərində olduğunu təsdiq edən səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənəd ərizəyə əlavə olunmadığından ərizə və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti qaydaları gözlənilmədən verildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılması zamanı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40, 151-152, 263-264, 266-268, 355-5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan ərizəçiyə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar