Məhkəmə qərarları › İş №e-2-2(113)-5084/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5084/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5084/2025 08.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli, 05/2024 saylı alqı-satqı müqaviləsinə əsasən X6 də nəzərə alınmaqla 92.040,0 manat məbləğində əsas borcun, 15.000 manat hüquqi yardıma görə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehin vəzifəli şəxslərinin əməlində cinayətin əlamətləri aşkar edildiyindən xüsusi qərardad çıxarılmasını və bu barədə Prokurorluq orqanına məlumat verilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli, 05/2024 saylı Alqı-satqı Müqaviləsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən və bundan sonra “Satıcı” adlandırılan "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 şəxsində bir tərəfdən və bundan sonra “Alıcı” adlandırılan Cavabdeh MMCnin direktoru Qanuni nümayəndə2 şəxsində digər tərəfdən, bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və Şərtləri, Razılaşdırma Protokolları, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın, mal(lar)ın Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə dəyərinin satıcıya ödənilməsindən ibarətdir. Eyni zamanda bu Müqavilənin Predmetini təşkil edən 1.2.-1.3.-cü bəndlərdə o da qeyd olunmuşdur ki, “Mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və digər adla adlandrrılması onların mahiyyətini dəyişmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sontra Tərəflər arasında göstərilən Mal(lar) barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihləri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.” və “Hər bir Malın adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur. Həmin Müqavilənin 3.1.-ci bəndində göstərilmişdir ki, ”Əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, mallar təhvil verildikdən sonra ödəniləcək cəmi məbləğin 100%-i 7 gün ərzində köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qaydada nəzərdə tutulduğu halda, Əlavənin müvafq maddəası daha üstün qüvvəyə malikdir. Beləliklə, hazırki mübahisə üzrə bağlanmış 04 oktyabr 2024-cü il tarixli Müqavilənin şərtləri əsasında, o cümlədən, 4-cü bəndində qeyd olunduğu kimi, Satıcı tərəfindən malların qablaşdırılması və Alıcının göstərişi ilə də müvafiq ünvana vaxtında və tam miqdarda çatdırılması təmin edilmiş və bunun təsdiqi kimi də, malların ünvana çatdırılmasını təsdiq edən qaimə fakturalar tərtib edilərək düzgünlüyü imzalarla və möhürlə də təsdiq edilmişdir. Bundan başqa, Müqavilənin digər şərtləri ilə də nəzərdə tutulmuş öhdliklərinin icrası “Satıcı” tərəfindən tam yerinə yetirilmiş və bununla da bağlı, hər vahidinin dəyəri 54,0 manat olmaqla, 5000 ədəd və X6 də nəzərə alınmaqla, ümumilikdə 318.600,0 manat məbləğindəki Yaylı yataq(75x188) dəstləri, "xxxx" MMC-i tərəfindən Cavabdeh MMC-nə 12 dekabr 2024-cü il tarixli Təhvil-Təslim Aktı əsasında təhvil verilmiş və tərəflər bunu, imzaları və möhürləri ilə təsdiq etmişlər. Lakin, Müqavilə öhdəlikləri üzrə "xxxx" MMC-i tərəfindən üzərinə düşən öhdəliklərin, bütünlüklə yerinə yetirilməsi vaxtında təmin edilməsinə belə baxmayaraq, 12 dekabr 2024-cü il tarixdən bu günə kimi, X6 də nəzərə alınmaqla, bizə, ümumilikdə-144.727,0 manat məbləğində borc qalığının ödənilməsi, “Alıcı” tərəfindən təmin edilməmiş, əksinə, çoxsaylı müraciətlərimizlə də bağlı, hər dəfə ayrı-ayrı bəhanələr gətirilməklə, faktiki olaraq imtina edilməsi davam etməkdə itməkdədir. Hərçənd ki, Müqavilənin 5.3.1.- ci və 5.3.4.-cü bəndlərdə də üzərinə götürdüyü öhdəlikdə də açıqdan-açığa göstərilir ki, “Satıcı”ya ödənilməli olan Mal(lar)ın dəyərini vaxtında ödənilməsini təmin etmək.”, “Alıcı”nın vəzifələrindən ən birincisidir. Həmçinin, onu da qeyd etməyi zəruri hesab edirik ki, bu mübahisənin həlli məqsədi ilə, fərdi sahibkar X4 ilə, “Hüquqi xidmətlərin göstərilməsi barədə” aramızda bağlanmış xx.xx.2025-ci il tarixli müqavilədən sonra, bizə olan borcun qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət edəcəyimizi cavabdehin nəzərinə çatdırdıq və məhz, bununla bağlı olaraq, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən bizə olan borcun bir hissəsi ödənilmiş, qalıq borcun məbləği- X6 ilə birlikdə 92.040 manat təşkil etmişdir. Məhkəməyə müracit edəcəyimizlə bağlı cavabdehə məlumat verdikdən sonra, bir həftə ərzində borcun tam bağlanması ilə bağlı bizə vədlər verilməsinə baxmayaraq, xx.xx.2025-ci il tarixli ödənişdən sonra heç bir tədbir görülmədiyindən, bu borcun bizə qaytarılmasının həyata keçirilməsini öz üzrinə götürmüş fərdi sahibkar X4 tərəfindən xx.xx.2025-ci il tarixdə, cavabdeh- Cavabdeh MMC-nin direktoru Cənab Qanuni nümayəndə2 VATSAP telefon nömrəsinə pretenziya göndərilərək, bizə olan borcun 3 gün ərzində ödənilməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də maraqlarına toxunan 3-cü şəxs qismində işə cəlb edilməklə, rəhbəri olduğu "xxxx" MMC-nə qarşı aşağıdakı şəkildə iddia tələbi irəli sürüləcəyi bildirilmişdir: “İddiaçı- "xxxx" MMC-i ilə cavabdeh-Cavabdeh MMC-i arasında bağlanmış 04 oktyabr 2024-cü il tarixli, 05/2024 saylı Alqı-satqı Müqaviləsinə əsasən, X6 də nəzərə alınmaqla 92.040,0 manat məbləğində əsas borcun və bu borcun alınması ilə bağlı, fərdi sahibkar X4 ilə bağlanmış Müqaviləyə görə, ona ödənilməsi nəzərdə tutulan ümumilikdə- 15.000 manatın cavabdeh-Cavabdeh MMC-nin hesabından İddiaçı- "xxxx" MMC-nn xeyrin tutulması barədə qətnamə çıxarılması; Eyni zamanda, prosesin iştirakçısı cavabdeh-Cavabdeh MMC-nin vəzifəli şəxslərinin əməlində cinayətin əlamətləri aşkar edildiyindən xüsusi qərardad çıxarılmaqla bu barədə Prokurora xəbər verilməsi də xahiş edilir. Bu mübahisədə qeyd olunmalı olan məsələlərdən ən mühümü isə, onunla bağlıdır ki, Cavabdeh MMC-i Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təşkil etdiyi “Tenderin” qalibi olduğundan, Cavabdeh MMC-nin göstərişi ilə də həmin mallar tərəfimizdən Müdafiə Nazirliyinin anbarlarına daşınaraq orada da təhvil verilmişdir və əldə etdiyimiz məlumatlardan da müəyyən edilmişdir ki, tərəfimizdən təhvil verdiyimiz bu mallara görə Müdafiə Nazirliyi tərəfindən də Cavabdeh MMC-nə pul məbləğləri tam şəkildə ödənildiyi halda, bu Cəmiyyət bizə olan borcunu ödəməkdən imtina etməkdədir. Ona görə də hesab edirik ki, Cavabdeh MMC-nin bizə olan borcu ilə yanaşı, bu borcun alınmasına çəkilən bütün xərclərimiz də bu Cəmiyyət tərəfindən bizə ödənilməli olduğundan, həmin borcun Cavabdeh MMC-nin hesabından bizim xeyrimizə tutulması ilə bağlı, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 ilə aramızda bağlanmış Müqaviləyə əsasən tərəfimizdən ona ödənilmiş məbləğin miqdarının da bu Cəmiyyyət tərəfindən bizə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Bununla yanaşı, bizə o da məlum olmuşdur ki, tərəfimizdən istehsal olunan Yaylı yataq(75x188) dəstlərinə yaranan ehtiyac nəticəsində, Müdafiə Nazirliyinin həyata keçirdiyi növbəti Tenderinin qalibi də, məhz, Cavabdeh MMC-i olmuş və həmin yataq dəstlərinin də bizdən alacağı ilə bağlı bu Cəmiyyət Tenderə rəsmi məlumat versə də, bununla bağlı bizimlə hər hansı Müqavilə bağlanmamış və normal insan məntiqi, düşünməyə əsas verir ki, Cavabdeh MMC-i Müdafiə Nazirliyini aldatmaq niyyəti ilə, ikinci Tenderə bizim istehsal etdiyimiz malın texniki şərtini təqdim edərək, faktiki olaraq, başqa istehsal sahəsindən və daha ucuz qiymətə əldə edəcəyi yataq dəstlərini təqdim etmək-satmaq niyyətindədir. Belə ki, ilkin Tenderin nəticəsi ilə bağlı tərəfimizdən Müdafiə Nazirliyin təqdim etdiyimiz Yaylı yataq (75x188) dəstlərin bizdən başqa Azərbaycanda istehsal edə biləcək ikinci istehsal sahəsi ümumiyyətlə mövcud deyildir. Bu da onunla bağlıdır ki, o cür malın istehsalını həyata keçirə biləcək avadanlıqlar ancaq bizim müəssisədə olduğundan, həmin texnki şərtlər altında həmin malı istehsal edə biləcək ikinci istehsal sahəsi də ola bilməz. Ona görə də hesab edirik ki, tərəfimizdən istehsal olunan Yaylı yataq(75x188) dəstlərinə yaranan ehtiyac nəticəsində, Müdafiə Nazirliyinin həyata keçirdiyi növbəti Tenderə, bizdən xəbərsiz və məhz, bizim istehsal etdiyimiz malın texniki şərtlərini təsdiq edən məlumatları təqdim etməklə, faktiki olaraq isə, başqa istehsal sahəsindən və daha ucuz qiymətə əldə edəcəyi yataq dəstlərini satmaqla, Müdafiə Nazirliyini aldatmaq niyyətini açıqdan-açığa nümayiş etdirdiyindən və bununlla da Respublikamızın müdafiə qabiliyyətinə zərər verulduğu tam təsdiq edildiyindən, həmin Tenderin nəticələri etibarsız hesab olunmaqla yanaşı, cinayət əməli törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün xüsusi qərardad çıxarılmaqla prokurora da xəbər verilməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı işlə bağlı üçüncü şəxslə iddiaçı arasında hüquqi yardımla bağlı müqavilə bağlanmış, müqavilənin dəyərinin 12000 manat olması razılaşdırılmışdır, 3000 manat həmin müqavilə üzrə iddiaçı ödəniş etmişdir.

4. Üçüncü şəxs Ə.Rüstəmov iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə iclasının cavabdehin və digər üçüncü şəxsin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05/2024 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X2, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın (bundan sonra “Mal(lar)”) Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən Mal(lar)ın alqı-satqısı tərəflər arasında Əlavə(lər)in imzalanması və möhürlənməsi ilə razılaşdırılır və belə Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişdirmir və hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindikdən sonra Tərəflər arasında göstərilən Mal(lar) barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən hər bir Malın adı, miqdarı, ölçüləri, qiyməti və digər texniki göstəriciləri Əlavə ilə müəyyən olunur.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən malın 1 ədədinin qiyməti Əlavələr ilə, ümumi toplamının qiyməti isə Alıcının səlahiyyətli nümayəndəsinin Mal(lar)ı təhvil almasını təsdiq edən aktla müəyyən olunur.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, mallar təhvil verildikdən sonra ödəniləcək cəmi məbləğin 100%-i 7 gün ərzində köçürmə yolu ilə Satıcının hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir.

13. Müqavilənin 5.2-ci bəndində əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı malın dəyərinin 0,3 %-i həcmində əlavə ödəniş etməlidir.

14. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsdiqlənmiş xx.xx.2024cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 318600 manat məbləğində mallar təhvil verilmişdir.

15. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsdiqlənmiş xx.xx.2024cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 106200 manat məbləğində mallar təhvil verilmişdir.

16. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsdiqlənmiş xx.xx.2024cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 26550 manat məbləğində mallar təhvil verilmişdir.

17. İş materiallarında olan, tərəflərə məxsus imza, möhürlə təsiqlənmiş xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 3186 manat məbləğində mallar təhvil verilmişdir.

18. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2410 10531987 nömrəli 106200 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2411 12642709 nömrəli 26550 manat məbləğində, xx.xx.2024-cü il tarixli, MT2412 10910404 nömrəli 318600 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2502 11665954 nömrəli 3186 manat məbləğində elektron qaimələr göndərilmişdir.

19. İddiaçıya məxsus xx.xx.2025-xx.xx.2025-ci il tarixi əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2025-ci ilin may ayı ərzində ümumilikdə 64650 manat (40000 manat və 24650 manat olmaqla) ödəniş olunmuşdur.

20. İddiaçıya məxsus xx.xx.2024-xx.xx.2025-ci il tarixi əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 243000 manat məbləğində ödəniş olunmuşdur.

21. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından köçürmələrin siyahısından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 55377 manat məbləğində ƏDV ödənilmişdir.

22. Məhkəmə materialları araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 454536 manat məbləğində mallar təhvil verilmiş, bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 363027 manat ödəniş olunmuşdur.

24. Həmin müqavilə üzrə hazırda cavabdehin iddiaçıya 91509 manat borcu (454536 manat - 363027 manat) ödənilməmiş qalmışdır.

25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

27. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

28. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

29. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Qeyd olunanları nəzərə alaraq iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin olunmalı, cavabdehdən 91509 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

31. Bundan əlavə, iddiaçı iddia ərizəsində fərdi sahibkar X4 ilə bağlanmış müqaviləyə görə ona ödənilən ümumilikdə 15.000 manat hüquqi yardıma görə xərcin cavabdehə aid edilməsini xahiş etmişdir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 2000 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabehdən tutularaq iddiaçıya ödənilməli, qalan xərc iddiaçının özünə aid edilməlidir.

33. Belə ki, 584411 nömrəli kassa mədaxil orderindən görünür ki, iddiaçı tərəfindən X1 hesabına 3000 manat hüquqi xidmət haqqı ödənilmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 364,53 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 35,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

37. Məhkəmə cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə iddiaçının vəsatətini isə əsassız hesab edir.

38. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 91509 manat əsas borc, 364,53 manat dövlət rüsumu, 2000 manat hüquqi yardıma görə xərc, ümumilikdə 93873,53 manat (doxsan üç min səkkiz yüz yetmiş üç manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş qalan məhkəmə xərcləri (ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə xərc) İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar