Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5085/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, faiz borcu, cərimə məbləği və mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 may 2020-ci il tarixli 27 Nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 26 noyabr 2020-ci il tarixə ödənilməmiş 30.130 manat əsas borc, əsas borcu gecikdirdiyinə görə hesablanmış 2109 cərimə faizi, əsas borcu vaxtında ödəmədiyinə görə illik 5%-i dəyərində 4.520 manat, cəmi 36.759 manat borc məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 205 manat məbləğində haqqın cavabdeh "xxxx" MMC -dən tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnaməqəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) (bundan sonra – İddiaçı) ilə "xxxx" MMC (bundan sonra - Cavabdeh) arasında 1 may 2020-ci il tarixli 27 Nömrəli alğı-satqı müqaviləsi (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı sifariş edilən betonu Cavabdehin Samux rayonu ərazisindəki obyektinə çatdıracaq, Cavabdeh isə öz növbəsində betonu qəbul edərək onun dəyərini ödəyəcəkdir. Müqavilənin 1.2-ci bəndinə əsasən göndərilən betona yük-nəqliyyat qaiməsi təqdim edilməlidir. Həmçinin, Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh Müqavilədə göstərilən qiymətlərlə betonun dəyərini İddiaçıya ödəməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı tərəfindən Cavabdehə Alıcıya 206 ton miqdarında, 30.129,77 manat dəyərində sement göndərilmiş və 26 noyabr 2020-ci il tarixli 090221 Nömrəli elektron qaimə təqdim edilmişdir. Cavabdeh tərəfindən qaimə üzrə olan borcunu bugünədək ödəməmişdir. Müqavilənin 7-ci hissəsinə uyğun olaraq, Tərəflər yaranmış mübahisəni həll edə bilmədikləri halda mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinin tələblərinə uyğun olaraq həll ediləcəkdir. Eyni zamanda, müqavilənin 5.3-cü bəndinə əsasən Alıcı aldığı betonun dəyərini vaxtında ödəmədikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş betonun dəyərinin 0,2%-i həcmində cərimə ödəyəcək. Göstərilənləri nəzərə alaraq, Cavabdehə elektron qaydada 1 mart 2023-cü il tarixli ******* nömrəli pretenziya məktubu ünvanlanaraq 1 may 2020-ci il tarixli 27 Nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış 30.129,77 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, Cavabdeh bu günə kimi ödəniş etməmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, Cavabdeh tərəfindən təklifə Qanunla müəyyən edilmiş müddət ərzində münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3 və 28.4-cü maddələrinə uyğun olaraq tərəfimizdən Bakı 18 saylı Mediasiya Təşkilatına (bundan sonra Təşkilat) müraciət olunmuş və Təşkilat tərəfindən X1 mediator qismində təyin olunmuşdur. Cavabdeh 11 iyul 2023-cü il tarixinə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış təqdim olunmuşdur. Eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırkı kommersiya mübahisəsi iş üzrə dövlət rüsumu 193,95 manat təşkil edir. Bununla belə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Qeyd olunanlarla yanaşı Qanunun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf digər tərəfə bütün mediasiya xərclərini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 15 iyul 2019-cu il tarixli 308 nömrəli Qərarının (bundan sonra - Qərar) 3.5-ci bəndinə əsasən iddia qiyməti 10.001 manatdan 50.000 manatadək olduqda mediasiya xidmətinin göstərilməsinə görə haqq 200 manat təşkil edir. Bununla əlaqədar iddia məbləği 50.000-dək olduğundan Qərarın 3.5-ci bəndinə uyğun olaraq mediasiya xərci üçün İddiaçı tərəfindən 205 (iki yüz beş) manat xidmət haqqı ödənilmişdir.Odur ki, mediasiya xərci (205) dövlət rüsumundan (193,95) artıq olduğuna görə, tərəf dövlət rüsumu ödəməkdən azad hesab olunur. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Bununla əlaqədar, İddiaçı cavabdehdən borcunu gecikdirdiyi dövr üçün sonuncu qaimə göndərildiyi 26 noyabr 2020-ci il tarixdən etibarən bugünədək ödənilməyən 30130 manat borcun illik 5%-i dəyərində, yəni 4.520 manat məbləğində pul tələb etməyə haqlıdır. Həmçinin Müqavilənin 5.3-cü bəndini nəzərə alaraq, cavabdeh tərəfindən 26 noyabr 2020-ci il tarixli qaimə üzrə ödənilməmiş 30.130 manat məbləğində borcun 0,2%-i həcmində cərimə borcu 2109 manat yaranmışdır. Belə ki, müqavilənin 31 dekabr 2020-ci il tarixə qədər qüvvədə olmasını nəzərə alaraq 26 noyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixə kimi gecikdirilmiş günlərin sayı 35 gündür.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 27 saylı alqı-satqı müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı sifariş edilən betonu alıcının Samux rayonu ərazisindəki obyektinə çatdıracaq. Alıcı isə öz növbəsində betonu qəbul edərək onun dəyərini ödəyəcəkdir.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən göndərilən betona yük-nəqliyyat qaiməsi təqdim edilməlidir.
10. Müqavilənin 1.3-cü bəndinə əsasən göndərilən betonun dəyəri ödənildikdən sonra qaimə-faktura təqdim edilməlidir.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən satıcı betonun vaxtında və lazımi qaydada alıcıya təhvil verilməsinə görə məsuliyyət daşıyır.
12. Müqavilənin 5.3-cü bəndinə əsasən alıcı aldığı betonun dəyərini vaxtında ödəmədikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş betonun dəyərinin 0.2%-i həcmində cərimə ödəyəcək.
13. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin müddəti bağlandığı gündən xx.xx.2020-ci il tarixədək etibarlıdır.
14. 12.05.2020-ci il tarixli əmtəə nəqliyyat çıxarışına əsasən cəmi 660 kisə, xx.xx.2020-ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən – 1120 kisə, xx.xx.2020-ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən – 600 kisə, xx.xx.2020-ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən – 600 kisə, xx.xx.2020-ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən – 1120 kisə, xx.xx.2020-ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən – 600 kisə, xx.xx.2020ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən – 1120 kisə məhsul iddiaçı tərəfindən göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir.
15. xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 013228 saylı elektron qaiməyə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə 34190,50 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 946047 saylı elektron qaiməyə əsasən - 24072 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAN seriyalı, 881220 saylı elektron qaiməyə əsasən - 60067,90 manat dəyərində, xx.xx.2020-ci il tarixli, EBAR seriyalı, ******* saylı elektron qaiməyə əsasən - 101493.57 manat dəyərində və xx.xx.2020-ci il tarixli, EBAT seriyalı, 090221 saylı elektron qaiməyə əsasən - 30129,77 manat dəyərində mal satışı həyata keçirilmişdir.
16. xx.xx.2020-ci il tarixli hesab məlumatlarına əsasən Cavabdeh MMC tərəfindən EBAK seriyalı, 013228 saylı elektron qiamə üzrə 28975 manat dəyərində, xx.xx.2020-ci i tarixli hesab məlumatlarına əsasən Cavabdeh MMC tərəfindən EBAL seriyalı 946047 saylı elektron qaimə üzrə 20400 manat dəyərində, xx.xx.2020-ci il tarixli hesab məlumatları üzrə EBAN seriyalı, 881220 saylı elektron qaimə üzrə Cavabdeh MMC tərəfindən 50905 manat dəyərində, xx.xx.2020-ci il tarixli hesab məlumatına əsasən Cavabdeh MMC tərəfindən EBAR seriyalı, ******* saylı elektron qaimə üzrə 86011 manat dəyərində ödənişlər edilmişdir.
17. 06.10.2023-cü il tarixdə çap edilmiş İddiaçı MMC-yə məxsus sub-uçot hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixdə 5215,50 manat məbləğində, xx.xx.2020-ci il tarixdə 3672 manat məbləğində, xx.xx.2020-ci il tarixdə 9162,90 manat məbləğində və xx.xx.2020-ci il tarixdə 15482,07 manat məbləğində ƏDV ödənişləri edilmişdir.
18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
23. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
24. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 27 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı sifariş edilən məhsulu alıcının Samux rayonu ərazisindəki obyektinə çatdıracaq, Alıcı isə öz növbəsində məhsulu qəbul edərək onun dəyərini ödəyəcəkdir.
27. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda müxtəlif çəkiddə beton və sement məhsulları satılmış, cavabdeh tərəfindən elektron-qaimələrə istinadən ödənişlər edilsə də, EBAT seriyalı 090221 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə cəmi 30129,77 manat ödənilməmişdir.
28. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla –elektron qaimə və əmtəə -nəqliyyat qaiməsi ilə təsdiqini tapdığı üçün iddia tələbinin 30129,77 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
29. Bundan əlavə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli 27 saylı alqı-satqı müqaviləsinin 5.3-cü bəndinə əsasən borcun cavabdeh tərəfindən gecikdirilməsinə görə 2109 manat məbləğində cərimə hesablamışdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
31. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin mübahisəli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilə ödənişləri üzrə cəmi 30129,77 manat məbləğində borcunun yarandığını, müqavilənin 5.3-cü bəndində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğundan iddiaçının həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
32. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan 2109 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu müqavilə üzrə 1506 manat məbləğində müəyyən edilməlidir.
34. İddia tələbinin digər hissəsini – cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% hesabı ilə hesablanmış 4520 manat faiz borcu təşkil edir.
35. İddiaçı həmin tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə istinad edərək cavabdehdən tələb etmişdir.
36. Məhkəmə iddia tələbini bu hissədə də əsaslı hesab edir.
37. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
39. Belə ki, məhkəmə xx.xx.2020-cı il tarixdə iddiaçı tərəfindən cavabdehə sonuncu elektron qaimənin göndərildiyini və bugünədək həmin qaimə üzrə heç bir ödəniş edilmədiyi nəzərə alaraq hesab edir ki, əsas borca illik 5 faiz (2020-2023) hesablanmaqla 4520 manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
40. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 205 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
41. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
42. Digər tərəfdən MPM-in:
43. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
44. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
45. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
46. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
47. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 205 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-dən 01 may 2020-ci il tarixli, 27 nömrəli alqı-satqı müqaviləsi üzrə 30129,77 (otuz min yüz iyirmi doqquz manat, 77 qəpik) manat əsas borc məbləği, 1506 (min beş yüz altı manat) dəbbə pulu, əsas borcun vaxtında ödənilmədiyinə görə illik 5%-i dəyərində 4520 (dörd min beş yüz iyirmi) manat faiz borcu və mediasiya xərcinin əvəzi olaraq 205 (iki yüz beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova