Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5088/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulunun azaldılması, iddianın qismən etirafı, mediasiya xərci, hüquqi yardım xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 44 338,50 manat əsas borc, 42 249,89 manat cərimə borcunun və hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında malların alqısatqısına dair 17 sentyabr 2020-ci il tarixli, 40/2020 nömrəli müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli 1 nömrəli qiymət razılaşdırma protokoluna əsasən satıcı tərəfindən ümumi dəyəri 17204 manat (ƏDV 2624 manat), hər birinin dəyəri 270 manat olan 54 ədəd metal seyf qapı, ümumi dəyəri 36798 manat (ƏDV 5613 manat), hər birinin dəyəri 165 manat olan 189 ədəd MDF qapı, ümumi dəyəri 531 manat (ƏDV 81 manat), hər birinin dəyəri 450 manat olan 1 ədəd metal qapı, ümumi dəyəri 1475 manat (ƏDV 225 manat), hər birinin dəyəri 250 manat olan 5 ədəd metal qapı cavabdehə təqdim edilmişdir. 2.2. Bu fakt tərəflər arasında imzalanmış, eyni tikinti obyektinə aid xx.xx.2020-ci il tarixli 1 ədəd metal otaq qapısının və 2 ədəd metal zirzəmi qapısının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2020-ci il tarixli 15 ədəd metal seyf içəri sol və 15 ədəd metal seyf içəri sağ qapının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2020-ci il tarixli 1 ədəd metal blok giriş qapısının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2020-ci il tarixli 40 dəst MDF qapı “zamok”u və 120 ədəd MDF qapı “petlə”sinin Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2020-ci il tarixli 40 ədəd MDF qapının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2020-ci il tarixli 1 ədəd metal dam qapısının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2020-ci il tarixli 12 ədəd metal seyf içəri sol və 12 ədəd metal seyf içəri sağ qapının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2021-ci il tarixli 120 ədəd MDF qapının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2021-ci il tarixli 120 dəst MDF qapı “zamok”u və 360 ədəd MDF “petlə”sinin Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2021-ci il tarixli 29 ədəd MDF qapının Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2021-ci il tarixli 29 dəst MDF qapı “zamoku”nun və 87 ədəd MDF qapı “petlə”sinin Sumqayıtda təhvil verilməsi barədə, xx.xx.2021-ci il tarixli 20 ədəd MDF qapının Sumqayıtda təhvil verilməsi barədə təhviltəslim aktları ilə təsdiq olunur. 2.3. EBAR 803821 seriya və nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumi dəyəri 36798,30 manat olan MDF qapılar və ümumi dəyəri 17204,40 manat olan metal seyf qapıları, EBAY 803623 seriya və nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumi dəyəri 424,80 manat olan metal dam qapısı, ümumi dəyəri 295 manat olan metal qapı, ümumi dəyəri 885 manat olan metal zirzəmi qapısı və ümumi dəyəri 531 manat olan metal blok qapısı iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. 2.4. Cavabdehin iddiaçıya 44338,50 manat əsas, 2 qaimə üzrə hesablanmış cərimə borcu 42249,89 manat (EBAR 803821 seriya və nömrəli qaimə üzrə gecikdirilən günlərin sayı 958 gün, hesablanmış cərimə faizi 40430,19 manat; EBAY 803623 seriya və nömrəli qaimə üzrə gecikdirilən günlərin sayı 852 gün, hesablanmış cərimə faizi 1819,70 manat) olmaqla cəmi 86588,39 məbləğində borcu vardır. 2.5. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya məktubu Dövlət Vergi Xidmətinin “Onlayn kargüzarlıq” vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi barədə təklif göndərilmişdir. İddiaçı ilkin mediasiya sessiyası üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01608 nömrəli arayış təqdim edilmişdir
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə iddiaya etirazını təqdim etməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə borc məbləğinin olduğunu etiraf edərək maddi vəziyyətləri ilə bağlı ödəniş edə bilmədiklərini, yaxın müddətdə borcu ödəyəcəklərini bildirdi.
7. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə məhkəməyə borcun etirafı barədə yazılı ərizə təqdim edərək iddia tələbini əsas borcun tutulması hissəsində etiraf etdiyini təsdiq etmişdir.
8. İddiaçı tərəf məhkəmənin baxış iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə iddiaçının iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı (satıcı qismində) ilə cavabdeh (alıcı qismində) arasında 17 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı nəzərdə tutulmuş malları cavabdehə satmağı, cavabdeh isə müvafiq malları qəbul edərək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının qeyd edilən müqavilə üzrə cavabdehə 56138,5 manat dəyərində mal vermiş, cavabdeh tərəfindən alınan malların dəyəri tam ödənilməmiş, 44338,5 manat borc qalmışdır.
13. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 44 338,50 manat pulun cavabdehdən tutulmasını tələb edir.
14. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini əsas borc hissəsində etiraf edir.
15. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
16. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
17. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
18. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
19. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın əsas borc hissəsində etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
20. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın əsas borc hissəsində etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
21. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
22. Beləliklə, əsas borcun tutulması hissəsində iddia cavabdeh tərəfindən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, 44338,50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
23. İddiaçı 42249,89 manat cərimənin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir.
24. Tərəflər arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflər bu müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədikləri halda, hər gecikdirilən günə görə malların dəyərinin 0,1% miqdarında cərimə ödəyir. Lakin cərimənin aylıq ümumi məbləği sözü gedən malların məbləğinin 3%-dən artıq ola bilməz. (3.3).
25. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
26. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
27. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
28. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödəniş etmədiyi halda iddiaçının uzun müddət iddia ilə məhkəməyə müraciət etməməsi, iddiaçının əsas borc hissəsində iddianı etiraf etməsi, tərəflərin cərimənin aylıq ümumi məbləğini sözü gedən malların məbləğinin 3%-dən artıq ola bilməməsi barədə razılaşması və kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 2500 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
29. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 2500 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
30. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin, 1000 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
31. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-01608 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.
32. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilədən və hesabdan çıxarışdan görünür ki, hüquqi yardım göstərilməsi üçün 1000 manat yardım haqqının ödənilməsi razılaşdırılmış, 1000 manat məbləğində pul iddiaçı tərəfindən vəkil bürosunun hesabına köçürülmüşdür.
33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə o cümlədən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
35. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
36. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
37. Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
38. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
39. İş materialları ilə müəyyən olunur ki, xidmət haqqının lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuş, sonrakı razılığa da riayət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehdən tutulmalıdır.
40. Digər tərəfdən, məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan xərc ağlabatandır və cavabdehdən tutulmalıdır.
41. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 44338 (qırx dörd min üç yüz otuz səkkiz) manat 50 (əlli) qəpik əsas borc, 2500 (iki min beş yüz) manat cərimə olmaqla ümumilikdə 46838 (qırx altı min səkkiz yüz otuz səkkiz) manat 50 (əlli) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova