Məhkəmə qərarları › İş №e-2-2(113)-509/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-509/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-509/2024 14.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi, təhvil aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən əvəzsiz istifadəyə verilmiş 1 ədəd SPVC markalı soyuducunun dəyərinin iki misli həcmində, yəni 2400 ABŞ dolları, 300 manat (120 manat vəkil xidmət haqqı, 180 manat mediasiya işlərinin aparılmasına görə xidmət haqqı), 60 AZN ödənilmiş mediasiya prosesi ilə bağlı xərcin və 5 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə uyğun olaraq, ümumi dəyəri 1200 ABŞ dolları olan 1 ədəd markalı soyuducu İddiaçı MMC tərəfindən istehsal və satışı təşkil edilmiş məhsulların cavabdeh tərəfindən sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə Cavabdeh2əvəzsiz istifadəyə verilmişdir. İstifadəyə verilmiş əmlak üçün istifadə haqqı tələb edilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən, müqavilənin xitamı haqqında “İstifadəyəverən” tələb irəli sürdükdə, o, əmlakın köhnəlmə nəzərə alınmaqla təhvilini 3 (üç) gün ərzində təmin etməlidir. “İstifadəçi” soyuducunuun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə əmlakın dəyərinin 2 misli həcmində “İstifadəyəverənə” cərimə ödəməlidir. Qeyd olunan soyuducu uzun müddət cavabdehin əvəzsiz istifadəsində olmuşdur. Lakin iddiaçı tərəfindən Cavabdeh2 müqavilə predmeti olan soyuducunun qaytarılması tələb edilsə də, cavabdeh tərəfindən soyuducunun qaytarılması ilə bağlı hər hansı addım atılmamışdır. Bununla bağlı olaraq Cavabdeh2 pretenziya məktubu ilə rəsmi qaydada müraciət olunmuş, xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” Müqaviləyə xitam verildiyi və soyuducunun 3 (üç) gün ərzində iddiaçı təşkilata qaytarılması tələb olunmuşdur. Soyuducunun qaytarılmadığı təqdirdə müqavilə üzrə nəzərdə tutulmuş cərimənin ödənilməsi ilə bağlı qanunauyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq bugünə qədər Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və iddiaçının əmlakı olan soyuducunu bu günə kimi qaytarmamış və qanunsuz olaraq özündə saxlayaraq özgəninkiləşdirmişdir. Bütün bu halları nəzərə alaraq iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Əvvəlki məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən ona iddiaçı tərəfindən əvəzsiz istifadəyə verilmiş 1 ədəd SPVC markalı soyuducu qaytarılmamış, qaytarılmamasının səbəbi həmin soyuducunu tapa bilməməsidir. Lakin həmin soyuducunun real bazar qiyməti 2400 ABŞ dolları təşkil etmir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 24300 saylı “soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilədən görünür ki, istifadəyəverən özünün istehsal və satışını təşkil etdiyi müxtəlif çeşidli alkoqolsuz spirtsiz içkilərin və çayların istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılması, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) reklam xarakterli soyuducuları istifadəçiyə əvəzsiz istifadə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür.

9. Müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq 3 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir. Soyuducunun dəyərinin 1200 ABŞ dolları təşkil edir.

10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən istifadəyə verən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan reklam xarakterli soyuducunu istifadəçiyə əvəzsiz istifadətə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və istifadəyə verən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir.

12. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən soyuducunun 3 gün ərzində ərzində qaytarılmasını tələb etmiş, əks təqdirdə soyuducunun dəyərinin 2 misli olaraq 2400 ABŞ dolları məbləğin, məhkəmə xərclərinin, dövlət rüsumlarının və digər xərclərin ödənilməsinin təmin edilməsi barədə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin əvəzsiz istifadəsinə verilmiş əmlakın dəyərinin iki mislinin iddiaçıya geri qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əvəzsiz istifadə müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya əvəzsiz istifadə müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

20. Həmin Məcəllənin 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.

21. Həmin Məcəllənin 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər.

22. Həmin Məcəllənin 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər.

23. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, habelə işin araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2400 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

24. Bundan əlavə, iddia ərizəsində həmçinin tərəflər arasında yaranmış hazırkı mübahisənin hüquqi həlli istiqamətində iddiaçı tərəfindən çəkilmiş 300 manat hüquqi yardım xərcinin cavabdehə aid edilməsi xahiş edilmişdir.

25. Lakin iddiaçı qeyd olunan məbləğin ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Məhkəməyə də sonradan təqdim edilməmişdir.

26. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı çəkilmiş xərc iddiaçının özünə aid edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 65 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 2400 (iki min dörd yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar