Məhkəmə qərarları › İş №e-2-2(113)-5096/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-5096/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5096/2021 10.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı XXX Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı XXX Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16854,46 manat (on altı min səkkiz yüz əlli dörd manat qırx altı qəpik) manat borc və ödənilən 141 (yüz qırx bir) dövlət rüsumunun tutularaq İddiaçı firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı XXX ilə cavabdeh "xxxx" MMC arasında malların alqı-satqısına dair 21 dekabr 2020-ci il tarixdə bağlanan müqaviləyə əsasən "malverən", yəni XXX "malalan"a, yəni "xxxx" MMC-yə ümumilikdə ƏDV ilə birlikdə qiyməti 16854,46 manat (on altı min səkkiz yüz əlli dörd manat qırx altı qəpik) olan dəftərxana ləvazimatlarını satmışdır. Həmin müqavilənin 2-ci maddəsinin 2.4-cü bəndində "malalan"ın, yəni cavabdehin malları aldıqdan sonra 30 gün ərzində malların dəyərini təşkil edən məbləği "malverən"in, yəni iddiaçının hesabına köçürməyi öhdəlik olaraq müəyyən edilsə də, cavabdeh uzun müddət keçməsinə baxmayaraq, həmin öhdəliyini yerinə yetirmir. Belə ki, göstərilən müqaviləyə uyğun olaraq mallar XXX tərəfindən "xxxx" MMC-yə 08.01.2021-ci il tarixli, seriya: EBAV, № 904870 elektron qaimə və 001 №-li hesab-fakturaya əsasən təhvil verilmişdir. Malların verilməsindən xeyli müddət keçmiş, cavabdehdən ödəmə öhdəliyini yerinə yetirməsi dəfələrlə xahiş edilmişdir. O, hər dəfə qısa zamanda malların dəyərini ödəyəcəyini bildirsə də, ödəmə təmin olunmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Malverən qismində XXX ilə malalan qismində Cavabdeh MMC arasında 21.12.2020-ci il tarixdə 17 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "Malverən" müqavilədə göstərilən qaydada və şərtlərlə "Malalan"a dəftərxana ləvazimatlarını, oyuncaqları və digər malları satır və "Malalan" öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən "Malverənə" ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən tələb olunan malların xüsusiyyətləri (ölçü, miqdarı və s.) "Tərəflər" arasında əvvəlcədən razılaşdırılır. Müqavilənin 2.2-ci bəndinə əsasən satılan mallar "Tərəflər" arasında imzalanmış təhvil-təslim aktı və elektron-qaimə əsasında təhvil verilir. Müqavilənin 2.4-cü bəndinə əsasən "Malalan" malları aldıqdan sonra 30 gün ərzində malın dəyərini təşkil edən məbləği "Malverən"in hesabına köçürməyi öhdəsinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən görülən işin qiyməti elektron - qaiməyə və ya çatdırma vərəqinə əsasən razılaşdırılır. - 08.01.2021-ci il tarixli, EBAV seriyalı, 904870 nömrəli elektron qaimədən müəyyən edilir ki, XXX tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16854,46 manat təşkil edir. - İddiaçı firması tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 08 yanvar 2021-ci il tarixli, 001 nömrəli hesab-fakturadan görünür ki, malverən tərəfindən malalana verilmiş malların ümumilikdə məbləği 16854,46 (14283,44 manat əsas + 2571,02 ƏDV) manat təşkil edir. - İddiaçı firması tərəfindən 12.08.2021-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək 10 (on) gün müddətində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş 16854,46 manat (on altı min səkkiz yüz əlli dörd manat qırx altı qəpik) borcu yaranmışdır. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş elektron qaimə və hesab faktura ilə təsdiq olunur. İddia tələbini cavabdehdən 16854,46 (on altı min səkkiz yüz əlli dörd manat qırx altı qəpik) manat məbləğində borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 16854,46 manat (on altı min səkkiz yüz əlli dörd manat qırx altı qəpik) məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 141 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 16854,46 manat (on altı min səkkiz yüz əlli dörd manat qırx altı qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (yüz qırx bir) manat olmaqla, cəmi 16995,46 manat (on altı min doqquz yüz doxsan beş manat qırx altı qəpik) məbləğində pul tutularaq İddiaçı firmasına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar