Məhkəmə qərarları › İş №e-2-2(113)-5099/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5099/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5099/2024 22.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 20.000 manat məbləğində pulun və 395 (üç yüz doxsan beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında AZ- 014-2022 nömrəli, 04 iyul 2022-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, bu müqavilənin mövzusu malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəİindən isə həmin malların qəbul edilərək müəyyən haqq müqabilində satıcıya ödənilməsidir. İddiaçı müqavilədən irəli gələn öhdəliklərini vaxtında, tam həcmdə, qüsursuz və müqavilədə göstərilən qaydada yerinə yetirərək malları təhvil versə də, alıcı öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və qəbul etdiyi malların ödənişini həyata keçirməkdən imtina edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin mövzusu müqaviləyə əlavə ediləcək razılaşmalarda əks etdiriləcək maşınların quraşdırılması və bərpasına istifadə olunan alətləri, elektrik alətləri, xırdavat və s., eləcə də tikintidə istifadə olunan alət və xırdavat malların Satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malların qəbul edilərək haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

12. Alqı-satqı müqaviləsinin xx.xx.2022-ci il tarixli X1 ilə, tərəflər malların 105.000 manat dəyərində olmasına dair razılığa gəlmişlər.

13. Müqavilə və X1 hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, "xxxx" X2 üzərinə düşür.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCD seriyalı, 003519 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 105.000 manat olan elektron qaimə göndərilmişdir.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdeh tərəfindən iddia ərizəsi ilə Məhkəməyə müraciət etdikdən sonra müəyyən ödənişlər edildiyini və 20.000 manat borcun qaldığını bildirmişdir.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, EBCD seriyalı, 003519 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 15.000 manat, xx.xx.2024-cü il tarixdə 50.000 manat, xx.xx.2024-cü il tarixdə 7.033,90 manat, ümumilikdə elektron qaimə üzrə əsas borcdan 72.033,9 manat məbləğində ödəniş edilmişdir.

19. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlərdən məlum olur ki, cavabdeh tərəfindən EBCD seriyalı, 003519 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən ƏDV borcu üzrə 9.000 manat, 1.266,1 manat, 2.700 manat, ümumilikdə 12.966,10 manat ödəniş edilmişdir.

20. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona göndərilmiş elektron qaimə üzrə ödənişlər etməklə, qaimədə göstərilmiş malların ona verildiyini qəbul etmişdir.

21. Ona görə də, cavabdehin alınmış malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

22. Göründüyü kimi, cavabdeh tərəf verilmiş olan 105.000 manat dəyərində olan mallara görə cəmi ƏDV daxil 85.000 (72.033,9+12.966,10) manat ödəniş etmiş və 20.000 borcu qalmışdır.

23. Ona görə də, Məhkəmə hesab edir ki, 20.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödəniməlidir.

24. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 395 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.

25. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 395 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.

26. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 395 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 395 (üç yüz doxsan beş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar