Məhkəmə qərarları › İş №e-2-2(113)-5100/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5100/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5100/2024 31.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1 ve Medikal Ürünleri Ticaret Limited Şirketi”nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, illik beş faiz) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketinin Cavabdeh MMC-yə qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 noyabr 2016-cı il tarixli malların alğısatqısına dair müqaviləyə əsasən 112202,50 ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə), o cümlədən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 % olmaqla 5610,10 ABŞ dolları, məhkəmə xərcləri ilə bağlı 670 manat, vəkilə ödənilmiş xidmət haqqı 300 manat, dövlət rüsumu 492 manat olmaqla ümumilikdə 117812,60 ABŞ dollarının (ödəniş gününün məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 1462 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 noyabr 2016-cı il tarixdə malların alğı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bundan sonra “mal” adlandırılacaq məhsulunu göstərilmiş miqdarda və çeşiddə istehsal etməyi və satmağı öz öhdəsinə götürmüşdür. 1.2-ci bəndə əsasən Satıcı tərəfindən göndərilən malın satılma müddəti onların satışa qoyulduğu gündən 3 ay müddətinə təyin olunur. Müqavilənin 2.1-ci bnədinə əsasən Malı miqdarı və çeşidi satıcı və alıcı tərəfindən sonuncunun sifarişləri əsasında başa düşülür və tərtib olunur. Müqavilənin 3.1-ci bəndinə əsasən satış üçün malların təhvil verilməsi və təhvil alınması tərəflər arasında şərtləşdirilmiş qiymətlər üzrə həyata keçiriləcəkdir. 3.2-ci bəndə əsasən Müqavilənin ümumu qiyməti 300000 ABŞ dollarından ibarətdir. Müqavilənin 4.1-ci bəndinə əsasən Bu müqavilə üzrə ödəniş müqavilədə göstərilmiş rekvizitlər üzrə satıcının valyuta hesabına pul köçürülməsi yolu ilə ABŞ dolları ilə həyata keçirilir. Tərəflər arasında hesablaşma əvvəlcədən pul köçürülmə yolu ilə və ya məhsulun gəlirinin hesablanması vaxtında DGD-nin tərtib edilmə vaxtından 70 gündən gec olmayaraq satıcının valyuta hesabına banka köçürülməsi ilə həyata keçirlir. Müqavilənin 5.1-ci bəndinə əsasən mal yerlərin sayına görə fakturaya əsasən satıcı tərəfindən təhvili aparılmış və alıcı tərəfindən qəbul edilmiş hesab edilir. Beləliklə qeyd olunan müqaviləyə uyğun olaraq alıcının sifarişinə əsasən Satıcı tərəfindən 294724,10 ABŞ dolları məbləğində Mallar alıcıya təhvil verilmişdir ki, həmin malların təhvil verilməsinə dair fakturalar, gömrük bəyannamələri və tərəflər arasında yazışmalar mövcuddur. Lakin Alıcı (cavabdeh) tərəfindən alınmış mallara görə 182521,60 ABŞ dolları bank hesabına köçürülsə də, Alıcının Satıcıya 112202,50 ABŞ dolları məbləğində borcu qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə uyğun olaraq, o cümlədən xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinə və fakturaya əsasən 13591.60 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinə və fakturaya əsasən 21641,20 ABŞ dolları, xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinə və fakturaya əsasən 17045 ABŞ dolları, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə və fakturaya əsasən 36189,20 ABŞ dolları, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə və fakturaya əsasən 34725,40 ABŞ dolları, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə və fakturaya əsasən 24116 ABŞ dolları, xx.xx.2019-cu il tarixli gömrük bəyannamə - digər sənədlərə əsasən 34492,40 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannaməyə əsasən 42761.30 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannaməyə əsasən 37333 ABŞ dolları, xx.xx.2020-ci il tarixli bəyannamə və fakturaya əsasən 32829 ABŞ dolları olmaqla ümumilikdə 294724,10 ABŞ dolları məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh də həmin malları aldığına görə iddiaçının bank hesabına 182521,60 ABŞ dolları ödəniş etmişdir. Belə ki, Türkiyə Respublikası Ziraat Bankasından əldə edilmiş iddiaçıya məxsus bank çıxarışlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının bank hesabına xx.xx.2018-ci il tarixdə 13591,60 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 17045 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 11200 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 7400 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 20000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 8390 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 3700ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 2660 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 4350 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 7640 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 7000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 8165 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 9400 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 6000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 6000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 4980 ABŞ dolları olmaqla ümumilikdə 182521,60 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Beləliklə qeyd olunan müqavilədən, malların satılmasına, təhvil verilməsinə dair sənədlərdən və cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürülmüş ödənişlərə dair çıxarışlardan görünür ki, iddiaçı tərəfindən müqavilədə göstərilən öhdəliyi üzrə mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə mallar qəbul edilsə də, ödənişlərə dair götürülmüş öhdəlik tam olaraq yerinə yetirilməmişdir. Ona görə də cavabdehin iddiaçıya 112202,50 ABŞ dollarıməbləğində borcu qalımışdır. İddiaçı satılmış malların pulunun ödənilməsinə dair dəfələrlə cavabdehlə danışıqlar aparmış, lakin cavabdeh hər dəfəsində gah pandemiya səbəbindən, gah da maddi sıxıntıları səbəbindən aldığı mallara görə borcunu ödəyə bilmədiyini bildirmiş və borclarını ödəyə bilməsi üçün ona vaxt verməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı cavabdehlə arasındaki etibarlı münasibətə görə ona vaxt versə də, keçən müddət ərzində cavabdeh tərəfindən ödənilməli borc məbləği ödənilməmişdir. iddiaçı xarici hüquqi şəxs olduğundan və Azərbayan Respublikasında qeydiyyatdan keçmədiyinə görə cavabdehə online kargüzarlıq vasitəsi ilə xəbərdarlıq və ya digər məktubları göndərə bilmirlər. Ona görə də iddiaçı tərəfindən məktublar cavabdehə rəsmi poçt və e-mail ilə göndərilir. Beləliklə qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında bağlanmış 20 noyabr 2016-cı il tarixli malların alğısatqısına dair müqaviləyə əsasən 112202,50 ABŞ dolları, o cümlədən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 % olmaqla 5610,10 ABŞ dolları(axrıncı ödəniş 2021-ci il olduğundan 3 illik 5%-dən =112202,50 x 5:100=5610,10), məhkəmə xərcləri ilə bağlı 670 manat sənədlərin tərcüməsi üçün, vəkilə ödənilmiş xidmət haqqı 300 manat, dövlət rüsumu 492 manat olmaqla ümumilikdə 117812,60 ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq azərbaycan manatı ilə) və 1462 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Beynəlxalq xüsusi hüquq haqqında Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığıvə ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. X2 İkinci ayırım, Zamanaşımı, A. Süreler, İ. On yıllık zamanaşımı, 146-cı maddesine esasen kanunda aksine bir hüküm bulunmadıkça, her alacak on yıllık zamanaşımına tabidir (iddia müddəti on ildir). Bundan başqa bildirir ki, iddiaçı həm Azərbaycan, həm də Türkiyə qanunvericiliyinə müvafiq olaraq iddia müddətlərini ötürmədən hazırki iddianı qaldırmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 443.1, 443.2, 443,4, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən ümumilikdə 294724,10 ABŞ dolları məbləğində mallar cavabdehə təhvil verilməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən 182521,60 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Malları vermək iddiaçının öhdəliyi olmuşdur. Artıq cavabdehin təqdim edilmiş malları kiməsə satıb və ya sata bilməməsi iddiaçının problemi deyildir. İddiaçı tərəfindən mallar 2018-ci ildən 10 iyul 2020-ci ilə kimi hissə-hissə olmaqla cavabdehə təhvil verilmişdir. Mallar təhvil verildikcə cavabdeh 70 gün ərzində ödənişləri etməl idi. İddiaçı malları çıxartdığı və gömrükdə bəyan etmədiyinə görə də hazırda Türkiyə Respublikasında vergi orqanı ilə problem yaşayır və məhkəmədə proses getməkdədir. Müqavilə müddəti 2019-cu ildə bitməsinə baxmayaraq tərəflər arasında münasibətlər davam etmişdir. Cavabdeh tərəfindən ən son ödəniş 18 may 2021-ci ildə edilmişdir. Cavabdeh 112000 ABŞ dolları məbləğ həcmində mal aldığını qəbul edir, lakin 50000 məbləği nağd formada verdiyini və geridə qalan 60000 ABŞ dolları malın gəlib aparılması barədə iddia tərəfə müraciət etmişdir. Onlar elektron sistemə tərəflər arasındakı yazışmaları da əlavə etmişdir. Halbuki tərəflər arasındakı yazışmalarda cavabdeh tərəfindən qeyd edilən hala dair məlumata rast gəlinmir. Tərəf hər dəfəsində üzrlü səbəbləri əsas gətirərək ödəmələri gecikdirdiyini bildirmişdir. Həmçinin nağd formada ödənişlərin olunması ilə bağlı da qarşı tərəfin əlində əsaslı sübutu yoxdur. Çünki qanunvericiliyə əsasən hər bir kəs öz tələb və etirazının əsaslarını sübut etməlkidir. İddiaçı öz tələbinin əsasını sübut edən müqaviləni və bankdan çıxarışları e-sistemə əlavə etmişdir. Lakin tərəf iddia tələbinin əsasını təşkil edən borc məbləğini mübahisələndirərək ödəməkdən boyun qaçırdır. Gecikmələrə görə tələb edilən məbləğ isə məqbuldur. Çünki ödənişlərin vaxtından kifayət qədər vaxt keçmiş və faizlərin istənilməsində tərəf haqlıdır. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən tələb olununan 112000 ABŞ dolları məbləğində mallar ona təqdim edilmişdir. O, 52000 ABŞ dolları məbləği keçən il nağd formada iddiaçı tərəfə ödəmiş, qalan 60000 ABŞ dolları məbləğində mal isə hazırda onun anbarındadır. Ödənilməmiş məbləği o, hissə-hissə ödəməyə hazırdır. Lakin 52000 ABŞ dolları məbləğin ödənilməsi ilə bağlı sübutu yoxdur. Onların şirkətində menecer işləyən Asif adlı şəxs ödənişlərin edilməsini məhkəmə iclasına gəlib təsdiqləyə bilər, lakin hazırda həmin şəxs ölkədə yoxdur. Sonda o, iddia tələbinin qismən təmin edilməsinə etiraz etməmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi (Satıcı) və Cavabdeh MMC (“Alıcı”) arasında imzalanmış 20 noyabr 2016-cı il tarixli 03 nömrəli müqavilədən görünür ki, Satıcı bundan sonra mal adlandırılacaq məhsulunu göstərilmiş miqdarda və çeşiddə istehsal etməyi və satmağı öz öhdəliyinə alır. Müqavilənin 1.2-ci bəndin əsasən Satıcı tərəfindən göndərilə malın satılmas müddəti onların satışa qoyulduğu gündən üç ay müddətinə təyin olunur. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 300000 ABŞ dollarından ibarətdir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəniş müqavilədə göstərilmiş rekvizitlər üzrə satıcının valyuta hesabına pul köçürməsi ilə yolu ilə ABŞ dolları ilə həyata keçirilir. Tərəflər arasında hesablaşma əvvəlcədən pul köçürmə yolu ilı və ya məhsulun gəlirinin hesablanması vaxtında DGD-nin tərtib edilmə vaxtından 70 gündən gec olmayaraq satıcının valyuta hesabına banka köçürülməsi ilə həyata keçirilir. Satıcının bankdakı xərcləri satıcıya, alıcınınki isə alıcıya aiddir. Müqavilənin 10-cu maddəsinə əsasən müqavilənin etibarlılıq müddəti onun tərəflərə imzalandığı gündən müəyyən edilir və xx.xx.2019-cu il tarixli daxil olmaqla etibarlıdır. 19341200EX240824 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 10 ədəd; 6-cı bəndində konteynerlərin sayı 276 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 24116 ABŞ dollar qeyd edilmişdir. 20341200EX046092 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 14 ədəd; 6-cı bəndində konteynerlərin sayı 374 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 958 ABŞ dollar qeyd edilmişdir. 20341200EX350415 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 17 ədəd; 6-cı bəndində konteynerlərin sayı 425 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 37333 ABŞ dollar qeyd edilmişdir. 20341200EX190864 saylı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 15 ədəd; 6-cı bəndində konteynerlərin sayı 349 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 958 ABŞ dollar qeyd edilmişdir. 18341200EX428604 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 11 ədəd; 6-cı bəndində konteynerlərin sayı 294 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 17045 ABŞ dollar qeyd edilmişdir. 19241200EX159552 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 14 ədəd; 6-cı bəndində konteynerlərin sayı 412 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 34725 ABŞ dollar qeyd edilmişdir. 18341200EX265609 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 7 ədəd; 6-cı bəndində konteynerlərin sayı 187 ədəd; 8ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 13591,60 ABŞ dollar qeyd edilmişdir. 19341200EX062652 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 15 ədəd; 6-cı bəndində konteynerlərin sayı 464 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 36189,20 ABŞ dollar qeyd edilmişdir. 18341200EX374664 saylı xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 13 ədəd; 6-cı bəndində konteynerlərin sayı 276 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 21641,20 ABŞ dollar qeyd edilmişdir. 19341200EX364068 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 2-ci bəndində yük göndərən/İxraççı “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi qeyd edilmiş; 5-ci bəndində yük miqdarı 15 ədəd; 6-cı bəndində konteynerlərin sayı 243 ədəd; 8-ci bəndində Məhsulu təhvil götürən/İdxalçı Cavabdeh MMC qeyd edilmiş; 17-ci bəndində yükün təhvil veriləcəyi ölkə Azərbaycan qeyd edilmiş; 22-ci bəndində valyuta və ümumi faktura məbləği 34492 ABŞ dollar qeyd edilmişdir. BG773727 serialı xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi tərəfindən dəyəri 34492,40 ABŞ dolları olan müxtəlif adda, markada və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. BG773689 serialı xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi tərəfindən dəyəri 36189,20 ABŞ dolları olan müxtəlif adda, markada və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. BG773696 serialı xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi tərəfindən dəyəri 17045 ABŞ dolları olan müxtəlif adda, markada və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. BG773696 serialı xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi tərəfindən dəyəri 34725,40 ABŞ dolları olan müxtəlif adda, markada və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. BG773662 serialı xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi tərəfindən dəyəri 13591,60 ABŞ dolları olan müxtəlif adda, markada və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. BG773723 serialı xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi tərəfindən dəyəri 24116 ABŞ dolları olan müxtəlif adda, markada və sayda mallar Cavabdeh MMC-yə təqdim edilmişdir. İHR**********001 saylı xx.xx.2020-ci il tarixli elektron fakturadan görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi dəyəri 32829 ABŞ dolları məbləğində olan müxtəlif adda, sayda və miqdarda mallar Cavabdeh MMC-yə göndərilmişdir. İHR**********020 saylı xx.xx.2020-ci il tarixli elektron fakturadan görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi dəyəri 37333 ABŞ dolları məbləğində olan müxtəlif adda, sayda və miqdarda mallar Cavabdeh MMC-yə göndərilmişdir. GİB**********03 saylı xx.xx.2020-ci il tarixli elektron fakturadan görünür ki, “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketi dəyəri 42761 ABŞ dolları məbləğində olan müxtəlif adda, sayda və miqdarda mallar Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2021-ci il tarixli F03539 saylı Ziraat Bank köçürmə sənədinə əsasən Cavabdeh MMC tərəfindən “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketinin bank hesabına 31 mart 2021-ci il tarixində 5000 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. xx.xx.2021-ci il tarixli F01922 saylı Ziraat Bank köçürmə sənədinə əsasən Cavabdeh MMC tərəfindən “X1 ve Medikal Ürünleri” Ticaret Limited Şirketinin bank hesabına 18 may 2021-ci il tarixində 4980 ABŞ dolları məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Vəkil tərəfindən 492 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, “X1 ve Medikal Ürünleri Ticaret Limited Şirketi”nin rəhbəri İqbal müəllimi çoxdan, Türkiyədə olarkən tanımışdır. Cavabdeh MMC-də olan Asif müəllimi uşaqlıqdan tanıyır, eyni kənddən olduqları üçün münasibətləri də yaxşı olmuşdur. 8-9 il bundan qabaq o, Türkiyədə olarkən Muhammed İqbal ona zəng edərək Asifi tanıyıb-tanımadığını soruşmuşdur. O, isə sonuncuya Asifi tanıdığını və düzgün bir insan olduğunu bildirmişdir. İqbal ona qeyd etmişdir ki, bu şəxs onlardan müəyyən həcmdə mallar və qarşılıqlı münasibətlərin qurulmasını istəyir. Daha sonra o, tərəflər arasında müqavilə bağlanıldığını eşitmişdir. Bir müddət sonra münasibətlər pozulmağa başlandıqda və ödəmələrdə gecikmələr olduqda İqbal onunla əlaqə saxlayaraq, Asiflə görüşməli olduğunu bildirmişdir. O, da Asiflə görüşmüş, ödəməmə səbəbini soruşduqda sonuncu ona bildirmişdir ki, şirkət hazırda maddi cəhətdən sıxıntıdadır və borcun tam ödənilib yekunlaşması üçün 4 ay möhlət verilməsini xahiş etmişdir. O, da İqballa danışıb vəziyyəti çatdırmış və tərəfin 4 aylıq möhlət istədiyini bildirmişdir. Türkiyədə belə bir qanun var ki, mallar satıldıqdan sonra 6 ay ərzində borc məbləği ödənilməzsə cəza hökmü olur. Ən son bu ilin yanvar ayında onun anası xəstələndiyi üçün xəstəxanada olmuş və Asiflə orada rastlaşmışdır. Asif ona bildirmişdir ki, fevral ayında ödənişlər edəcəkdir, fevral ayına kimi yenidən malların verilməsi ilə bağlı tələbini onun İqbala çatdırmasını istəmişdir. Ən axırıncı danışıqları belə olmuşdur. Bu ilin yay ayında bir toy məclisində rastlaşmışlar. Bundan başqa suallara cavab olaraq Şahid bildirmişdir ki, borcla bağlı İqbal ona demişdir ki, 112000 borc məbləği qalmışdır. İqbal yayda onunla görüşdükdə ödənişlərlə bağlı hər hansı məlumat deməmişdir. İqbal bəy Asifin borcu barədə ona 3 il qabaq məlumat vermişdir. O, yanvar ayında İqbal bəyə Asifin dediklərini çatdırdıqda İqbal bəy razılaşmamış, çünki bildirdi ki, borc məbləği ola-ola yendiən necə mal təhvil verə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.9-cu maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olması, müqavilə ilə şərtləşdirilmiş qaydada iddiaçı tərəfindən malların cavabdehə çatdırılması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. İddiaçı tərəfindən malların cavabdehə təhvil verməsi iş materiallarına əlavə edilmiş sübutlarla (gömrük bəyannamələri, təhvil-təslim aktları, elektron fakturalar və s.), həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirərək faktiki olaraq 52000 ABŞ dolları məbləğin onun əməkdaşı tərəfindən iddiaçıya əlbəəl təqdim edildiyini, onun borcunun 112202,50 ABŞ dolları deyil, 60000 ABŞ dolları olduğunu qeyd etmişdir. Lakin cavabdeh 52000 ABŞ dolları məbləğin iddiaçıya əlbəəl ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək aldığı 112202,50 ABŞ dolları dəyərində malın pulunu ödəmədiyini, belə olan halda isə iddiaçının satdığı malın ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 112202,50 ABŞ dolları borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 5610,10 ABŞ dollarının da cavabdehdən tutulmasını tələb etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə təqdim edilmiş mallarla bağlı məhsulun gəlirinin hesablanması vaxtında DGD-nin tərtib edilmə vaxtından 70 gündən gec olmayaraq ödənişin edilməsi üçün cavabdehə elektron fakturalar təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində pretenziya məktubu ilə cavabdehə müraciət edərək 10 iş günü müddətində borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə Mülki Məcəllənin 445.9-cu maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək cavabdehdən öhdəliyin icrasını tələb etmədiyindən, xx.xx.2024-cü il tarixli pretenziya məktubunun təqdim edilməsi öhdəliyin icrası ilə bağlı ilkin tələb etmə anı kimi nəzərə alınmalı, həmçinin sonuncu elektron qaimənin təqdim edilməsindən pretenziyada göstərilən 10 gün daxil olmaqla keçən müddət, iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası üçün verilmiş əlavə vaxt hesab olunmalıdır. Buna görə də cavabdeh tərəfindən öhdəliyin gecikdirilməsi müddəti xx.xx.2024-cü il tarixli pretenziyada göstərilən 10 günün başa çatdığı 20 may 2024-cü il tarixindən hesablanmalıdır. Bu baxımdan məhkəmə 112202,50 ABŞ dolları əsas borca illik 5% ilə hesablanmış 5620,10 ABŞ dolları məbləği əsaslı hesab etmir. Çünki yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən borcun gecikdirilməsi müddəti 2024-cü ilin may ayından oktyabr ayınadək dövrü əhatə edir. Buna görə də, 112202,50 ABŞ dolları borcun 5 ay gecikdirilməsi üçün illik 5 faiz hesablamaqla (112202,50 x 5% = 5610 / 12ay = 467,51 x 5ay = 2337,55) 2337,55 ABŞ dolları məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında malların dəyəri ABŞ dolları ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və iddianın qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, 300 manat vəkil xidmət haqqı, məhkəmə xərcləri (sənədlərin tərcüməsi və təsdiqi) ilə bağlı 670 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 492 manat dövlət rüsumunun 478 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20 noyabr 2016-cı il tarixli malların alğı-satqısına dair müqaviləyə əsasən 112202,50 ABŞ dolları, pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik 5 % olmaqla 2337,55 ABŞ dolları, ümumilikdə 114540 (bir yüz on dörd min beş yüz qırx) ABŞ dolları 5 (sent) məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, həmçinin məhkəmə xərcləri ilə bağlı 670 (altı yüz yetmiş) manat, vəkilə ödənilmiş xidmət haqqı kimi 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun 478 (dörd yüz yetmiş səkkiz) manat hissəsinin əvəzi tutularaq iddiaçı “X1 ve Medikal Ürünleri Ticaret Limited Şirketi”nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar