Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(113)-5100/2025 05.03.2026 BAKI KOMMERSIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, hüquqi şəxsin öz işçisi tərəfindən törədilmiş delikt üçün məsuliyyəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh cavabdeh1 iştirakları ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “xxxx” SŞ ASC) cavabdehlər cavabdeh1 və cavabdeh2 (bundan sonra cavabdeh2 MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 1857,27 manat məbləğində pulun və 39 manat dövlət rüsumunun müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki 2.1. ##.##.2019-cu il tarixdə, saat 15.00-da Xırdalan şəhəri, Z.Əliyev prospekti ərazisində iddiaçıda “avtonəqliyyat vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2 MMC-yə məxsus olan və cavabdeh1 tərəfindən idarə edilən “Ford Transit” markalı **JR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Abşeron Rayon DYPŞ-in TP******* nömrəli ##.##.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən cavabdeh cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. 2.2. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 1857,27 manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar iddiaçı tərəfindən cavabdehlərə pretenziya məktubu göndərilsə də, bu günədək iddiaçıya iş üzrə hər hansı ödəniş daxil olmamışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq, cavabdehlər tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə və 1099.1-ci maddəsinə uyğun olaraq cavabdehlərdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 936.1, 1099.1, 1128-ci və s. maddələrinə istinad edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndələri X1, X3 və X2 məhkəmə iclaslarında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat (izahlar) verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər.
7. Cavabdeh cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, 2019-cu il tarixdə cavabdeh2 MMC-də sürücü işləmiş, çörəklərin paylanması ilə məşğul olmuşdur. Çörək yükləyib magistral yola çıxan zaman qarşıda olan avtomobilin qəfildən tormoz verməsi nəticəsində həmin avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı yol-patrul xidməti tərəfindən 40 manat cərimə edilmiş, adıçəkilən cəriməni 1 ay müddətində ödəmişdir. Dəymiş zərər yüksək qiymətləndirilmişdir. Bu səbəbdən iddia tələbindəki məbləğ cavabdeh2 MMC-dən tutulmalıdır.
8. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdeh cavabdeh2 MMC-nin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında iştirakı etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı tərəfindən “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı qismində “xxxx” Şirkəti çıxış etməklə avtomobillərin kompleks sığortası üzrə tam sığortalanmış, ##.##.2019-cu il tarixdə “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh2 MMC-nin mülkiyyətində olan, yol vərəqəsi əsasında cavabdeh1 idarə etdiyi “Ford Transit” markalı **JR*** do vlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. cavabdeh1 barəsində ##.##.2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən təqsirli şəxs kimi “Ford Transit” markalı **JR*** do vlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü cavabdeh1, zərər vurulan nəqliyyat vasitəsi kimi isə “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tanınmışdır. Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1857,27 manat qiymətləndirilmiş, 1857,27 manat sığorta ödənişi ##.##.2019-cu il tarixlı sığorta aktına əsasən ##.##.2019-cu il tarixdə iddiaçı tərəfindən təmir müəssisəsinin hesabına köçürülmüşdür.
13. İddiaçı “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üçün ödənilmiş 1857,27 manat məbləğində pulun cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında tutulmasını tələb edir.
14. Cavabdeh cavabdeh1 hadisə zamanı yol vərəqəsi əsasında çörək payladığını, dəymiş zərərin yüksək qiymətləndirildiyini bildirərək pul məbləğinin digər cavabdehdən tutulmasını tələb edir.
15. Cavabdeh cavabdeh2 MMC hazırkı mübahisəyə prosessual maraq göstərmir.
16. Məhkəmə mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir.
17. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
20. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir.
21. Bu mənada subroqasiya qaydasında pulun tutulması tələblərində hər bir halda zərərvuranla zərərçəkən arasında yaranmış öhdəliyin xarakteri qiymətləndirilməli, sığortaçının həmin münasibətlərdə zərərçəkəni əvəz etdiyi diqqətə alınmalıdır.
22. Məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyətin Mülki Məcəllənin 1099-cu maddəsi və ya 1108-ci maddəsi ilə təsbit edilmiş qaydada ödənilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir.
23. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
24. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər ... nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.
26. Hazırkı iş üzrə cavabdeh1 cavabdeh cavabdeh2 MMC-nin yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə edən sürücüsü olmuş, vərəqə əsasında nəqliyyat vasitəsini idarə etmiş və sürücü bilavasitə vəzifə funksiyalarını həyata keçirərkən müvafiq yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərər xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulduğundan zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət Mülki Məcəllənin 1096 və 1099-cu maddələrinə əsasən müəyyən edilməlidir.
27. Bu baxımdan məhkəmə hesab edir ki, “Ford Transit” markalı **JR*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü və faktiki olaraq işəgötürəni iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.
28. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı iş üzrə Mülki Məcəllənin 936-cı maddəsində göstərilən əsaslar mövcuddur və iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edə bilər.
29. Məhkəmə dəymiş zərərə münasibətdə göstərir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli LP-***/**** nömrəli rəyinə əsasən, “Ford Courier” markalı **AV*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1335 manat müəyyən edilmişdir. İddiaçı qeyd olunan rəyə etiraz etməmiş, cavabdeh cavabdeh1 rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmiş, digər cavabdeh isə rəyi mübahisələndirməmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, zərər məbləği 1335 manat müəyyən olunmalıdır.
30. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərdən subroqasiya qaydasında tutulmalı məbləğ 1335 manat təşkil edir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada 1335 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
32. İddiaçı eləcə də ödənilmiş 39 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən ********** nömrəli qəbzə əsasən 39 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
34. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən görünür ki, ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 300 manat təşkil edir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
39. Göstərilənlərə əsasən və zərərin məbləğini cavabdehin mübahisələndirdiyini, cavabdehlərin məhkəməyə qədər həlli qaydalarını pozularaq iddiaçının tələbini cavabsız qoyduğunu nəzərə alan məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə, ekspertiza xərci olaraq 300 manat cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 1335 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 manat cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Ekspertiza xərci olaraq 300 manat cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – 1403383601, “xxxx” ASC Yasamal filialı, VÖEN – 9900006111, M/h: AZ02NABZ01350100000000022944, kodu: 512565, SWİFT BIC: AZRT AZ N, H/h: AZ30AZRT40060019440019299007) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova